Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2993/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: X13, Cavabdeh: Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili: X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsə kimi tanınması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydin və çıxarışın ləğv edilməsi, mirasda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh S.Q.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvanındakı 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evinə dair Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 07.12.2010-cu il tarixli, 2V/93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və daşınmaz əmlakın dövlət reyestrindən 13.01.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun 10 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (üçüncü şəxslər – Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvanındakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evinə dair Sumqayıt şəhər Dövlət Notariat Kontoru tərəfindən cavabdehlərə və X2 verilmiş 07 dekabr 2010-cu il tarixli, 2V/93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçının qanun üzrə vərəsə kimi tanınması, vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydin, dövlət reyestrindən 13.01.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, qanun üzrə vərəsələrin mirasda olan payların müəyyən edilməsi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvandakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evi "bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” 02.09.1990-cı il tarixli, 262 nömrəli müqavilə əsasında onun atası X9 qanuni istifadəsində olmuşdur. Onun anası X5 və qardaşı Cavabdeh2 atasının sağlığında onunla birgə yuxarıda qeyd olunan daşınmaz əmlakdan istifadə etmişlər. Atası Q.Ağayev 02.05.2002-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Atası sağ ikən ona ayırdığı bağ torpaq sahəsinin bir hissəsi onun sahibliyindədir və bugünkü gündə o, həmin bağdan istifadə edir. Atasının ölümündən 8 il 7 ay keçdikdən sonra 07.12.2010-cu il tarixdə Masallı rayonu, Səmidxan kəndində yaşayan bacısı Cavabdeh1 təkidi ilə anası G.Ağayeva və qardaşı İddiaçı ünvan 2 ərizə ilə müraciət edərək onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişlər. Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə onlar bilərəkdən miras qalmış əmlakdan qanunla olaraq düşən payları artırmaq məqsədi ilə başqa birinci növbəli vərəsələrin olması barədə məlumatı gizlətmişlər. Bacısı Cavabdeh1 guya anasının savadsız olduğunu notariusa bildirərək onun adından verilən ərizəni özü imza etmişdir. Ərizələr notariat kontoruna təqdim olunan zaman anası ağır yataq xəstəsi olmuş və bu səbəbdən də, onun notariat kontoruna gedib şəxsən ərizə ilə müraciət etməsi mümkün deyildi. Anası G.Ağayeva 24.04.2011-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərlə soyuq münasibətləri olduğu üçün, o atasının ölümündən sonra bağ torpaq sahəsinin və orada olan bağ evinin onlar tərəfindən mərhum atasının adına özəlləşdirərək miras qalmış əmlakı qəbul edərək aralarında bölüşdürülməsindən DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 2020-ci ilin noyabr ayında müraciət etdikdə xəbər tutmuşdur. O mərhum atasının sağlığında və ölümündən sonra o bağa faktiki sahiblik və ondan istifadə etməklə mirası qəbul etmişdir. Mirası faktiki qəbul etdiyinə baxmayaraq, atasından miras qalmış daşınmaz əmlakı adına rəsmiləşdirə bilmir. Çünki, cavabdehlər ünvan 2 ünvanlanmış ərizələrdə onun barəsində bilərəkdən yalnış məlumat verməklə mövcud olmağını gizlətmiş və bu üsulla da, 07.12.2010-cu il tarixli, 2V/93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etmişlər. Tərəfindən faktiki qəbul edilmiş və sahibliyində olan miras qeyd edilən vərəsəlik şəhadətnaməyə əsasən 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə G.Ağayevanın, 1/3 hissədə İddiaçı adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin halları araşdırılmamışdır. İddiaçının iddiası tamamilə əsassızdır. İddiaçı sözügedən ünvanda heç bir vaxt yaşamamışdır. Onun yaşadığı həyət və evlərin mübahisəli sahəyə heç bir aidiyyəti yoxdur. Atası sağ ikən o, bağ torpaq sahəsində yaşamamış, həmin sahədən istifadə etməmişdir. Hazırda da həmin bağdan istifadə etmir. Onun istifadə etdiyi sahənin mübahisəli sahəyə aidiyyəti yoxdur. Ümumiyyətlə iddiaçı miras əmlakı rəsmi qəbul etmək üçün də notariat kontoruna ərizə təqdim etməmişdir. İddiaçı heç vaxt mərhum atalarının saglıgında və ölümündən sonra, o, baga faktiki sahiblik etməmiş, həmin bağ sahəsində istifadə etmədiyi üçün mirası qəbul etməmişdir. İddiaçı bağ sahəsindən içəri keçməmiş və qeyd etdiyi bir otaqda yaşamamışdır. Məhkəmə iddiaçının guya orada yaşamasını əsas götürüb, həmin miras əmlakın qəbul etməsi üçün əsas haldır. İddiaçı özü anasının və atasının vəfatından məlumatlı idi. Həimn vaxtdan miras əmlakı qəbul etmək üçün notariat kontoruna ərizə verməli idi. Lakin 10 il ərzində iddiaçı mirası qəbul etməmiş və qəbul edilməsi üçün hər hansı bir prosedura əməl etməmişdir. Məhkəmə tərəfindən qanunvericiliyə düzgün əməl edilməmiş, maddi və prosessual hüququ normaları düzgün tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik aktları düzgün tövsüf edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1, nümayəndəsi və vəkili V.Ə.Tumasov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı və vəkili V.Ə.Əliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdeh İddiaçı, üçüncü şəxs Sumqayıt şəhər 2 saylı DNK-nun və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçı tərəfindən miras qalmış əmlakın faktiki qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1962-ci ildə anadan olmuş, hazırda Masallı rayonu Səmidxan kəndində qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1975-ci ildə anadan olmuş, hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. 2v-93 saylı X9 vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 02.05.2002-ci ildə vəfat etmiş X7 miras qalmış əmlak Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvandakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evindən ibarətdir. Notariat işində olan ərizələrdə Güllübəyim Ağayeva, Cavabdeh1 və Rəşad X6 miras əmlak üzərində paylarının müəyyən edilməsini xahiş etmişlər. G.Ağayevanın adından ərizəni Cavabdeh1 imzalamışdır. Sumnqayıt şəhəri 2 saylı dövlət Notariat Kontorunun notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvandakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evindən (bundan sonra – mübahisəli fərdi yaşayış evi) Cavabdeh1 1/3 hissədə, G.Ağayeva 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə pay almalıdırlar. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 5 ünvanladığı 24 noyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt XDS İcariyyə Komitəsinin nəzdində olan bağ təsərrüfatı idarəsinin verdiyi “bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə” 02.09.1990-cı il tarixli, 262 nömrəli müqavilə əsasında Q.Ağayevin adına verilmiş mübahisəli fərdi yaşayış evi Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 07.12.2010-cu il tarixli, 2V/93 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə G.Ağayevanın, 1/3 hissədə İddiaçı adına olmaqla paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 13.01.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan 174209 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, G.Ağayeva 27.04.2011-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır(1146). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər(övladlığa götürənlər) (1159.1.1.). İşdən göründüyü kimi, mübahisəli bağ evi iddiaçının və cavabdehlərin atası Q.Ağayevə məxsus olmuş və Q.Ağayev 02.05.2002-ci ildə vəfat etmişdir. 2010-cu ildə isə cavabdehlər və Güllübəyim Ağayeva notariat orqanına müraciət edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almış və həmin vərəsəlik şəhadətnaməsi əsasında onlara miras əmlak üzərində hər birinin payları 1/3 hissədə müəyyən olunmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı məhkəməyə ona atasından qalan miras əmlakdan vərəsəlik şəhadətnaməsi alınarkən heç bir məlumat verilmədiyini və faktiki olaraq miras əmlakdan məhrum edildiyini bildirməsi barədə verdiyi izahata tənqidi yanaşır. İş materialları ilə müəyyən edilir ki, miras qoyan Q.İddiaçı 02 may 2002-ci ildə ölmüşdür. İddiaçı, miras qoyan Q.İddiaçı ölümündən sonra iddiaçı ondan qalan miras əmlakı idarə etməmiş, ona sahiblik etməmiş və 6 ay ərzində mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı istifadə etdiyi torpaq mübahisə olunan 0,12 ha torpaq deyil, onun yanında yerləşən 0,04 ha torpaq sahəsindən istifadə edir. Miras qalan əmlakdan Cavabdeh1 ailəsi ilə birlikdə 2011-ci ildən istifadə edir. Beləliklə, iddiaçı nə mirası qanuni olaraq ərizə verməklə, nə də faktiki sahiblik etməklə qəbul etməmişdir. Məhkəmə prosesi zamanı İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin 10 il ərzində hansı üzrlü səbəbdən baş verməsini göstərə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsi müəyyən edilir ki, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsi müəyyən edir ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmaga qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına bağlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki. Mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246 maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya edilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə prosesi zamanı müəyyən olundu ki, İddiaçı atasından qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması barədə heç bir ərizə ilə müraciət etməmişdir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək prosessual normanı pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 24 iyun 2021-ci il tarixli 2(060)-3950/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsə kimi tanınması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydin və çıxarışın ləğv edilməsi, mirasda payların müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2993/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2993/2021
15.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver