Məhkəmə qərarları › İş №2(105)-3011/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3011/2020

23.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3011/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi K.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın təmin edilməsi, «Cavabdeh» İstehsalat Birliyi tərəfindən əsassız olaraq İddiaçı hesablanmış 216.00 (iki yüz on altı) manat məbləğində ziyanın silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 216.00 (iki yüz on altı) manat ziyanın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Şabran şəhəri, 5 sotlan massivində ailəsi ilə birlikdə yaşamaqla təbii qazdan istifadə edir. 2020-ci ilin mart ayında Xaçmaz RQİİ-nin işçiləri kimi özünü təqdim edən şəxslər onu evdən küçədə quraşdırılan qaz sayğacının yanına dəvət edərək, ona bildirmişdirlər ki, guya o, qaz sayğacına müdaxilə etmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq işləri vardır. O, isə onlara bildirmişdir ki, onun qaz sayğacına kimin müdaxilə etdiyindən xəbəri yoxdur. Belə ki, qaz sayğacı küçədə quraşdırılmış, eyni zamanda o, ümumiyyətlə sayğaca heç bir müdaxilə etmir, o, yalnız vaxtlı-vaxtında təqdim edilən ödəniş qəbzlərinə əsasən istifadə etdiyi qazın dəyərini ödəyir, bu zaman sayğacdakı göstəriciyə belə baxmır. Təxminən bir həftə sonra köhnə sayğacı açıb yerinə təzə sayğac bağlamışlar, bu barədə akt yazıb ona imza etdirmişlər və bildirmişlər ki, bu akt təzə sayğacın qoyulması üçündür. Ona təqdim etmişlər ki, özündə saxlasın. Qeyd edir ki, ümumiyyətlə onların ünvanında son altı ayda səbəbini belə onlara izah etmədən 3 sayğac dəyişiblər ki, onların hamısının dəyişmə aktlarını məhkəməyə təqdim etmişdir. Xaçmaz RQİİ-nin Şabran rayon üzrə nümayəndəsindən rəis müavini A.Həmidovun imzası ilə ona bildiriş xəbərdarlıqla 216.00 manat ziyan hesablanması barədə məktubu və digər əlavə edilmiş sənədlər göndərilmişdir. Belə ki, ondan 10 gün müddətində dəymiş 216.00 manat ziyanın ödənilməsi tələb edilir. Əks təqdirdə borcun ödənilməsi üçün məhkəmədə iddia qaldırılacağı bildirilir. O, həmişə qazın pulunu vaxtlı-vaxtında ödəmiş, heç vaxt sayğaca müdaxilə etməmiş, qeyd edir ki, sayğac küçədə yerləşir, ona kimin müdaxilə etməsinə o, cavabdeh ola bilməz. Xahiş edir, cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 216.00 (iki yüz on altı) manat ziyanın ləğv edilməsi barədə qətnamə çıxarılsın. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi K.M.Abdullayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. «Cavabdeh» İB-nin Xaçmaz RQİİ-nin Şabran XS-i ilə K.M.Abdullayev ilə bağlanmış «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında alqı-satqı barədə» müqavilə əsasında təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Şabran XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olduğundan çıxarılaraq növbədən kənar Dövlət yoxlamasına göndərilmiş və laboratoriyanın rəyinə əsasən İddiaçı məxsus qaz sayğacına müdaxilə olunduğu müəyyən olunmuşdur. xx xxx 2020-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 2160 kub.m və ya 216 manat həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb edilmişdir. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(031)-573/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətinin dəlillərini qəbul etməməsini, işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi K.M.Abdullayevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, işə əlavə edilmiş «Cavabdeh» İB-yi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli ******* saylı akta əsasən 2160 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. İşə əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, İddiaçı məxsus yaşayış evinə qoyulmuş qaz sayğacının hesablama mexanişminin plastmas qapağı sol tərəfdən müdaxiləyə şübhəli olduğuna görə Elster tipli G-4T markalı ******* №-li sayğac yerindən çıxarılmış və İddiaçı mənzilinə əvəzləyici sayğac quraşdırılmışdır. İşdə olan Təbii qazandan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, İddiaçı məxsus G-4 markalı ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablansın və qazın dəyəri ödənilsin. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx xxx 2020-ci il tarixli 142 saylı müqavilədən görünür ki, X3 Sahəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasın ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.8-ci maddəsinə əsasən baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra - qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.9-cu maddəsinə əsasən baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır. Həmin Qaydaların 4.4-cü maddəsinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərmək qaz paylayıcısının vəzifəsidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına 2 №-li əlavənin 2.1.10-cu və 2.1.11-ci bəndlərinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək və Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq qazpaylayıcının vəzifələridir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən və sahibi və hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı və ya onun ailə üzvlərinin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(031)- 573/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar