Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3008/2020 19.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-600/2020 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-600/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı, xx xxx 2020-ci il tarixli akt üzrə hesablanmış 216 manat borcun silinməsi qət edilmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Cavabdeh” X2 X5 İdarəsinin Şabran xidmət sahəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli aktının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə ona “Cavabdeh” X2 X5 İdarəsinin Şabran Xidmət Sahəsinin 01AH/03TQQ-305 saylı bildiriş-xəbərdarlığı gəlmişdir. Bildiriş-xəbərdarlıqda qeyd edilmişdir ki, ona məxsus qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilimişdir və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır, təbii qaz itkisi yarandığından itirilmiş qazın bərpasına görə 2160 m3, yəni 216 manat dəymiş ziyan hesablanmışdır. Ondan həmin cərimənin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə qaz təminatının dayandırılacağı bildirilmişdir. xx.xx.2020ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. O, həmin akta imza etməmişdir. Ona məxsus G-4 markalı, ******* nömrəli qaz sayğacına görə təxminən bir il yarım, iki il bundan əvvəl guya sayğacın plombunu qırdığına görə özünün iştirakı olmadan akt tərtib edilərək Şabran Rayon Məhkəməsinə göndərilmiş və bu barədə ünvanına Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən məktub göndərilmiş, bundan xəbəri olmasa da, göstərilən məbləği məcbur olub hissə-hissə ödəmişdi. Lakin xx.xx.2020-ci il tarixdə yenə həmin qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik-cızıq izlər olduğu barədə akt tərtib edilmişdir. O, sayğacın hesablama mexanizminin qapağının harada yerləşməsini belə bilmir. Qaz sayğacı həyətindən çöldə yerləşir, heç bir qoruyucu qutusu yoxdur. Kiminsə onun sayğacına müdaxilə edib-etməməsindən xəbəri yoxdur. Tərtib olunan aktda “Cavabdeh” İstehsalat Birliyinin 4 əməkdaşın adı, soyadı və imzası vardır. O, aktın tərtibində iştirak etməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyinin ******* saylı, xx.xx.2020-ci il tarixli aktı əsasında ona hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı əsassız mülahizələri əsasında Şabran Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış, “Cavabdeh“ İstehsalat Birliyinin təqdim etdiyi sübutlar qiymətləndirilməmişdir. “Cavabdeh“ X2 RQİİ ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında iddiaçı təbii qazdan istifadə edir. Abonent üçün G-4 markalı, Elster tipli, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğaca Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsinin işçiləri tərəfindən abonentin iştirakı ilə xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu şübhəli olduğu üçün xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə akt tərtib edilmiş, abonent heç bir irad bildirmədən aktı imzalamışdır. İTRİ-nin MSK 29/1710-00721-2 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzik-cızıq izləri olduğu barədə rəy verilmişdir. Abonent İddiaçı barəsində Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqındat xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan 2160 m3 və ya 216 manat hesablanaraq abonentin hesabına işlənilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı evinin hasarının çöl tərəfində, küçədə quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyinin 3067 saylı, xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Rzayev X3 şəhəri, Tehran küçəsində yaşayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Şabran şəhəri, Tehran küçəsində yerləşən evə quraşdırılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarılmış və yeni sayğacla əvəz olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2020ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Şabran şəhəri, 5 sotlar massivi ərazisində yerləşən evə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzidiyi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı yaşadığı Şabran şəhəri, 5 sotlar massivi ərazisində yerləşən ev üzrə (abonent kodu **********03810) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin xəbərdarlığından görünür ki, İddiaçı 216 manat məbləğində ziyanın 10 gün ərzində ödənilməsi barədə xəbərdar edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evinin hasarının çöl tərəfində, küçədə quraşdırılmışdır. “Cavabdeh” X2 X5 İdarəsinin Şabran xidmət sahəsinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğaca kənar müdaxilənin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə sayğac müvafiq laboratoriyaya göndərilmiş, baxış zamanı sayğacının hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçıya məxsus olan evin qaz sayğacı evinin hasarının çöl tərəfində, küçədə quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-600/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-3008/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3008/2020
19.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver