Məhkəmə qərarları › İş №2(105)-302/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-302/2022

17.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-302/2022 17.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-840/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-840/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı 0001 nömrəli çekin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək əsassız olaraq tərtib edilmiş guya Cavabdeh 140000 ABŞ dolları məbləğində borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı 140000 ABŞ dolları məbləğində pul tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. O da qarşılıqlı iddia və əlavə ilə müraciət edib 195000 ABŞ dolları məbləğində borc pulun və 500000 ABŞ dolları məbləğində mənəvi ziyanın Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda həmin mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırki müraciəti birbaşa olaraq cavabdehin istinad edərək ona qarşı iddia qaldırdığı saxta bonoçeklə bağlıdır. Belə ki, o, 2005-ci ildən Türkiyə Cümhuriyyəti vətəndaşı olan Cavabdeh ilə qarşılıqlı ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh İstanbul şəhərində ayaqqabı fabriki vardır və o da Cavabdeh topdan ayaqqabılar alaraq Bakı şəhərində satmaqla məşğul olmuşdur. Uzun illər Cavabdeh ilə aralarında ticarət münasibətləri olmuş və ayaqqabılar sifariş əsasında hazırlanaraq Bakı şəhərinə göndərilmişdir. Lakin ayaqqabılar göndərilərkən müəyyən hissəsi keyfiyyətsiz olmuş, həmin malların qaytarılması mümkün olmadığı üçün anbarda saxlanmış və ona külli miqdarda ziyan dəymişdir. Bir müddət sonra cavabdeh heç bir əsas olmadan ona qarşı borc tələbi iddiası ilə məhkəməyə müraciət edərək heç bir hüquqi əhəmiyyəti olmayan guya çek hesab edilən kağız parçasına əsasən ondan 140000 ABŞ dolları məbləğində pul tələb etmişdir. Halbuki o, heç bir vaxt həmin sənədi imzalamamışdır. O, Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək ona qarşı qaldırılmış iddia ərizəsində əsaslandırıcı fakt kimi təqdim edilmiş həmin “çek” adlandırılan kağız parçasını tələb etmişdir. Məhkəmə tərəfindən ona həmin sənəd verildikdən sonra isə etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, həmin qəbzin kim tərəfindən, hansı məqsəd üçün tərtib edilməsi, rekvizitlərinin nədən ibarət olması qeyd edilməmiş, heç bir iki tərəfli rəsmi sənəddə əks olunmamış və notarius tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, qəbz kimi təqdim edilmiş kağız parçasının kserosurət və ya üz köçürülməklə həyata keçirilib-keçirilməməsi də aydın deyildir. Həmçinin bu kağızın üzərində fərqli dillərdə, fərqli valyutalar göstərilmişdir. Eyni zamanda qəbzin üzərində istər yazı, istərsə də rəqəmlərə dair dəyişiklik edilməsi çox aydın hiss olunur. Məhkəməyə əsaslandırıcı və sübut xarakterli fakt kimi təqdim edilmiş sənəd əslində tamamilə saxtadır. Belə olan halda isə mütləq olaraq həmin sənədin etibarsız hesab edilməsi zərurəti vardır. Əks halda, Cavabdeh davamlı olaraq həmin “bono çek” adlandırdığı kağız parçasına əsaslanaraq ondan pul tələb etməyə davam edəcəkdir. Əslində həmin kağız parça hər hansı bir öhdəlik yaratmır. Buna baxmayaraq cavabdeh tərəf davamlı olaraq ona qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət edir və bununla da imzalamadığı sənədə dair ona öhdəliklər yaradır. Bu isə onun hüquqlarını kobud surətdə pozmaqdadır. Buna görə də hesab edir ki, guya onun Cavabdeh 140000 ABŞ dolları borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2005-ci ildən Türkiyə Cümhuriyyəti vətəndaşı olan Cavabdeh ilə qarşılıqlı ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Uzun illər Cavabdeh ilə aralarında ticarət münasibətləri olmuş və ayaqqabılar sifariş əsasında hazırlanaraq Bakı şəhərinə göndərilmişdir. Lakin ayaqqabılar göndərilərkən müəyyən hissəsi keyfiyyətsiz olmuş, həmin malların qaytarılması mümkün olmadığı üçün anbarda saxlanılmış və ona külli miqdarda ziyan dəymişdir. Lakin bir müddət sonra cavabdeh heç bir əsas olmadan ona qarşı borc tələbi iddiası ilə məhkəməyə müraciət edərək heç bir hüquqi əhəmiyyəti olmayan, guya çek hesab edilən kağız parçasına əsasən ondan 140000 ABŞ dolları məbləğində pulu tələb etməkdədir. O, heç vaxt həmin sənədi imzalamamışdır. Belə ki, həmin qəbzin kim tərəfindən, hansı məqsəd üçün tərtib edilməsi, rekvizitlərinin nədən ibarət olması qeyd edilməmiş, heç bir iki tərəfli rəsmi sənəddə əks olunmamış və notarius tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, qəbz kimi təqdim edilmiş kağız parçasının kserosurət və ya üz köçürülməklə həyata keçirilib- keçirilməməsi də aydın deyildir. Həmçinin bu kağızın üzərində fərqli dillərdə, fərqli valyutalar göstərilmişdir. Eyni zamanda qəbzin üzərində istər yazı, istərsə də rəqəmlərdə dəyişiklik edilməsi çox aydın hissə olunur. Məhkəməyə əsaslandırıcı və sübut xarakterli fakt kimi təqdim edilmiş sənəd əslində tamamilə saxtadır. Belə olan halda isə mütləq həmin sənədin etibarsız hesab edilməsi zərurəti vardır. Əks halda Cavabdeh davamlı olaraq həmin “bono çek” adlandırdığı kağız parçasına əsaslanaraq ondan pul tələb etməyə davam edəcəkdir. Əslində həmin kağız parçası hər hansı bir öhdəlik yaratmır. Buna baxmayaraq cavabdeh tərəf davamlı olaraq ona qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət edir və bununla da imzalamadığı sənədə dair ona öhdəliklər yaradır. Bu isə hüquqlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir. Onun Cavabdeh 140000 ABŞ dolları borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəy tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin ekspertiza rəyi hazırki iş üzrə qəbul edilməmişdir və məhkəmənin həmin rəyə istinad etməsi qanunsuz və əsassızdır. Rəyə görə onun adından olan 11 mart 2017-ci il tarixli, 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar guya onun tərəfindən icra olunmuşdur. Bu isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin qanunsuz və əsassız rəy qəbul edilməsinin əsas sübutudur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin notariusda təsdiq olunmamış sənədi qanuni hesab etməsi işin qaranlıq tərəfidir. Məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının rəyinə əsaslanması isə heç bir məntiqə sığmır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 0001 nömrəli, 11 mart 2017-ci il tarixdə İstanbul şəhərində tərtib edilib İddiaçı tərəfindən imzalanmış yazılı qəbzin surətindən görünür ki, İddiaçı hazırki borc kağızının müqabilində 01 may 2017-ci il tarixdə cənab Mehmet Aslana və yaxud Cavabdeh və yaxud onun etibar etdiyi şəxsə yuxarıda yazılmış 140000 ABŞ dolları pul ödəməyi öz öhdəsinə götürmüşdür, ona bu pulun əvəzinə mal verilmişdir, hazırki borc kağızı vaxtında ödənilməzsə, sonrakı kağızların da tələb olunması ilə bərabər Azərbaycan məhkəmələri və ya icra idarələri səlahiyyətlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-579/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı 140000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq Cavabdeh verilməsi, qarşılıqlı İddiaçı Cavabdeh qarşı 195000 ABŞ dolları maddi və 500000 ABŞ dolları mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(106)-3117/2019 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 2(050)-579/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsi qismən, yəni İddiaçı ödəniş günü milli manata məzənnədə 140000 ABŞ dollarının tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilib, ilk iddia ərizəsi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.05.2020-ci il tarixli, 2(102)-2764/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(106)-3117/2019 saylı qətnaməsi qismən-iddiaçı Cavabdeh İddiaçı qarşı “140.000 ABŞ dolları pul tələbinə dair” ilk iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(106)-1961/2020 saylı qərardadının surətindən görünür ki, ilkin iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilkin, qarşılıqlı İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə Masallı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(050)-579/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İş materiallarında olan ekspertizanın 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqəsində İddiaçı adından olan 11 mart 2017-ci il tarixli 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbini Cavabdeh 140000 ABŞ dolları borcunun olduğunu göstərən 0001 nömrəli çeki imzalamaması, çekin saxta olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı 11.03.2017-ci il tarixli, 0001 nömrəli çekin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. İş üzrə araşdırılmış sübutlarla 11.03.2017-ci il tarixli, 0001 nömrəli çekin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olması müəyyən edilməmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilk, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılarkən keçirilmiş ekspertizanın 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəyindən görünür ki, Zahid Qulamhüseyn oğlunun adından olan 11 mart 2017-ci il tarixli 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-840/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar