Məhkəmə qərarları › İş №2(105)-301/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-301/2024

17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-301/2024 17.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-6204/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 17280 m3 (2073,60 manat dəyərində) müəyyən edilmişdir.

2. xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii X1nın pozulması haqqında aktda Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanında İddiaçı adına açılmış G-4 markalı məişət qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafının zədəli olması, göstərici çarxlarının hərəkətini təmin edən ötürücü çarxların üzərində yapışqan maddə qalığının mövcud olması, sayğacın yaddaş arxivinin oxunması, sayğacda xx.xx.2021-ci və xx.xx.2022-ci illərdə ALARM-1 rejiminin aşkar olduğu qeyd edilmişdir.

3. Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-14-2-2/3-5-6634/Q002 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin 14-2-2/3-5-6634/Q002 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən xx.xx.2022-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir.

4. Cavabdeh İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanından çıxarılmış G-4 markalı, 1702AZ**********30 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafının zədəli olması, göstərici çarxlarının hərəkətini təmin edən ötürücü çarxların üzərində yapışqan maddə qalığının mövcud olması, sayğacın yaddaş arxivinin oxunması, sayğacda xx.xx.2021-ci və xx.xx.2022-ci illərdə ALARM-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 159.96 manatın ödənilməsi abonentdən tələb edilmişdir.

5. xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanında İddiaçı adına açılmış G-4 markalı, 1702AZ**********30 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********4 nömrəli sayğacla əvəzlənmişdir.

6. Abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 2073.60 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İstehsalat Birliyi tərəfindən ona məxsus **********08820 saylı abonent koduna xx.xx.2023-ci il tarixində ******* saylı təbii X1nı pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 2073,60 manat, qaz sayğacının dəyərinə görə isə 159,96 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Azəriqaz İstehsalat Birliyi» tərəfındən xx.xx.2023-cti il tarixində ******* saylı Təbii X1nın pozulması haqqında akt tərtib olunmuşdur, həmin aktda əsasən ona dəymiş zərərə görə 2073,60 manat, qaz sayğacının dəyərinə görə isə 159,96 manat borc hesablanmışdır. Hazırda cavabdeh tərəfındən akt əsasında ona hesablanmış borc ilə razı olmadığına görə həmin borcların silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bildirir ki, sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-6204/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanına (abonent kodu: **********08820) əsassız olaraq hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borcun və sayğacın dəyərinə görə tələb edilən 159,96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva)

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 2073.60 manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 159.96 manat məbləğində borc cavabdehə aid edilməklə silinməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “X1”nın 4.2, 4.8, 4.9-cu bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(028)- 272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Bundan əlavə, iddiaçının iddia ərizəsi və məhkəmə bildirişi də bizə təqdim olunmamışdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur.

14. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

15. Birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

16. Məhkəmənin diqqətinə çatdırılır ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-nin əməkdaşları Sumqayıt şəhəri, Ceyranbatan bağları 882 ünvanında yaşayan İddiaçı Nzim oğluna məxsus sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar 1702AZ**********30 nömrəli Smart tipli sayğac çıxarılmış və yeni mexaniki sayğacla əvəz edilmişdir. Çıxarılan sayğac Dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanması barədə 25 iyun 2023-cü il tarixli MSK-14-2-2/3-5-6634/Q002 saylı Aktına əsasən sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol mertrologiya plomb yuvasının ərtafının zədəli olduğu, göstərici çarxlarının hərəkətini təmin edən ötürücü çarxların üzərində yapişqan maddə qalığının mövcud olması müəyyən olundu. Sayğacınyaddaş arxivi oxundu. Sayğacda xx.xx.2021-ci ildə və xx.xx.2022-ci ildə Alarm-1 rejimi aşkar olunaraq sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bununla bağlı xx.xx.2023-cüi l tarxli, ******* nömrəli ”Təbii X1nın pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii X1nın pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən Dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Nzim oğlunun abonent bazasındakı **********08820 nömrəli abonent koduna 17280 m – 2073,60 (iki min yetmiş üç manat altmiş qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçının mübahisələndirdiyi borc itirilmiş qazın məbləğinə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

20. Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”

21. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

22. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

23. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-6204/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

35. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

38. Yuxarıda göstərilən normativ hüquqi aktların məzmunundan da göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir.

39. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür.

40. Qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz.

41. Qaz paylayıcısı zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübuta yetirdiyi halda o məsuliyyət daşıyır. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasında bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

42. Sadalanan xüsusatları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz.

43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan bağları, 882 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 2073,60 manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 159,96 manat məbləğində borcun cavabdehə aid edilməklə silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-6204/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar