Məhkəmə qərarları › İş №2(105)-3031/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3031/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3031/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1471/2020 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1471/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim İlqar Məmmədov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə mülki iş üzrə ərizənin baxılmamış saxlanılmış qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu X2 xx xxx 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş kodu JN-564F olan, 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin nənəsi Hüseynova Əfruz Ömər qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır. Belə ki, Quba rayon X2 xx xxx 1997-ci il tarixli qərarı ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsi uzun müddət nənəsinin xüsusi mülkiyyətində olmuş, nənəsi həmin torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmişdir. Mərhum nənəsinin sağlığında aqrar islahatı aparılmamış, aqrar islahat komissiyaları fəaliyyət göstərməmişdir. Aqrar islahatın aparıldığı illərdə bütün fərdi həyətyanı torpaq sahələrinin qeydiyyatı aparılaraq aqrar islahat komissiyalarının qərarları əsasında bütün həyətyanı torpaq sahələrinin sahibləri kimi, nənəsinin də adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb verilmişdir. Nənəsinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb verilməsinin nənəsinin sağ olub-olmamasına heç bir aidiyyəti yoxdur, çünki həmin həyətyanı torpaq sahəsi nənəsinin sağlığında şəxsi mülkiyyətində olmuşdur. Həmçinin həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. O, nənəsinin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə atasının adı qeyd olunmadığından, məhkəməyə müraciət edərək həmin sənədin nənəsinə məxsus olması faktının müəyyən olunmasını xahiş etmişdir. Bu faktla bağlı heç bir hüquq mübahisəsi yoxdur və işə baxılarkən belə bir hal müəyyən olunmamışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi şikayətində göstərilənlərə uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini baxılmamış saxlayarkən Hüseynova Əfruz Ömər qızının xx.xx.1994-cü ildə vəfat etdiyinə, lakin vəfat etdikdən 3 il sonra Quba rayon X2 xx xxx 1997-ci il tarixli qərarı ilə onun adına 0,13 ha həyətyanı torpaq sahəsi verilməsinə, qeyd edilən halın hüquq haqqında mübahisə olduğunu göstərməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 306.4cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddədinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Birinci instansiya məhkəməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəyə baxarkən həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmamışdır. Ərizəçi da ərizədə nənəsinin tək vərəsəsi olduğunu göstərsə də, notariat orqanına müraciət etməsini təsdiq edən rəsmi sənədi ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Hüseynova Əfruz Ömər qızının xx.xx.1994-cü ildə vəfat etməsi, lakin vəfat etdikdən 3 il sonra, Quba rayon X2 xx xxx 1997-ci il tarixli qərarı ilə onun adına 0,13 ha həyətyanı torpaq sahəsi verilməsi hazırki iş üzrə hüquq haqqında mübahisə olması anlamına gəlmir. Belə ki, hazırki halda hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olmasını özündə ehtiva edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə görə hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək hüququna malikdir, ərizəyə məhkəmə qaydasında baxılması mülki-prosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları düzgün tətbiq etməməklə ərizəçinin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılarkən yuxarıda qeyd edilən hallar nəzərə alınmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1471/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar