Məhkəmə qərarları › İş №2(105)-3024/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3024/2021

06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3024/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(074)-720/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(074)-720/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab olunması, qanunsuz hesablanmış borc məbləğinin silinməsi və əsassız alınmış pulun geri qaytarılmasına dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyinin 30.04.2018-ci il tarixli, ******* saylı aktının etibarsız hesab olunması, qanunsuz hesablanmış borc məbləğinin silinməsi və sayğaca görə əsassız alınmış 91 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, uşağı xəstə olduğundan və uşağını Bakı şəhərinə müalicəyə apardığından məhkəmənin 14.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Buna görə də məhkəmə həmin tarixdə iddia ərizəsini baxılmamış saxlamışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərək icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətdə qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 14 iyul 2021-ci il tarixli, 2(074)-720/2021 saylı qərardadla iddia ərizəsini baxılmamış saxlayarkən məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehin məhkəmə iclasına gəlməmələrinə və gəlməmələrinin səbəbləri barədə məlumat verməmələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 19-cu fəslində ərizənin baxılmamış saxlanılmasının əsasları, qaydası və nəticələri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən maddənin mənasına görə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmağı xahiş etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi vasitəsi ilə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı İddiaçı məhkəmə bildirişini 22 iyun 2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə şəxsən almışdır. İşdən görünür ki, İddiaçı işə onun iştirakı olmadan baxılmağı xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddiaçı şikayətində xəstə olması ilə əlaqədar uşağını Bakı şəhərinə müalicəyə apardığından 14.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 14.07.2021-ci il tarixdə uşağını Bakı şəhərinə müalicəyə aparmasını və bu barədə məhkəməyə məlumat verməsini təsdiq edən hər hansı sənədi şikayətinə əlavə etməmiş, məhkəmə kollegiyasına da təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(074)-720/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar