Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3002/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı1 və nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-4994/2021 saylı qərardadından İddiaçı1 verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-4994/2021 saylı qərardadı ilə (hakim R.N.Qoşqarlı) İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə tələbinə darir mülki iş üzrə İddiaçı1 iddianı təmini tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı1 şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-4994/2021 saylı qərardadının ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-4994/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.04.2021-ci il tarixli etibar edən şəxs Cavabdeh1 etibar edilən şəxs Cavabdeh2 verdiyi etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianın təmin olunması tədbiri kimi hazırki mübahisə həll edilənə kimi Cavabdeh1 Azərbaycan Respublikasının Fransadakı səfirliyi vasitəsi ilə onun həqiqətən də xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş Cavabdeh1 olmasına aydınlıq gətirənə qədər həmin etibarnamədən istifadəsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı1 verdiyi şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 30 iyul 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 27 oktyabr 2020ci ildə vəfat etmiş X4 xalası oğludur və onun yeganə varisi qardaşı Cavabdeh1 ikinci növbə vərəsə kimi vərəsəlik işinin açılması, vərəsəlik şəhadətnaməsinin alınması və mirasın qəbul edilməsi üçün ona etibarnamə vermişdir. 06 may 2021-ci il tarixdə ona məlumat verilmişdir ki, Cavabdeh2 adlı şəxs Cavabdeh1 adından ona verilmiş etibarnaməni vərəsəlik işi açılmış Sumqayıt “Asan Xidmət” mərkəzinin notariat şöbəsinə təqdim etmiş və notariat şöbəsi etibarnaməni qəbul etmişdir. Ona verilmiş etibarnamə ləğv edilmədən ikinci etibarnamənin verilməsi inanılmaz olduğundan notariat kontorunda yeni etibarnamə ilə tanış olarkən onun açıq-aşkar saxta olduğunu, fotosurət əsasında təsdiqləndiyini müəyyən etmişdir. Hazırda həmin etibarnamənin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ona görə də, iddianı təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və nümayəndəsi F.C.Haqnəzərov şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Sumqayıt Regional "Asan Xidmət" Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə olunmuş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 tərəfindən onun əvəzinə «Azərbaycan Respublikası müvafiq qeydiyyat şöbələrində, bütün məhkəmə və ədliyyə orqanlarında təmsil etmək, ərizə vermək, ölüm və doğum haqqında şəhadətnamələrin dublikatlarını, «Vərəsəlik şəhadətnaməsini» onun (Cavabdeh1) adından almaq üçün digər tələb olunan sənədləri təqdim etmək məqsədi ilə sənədləşmə işlərini aparmaq, bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri icra etmək, onun əvəzindən (Cavabdeh1) ərizə vermək, Qanun üzrə «Vərəsəlik şəhadətnaməsini» almaq üçün lazımı orqanlarda imza etmək» səlahiyyətləri icra etmək üçün 12.04.2021-ci il tarixdən etibarən 2 (iki) il müddətinə Cavabdeh2 etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, etibarnamə üzrə verilən səlahiyyətlər etibarnamə verən şəxsə aid olduğu üçün Cavabdeh2 etibarnamədən istifadəyə görə qadağa qoyulması əsassızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir.Həmin normaya əsasən, bir şəxsin ücüncü şəxslər qarşısında təmsilçilik ücün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikasının Fransadakı səfirliyi vasitəsi ilə onun həqiqətən də xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Cavabdeh1 olmasına aydınlıq gətirənə qədər həmin etibarnamənin istifadəsinə qadağa qoyulması barədə iddianın təmini tədbiri barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəf şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadından ləğv edilib, iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsini sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan İddiaçı1 verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-4994/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3002/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3002/2021
08.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver