Məhkəmə qərarları › İş №2(105)-305/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-305/2022

11.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-305/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4089/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Suqmayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-4089/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2021-ci il tarixli, 019/21 saylı əmrinin ləğv edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4089/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.04.2021-ci il tarixli, 019/21 saylı əmrin ləğv olunması və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 07.07.2020-ci il tarixdən merçendayzer vəzifəsinə işə qəbul olunmuşdur. Bununla bağlı cavabdeh tərəf rəsmi əmr vermişdir. Həmin müəssisənin 14.04.2021-ci il tarixli, 019/21 saylı əmrinə əsasən isə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. O, işdən çıxarılması ilə bağlı cavabdeh təşkilata yazılı müraciət etmişdir. Cavabdeh təşkilatın rəhbərinin 27.04.2021-ci il tarixli cavab məktununda qeyd olunmuşdur ki, ona 05.02.2021-ci il tarixdə vəzifəsinin icrası zamanı iş yerində olmadığına görə inzibati tənbeh verilmişdir. İdarənin rəhbərliyi nədənsə onun işdən çıxarılması mövqeyini tutaraq aprel ayının əvvəlindən onu işə buraxmamışdır. Lakin, o, iş yerinə gələrək öz əmək funksiyalarını yerinə yetirməyə davam etmişdir. O, müəssisənin rəhbərliyinin qanunsuz əməlləri barədə əmək müfəttişliyinə yazılı surətdə müraciət etmişdir. Müfəttişlikdən ona işini davam etdirməyi məsləhət görmüşlər. Lakin cavabdeh təşkilatın nümayəndələri onu işə buraxmamış, 14 aprel 2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışlar. İddiaçı bununla bağlı əmrin surətini istəsə də, vaxtında məlumat verilməmişdir. 17.05.2021-ci il tarixdə əmrin surəti və əmək kitabçası tərtib olunmuş, qəbzə əsasən ona təhvil verilmişdir. Əmrin surətindən müəyyən edilir ki, 05.02.2021-ci il tarixdə və 06.04.2021-ci il tarixdə ona intizam tənbehi verilmişdir. 12.04.2021-ci il tarixli aktdan görünür ki, guya iddiaçıya qarşı intizam tənbehi verilmiş, guya iddiaçı intizam tənbehi ilə tanış olmaqdan və izahat yazmaqdan imtina etmişdir. Aktdan da belə müəyyən edilir ki, guya iddiaçı işə gəlməmişdir. İntizam tənbehi iddiaçıya verildikdən sonra akt tərtib edilir. Halbuki, intizam tənbehi verilən anda onunla tanış olmadıqda akt tərtib olunmalı idi. Cavabdeh 14.04.2021-ci ildə iddiaçının işdən çıxması barədə əmr vermişdir. İddiaçıya təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, guya iddiaçı aprel ayının əvvəlindən işə çıxmır. Əmək müqaviləsinin bir tərəfli qaydada pozulması məqsədi ilə cavabdeh təşkilat saxtakarlığa yol vermişdir. O, cavabdehlə 07.07.2020-ci il tarixdə müqavilə bağlayarkən əmək funksiyalarının nədən ibarət olduğunu bilirdi və onlara hər zaman əməl etmişdir. Cavabdeh təşkilatın nümayəndələri hansısa səbəbdən onu işdən çıxartmaq fikrinə düşərək yuxarıda göstərilən əmrləri vermişdir, halbuki o, hər gün işdə olmuşdur. Onun işdən çıxarılması barədə əmr qanunsuz və əsassız olduğundan iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qətnaməsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual normaları düzgün tətbiq etməmiş, onların sübutlarını düzgün qiymətləndirməmiş və mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərlə iddiaçının əmək intizamını pozması tam sübut olunur. Eləcə də, iddiaçının özünün yazdığı izahatın məzmunundan görünür ki, o, əmək intizamını pozduğunu etiraf etmiş və bir də təkrarlanmayacağını qeyd etmişdir. Heç bir üzürlü səbəb bildirmədən iddiaçının iş saatlarında iş yerində olmaması və rəhbərliyin telefonlarına cavab verməməsi MMC rəhbərliyi tərəfindən onun barəsində ciddi tədbir görülməsinə əsas olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı barəsində 14.04.2021-ci il tarixli, 019/21 saylı əmr verilərkən guya Əmək Məcəlləsinin müvafiq maddələri pozulmuşdur. Lakin, guya pozulduğu qeyd edilən maddələrin mübahisələadirilən əmrlə birgə araşdırıldıqda məlum olur ki, MMC tərəfindən əmrin verilməsi zamanı Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmişdir. Məhkəmə nəyə görə iddianın təmin edilməsi nəticəsinə gəldiyini əsaslandıra bilməmişdir. Məhkəmə əsaslandırmağa çalışdığı qətnamədə qeyd edir ki, guya MMC tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədiyi üçün əmr ləğv edilməli və Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən əmək müqaviləsinə bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməli olduğu halda, əmək müqaviləsinə eyni zamanda iki əsasla - 05.02.2021-ci il tarixdə və 06 aprel 2021-ci il tarixdə verilmiş töhmət əsas götürülməklə tərəflər arasındakı əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, məhkəmə hər hansı bir əsas göstərmədən qətnamənin sonunda ziddiyyətli nəticəyə gələrək həm iddiaçı tərəfindən əmək intizamının iki dəfə pozmasını və bu pozuntulara görə də barəsində müxtəlif vaxtlarda iki dəfə töhmət verildiyini qeyd edir, eyni zamanda həmin nəticəni təkzib edərək qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə MMC-nin 14.04.2021-ci il tarixli, 019/21 saylı əmrinin verilməsi üçün onun (iddiaçı) tərəfindən hər hansı əmək intizamı pozuntusunun qeydə alınmadığını, eyni əmələ görə təkrarən intizam məsuliyyətinə cəlb edilməklə onun barəsində çıxarılmış əmrin Əmək Məcəlləsinin tələblərinin pozulması ilə çıxarıldığını qeyd etmişdir. Halbuki, Əmək Məcəlləsinin 68.1 maddəsinin “a” bəndinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Beləliklə də, açıq aşkar görünür ki, birinci instansiya məhkəməsi iddianın mahiyyətinə, işdə olan və təqdim edilmiş sənədlərə və sübutlara düzgün qiymət verməmiş, qətnamədə əmək qanunvericiliyinin maddələrinə istinad etsə də, onları düzgün tətbiq etməmiş, həmçinin ümumiyyətlə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi, "xxxx" MMC-yə qarşı irəli sürülmüş iddia bu iş üzrə toplanmış faktlarla sübut edilmir. Yəni, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və mötəbərliyi şübhə doğurur. Heç bir əsaslandırmaya və maddi hüquq normalarına istinad edilmədən hakim hesab etmişdir ki, guya iddia əsaslıdır. Digər tərəfdən, MMC tərəfindən iddiaçıya işdən azad edilmə barədə əmr verilənə qədər işlədiyi müddət üçün 14.04.2021-ci il tarixdə son haqq-hesab kimi 515,45 manat ödənilmiş və MMC-nin iddiaçıya heç bir borcu qalmamışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, tələbin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə etdi ki, iddiaçının işdən azad olunması barədə əmr tam qanunidir və onun ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, "xxxx" MMC müxtəlif ticarət obyektlərinə spirtli işkilər verməklə məşğuldur. Onun işi həmin malların vitrinlərdə çeşidlənməsi, kodlaşdırılması və s. ibarətdir. Ona birinci dəfə töhməti guya iş yerində olmaması əsası ilə vermişlər, halbuki o, “Tac” marketdə işdə olmuş və giriş-çıxışdakı kameralarla bunu sübut etmək asandır.İkinci dəfə isə Heydər Əliyev mərkəzinin yanında olan “DİVAS” adlı şərab evinə şərab apararkən 15 dəqiqə tıxacda olduğu üçün gecikib. 14.04.2021-ci ildə o, işdə olduğu vaxt telefonla ona Vüqar müəllim tərəfindən işdən çıxarıldığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 07 iyul 2020-ci il tarixli, 067/20 nömrəli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 07 iyul 2020-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək merçendayzer vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bölgə müdiri X1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 ünvanlanmış 29.01.2021-ci il tarixli məlumatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 29.01.2021-ci il tarixində ərazidə işçilərin yerində olub-olmaması ilə bağlı yoxlama apararkən şirkətin merçendayzer vəzifəsində çalışan İddiaçı işdə olmadığı, bununla bağlı “TAC” marketə getdiyi, satış müdiri Xudiyev Vüqarın da həmin marketə gəldiyi, Könülü axtardıqları, yerində olmadığı, yalan məlumat verdiyi aşkarlanmışdır. Yenə iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin merçendayzeri İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 ünvanlanmış 29.01.2021-ci il tarixli izahatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 29.01.2021-ci il tarixində Statistika yaxınlığında olan “TAC” marketdə olmuş, işini görmüş, çıxarkən atdığı konumu (koordinat) gec atmış, bir də təkrarlanmayacağına söz vermişdir.. Yenə də iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış müdiri Vüqar Xudiyev tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rauf Məmmədova ünvanlanmış 29.01.2021-ci il tarixli xidməti məlumatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı 29.01.2021-ci il tarixində, saat 16:15 radələrindən əraziyə baxış keçirilən zaman öz qeyd etdiyi dükanda olmamışdır. Bu fakt bölgə müdiri Loğman Mustafazadə tərəfindən aşkar edilmişdir. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir. İşə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cəmiyyətdə normal iş vaxtında əmək funksiyalarını kobud şəkildə pozduğuna və gələcəkdə belə halların təkrar olunmaması məqdəsilə verilmiş 05 fevral 2021-ci il tarixli, 006/21 nömrəli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı vəzifə üzrə öhdəliklərini yetərincə düzgün yerinə yetirmədiyinə və işinə məsuliyyətsiz yanaşaraq iş yerini icazəsiz tərk etdiyinə və bu barədə rəhbərliyə yalnış məlumat verdiyinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 “a” bəndinə əsasən töhmət verilmişdir. Gələcəkdə belə hal təkrar olunarsa, işçi ilə bağlanmış 07 iyul 2020-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edərək birtərəfli qaydada ləğv olunması əmr edilmişdir. Yenə işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bölgə müdiri Loğman Mustafazadə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rauf Məmmədova ünvanlanmış 03.04.2021-ci il tarixli xidməti müraciətin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 02 aprel 2021-ci ildə şirkətdə merçendayzer vəzifəsində çalışan İddiaçı işə heç bir məlumat və icazə olmadan çıxmamışdır. Gün ərzində dəfələrlə zəng edilsə də, cavab verməmişdir. Bununla bağlı şirkətə dəvət edilmiş, lakin izahat yazmaqdan imtina etmişdir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı 05 fevral 2021-ci il tarixində işdə göstərdiyi nöqsanlara görə şirkət tərəfindən töhmət verilmişdir. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı verilmiş 06 aprel 2021-ci il tarixli töhmətin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, bağlanmış 07 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən merçendayzer vəzifəsinə işə qəbul olunmuşdur. 05 fevral 2021-ci il tarixində işinə məsuliyyətsiz yanaşaraq iş yerini icazəsiz tərk etdiyinə görə töhmət verilsə də, İddiaçı yenidən hərəkətləri ilə müəssisənin iş ahəngini pozaraq 02 aprel 2021-ci il tarixində rəhbərliyə heç bir məlumat vermədən və icazə almadan bütün iş günü gəlməmişdir. Dəfələrlə əlaqə yaradılmasına cəhd göstərilməsinə baxmayaraq, əlaqə yaratmaq mümkün olmamışdır. Bununla da İddiaçı həm özünün əmək funksiyasını yerinə yetirməyərək, şirkətin intizam qaydalarını pozmuş, həm də iş prosesinə mane olmuşdur. Bütün bunlar nəzərə alınaraq 06 aprel 2021-ci il tarixində sonuncu töhmət verilmişdir. İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyasını təkrarən pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilərək əmək müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Yenə iş materiallarında olan "xxxx" MMC-nin direktor müavini X7, bölgə müdiri X1 və satış müdiri X5 tərəfindən tərtib olunmuş töhməti imzalamaqdan imtina olunmasına dair 12 aprel 2021-ci il tarixli aktın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Merçendayzer vəzifəsində işləyən İddiaçı heç bir məlumat vermədən bütün günü işə gəlməmişdir. Əlaqə yaratmağa cəhd olunsa da, həmin gün işçi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Daha sonra işçi ilə əlaqə saxlanılmış və ofisə dəvət olunmuşdur. Bununla bağlı olaraq işçidən işə gəlməmə səbəbinin izahı tələb olunduğu halda heç bir əsas gətirmədən izahat verməkdən imtina etmişdir. Bu səbəbdən işçiyə intizam tənbehi verilmiş, lakin işçi bu intizam tənbehi ilə tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. Hal-hazırda işçi heç bir səbəb göstərmədən işə gəlməməkdə davam edir. Yenə də iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 019/21 nömrəli, 14 aprel 2021-ci il tarixli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilərək əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması səbəbindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 14 aprel 2021-ci il tarixdən xitam verilmişdir. Əsas kimi İddiaçı 05 fevral 2021-ci il və 06 aprel 2021-ci il tarixində verilmiş töhmət göstərilmişdir. İşdə olan 17 may 2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 17 may 2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən özünə məxsus olan ******* nömrəli əmək kitabçasını almışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 4089/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 iyul 2020-ci il tarixdə bir il müddətinə merçendayzer vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2021-ci il tarixli, 019/21 saylı əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndində nəzərdə tutulmuş əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halına görə) xitam verilmiş, əsas kimi 05 fevral 2021- ci il tarixdə və 06 aprel 2021-ci il tarixdə ona verilmiş töhmətlər göstərilmişdir. Hazırda İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.04.2021-ci il tarixli, 019/21 saylı əmrin ləğv olunması və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2021-ci il tarixli, 019/21 saylı əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə İddiaçı əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmişdir. Belə ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməli olduğu halda, əmək müqaviləsinə eyni zamanda iki əsasla - 05 fevral 2021-ci il tarixdə və 06 aprel 2021-ci il tarixdə verilmiş töhmət əsas götürülməklə, yəni eyni əsasla xitam verilmişdir. İşdəki mötəbər sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən əmək intizamını iki dəfə pozması qeyd edilmiş və həmin pozuntuya görə də ona müvafiq olaraq cavabdeh tərəfindən 05 fevral 2021-ci il tarixdə və 06 aprel 2021-ci il tarixdə töhmət verilmişdir. İddiaçı işdən azad edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2021-ci il tarixli, 019/21 saylı əmrinin verilməsi üçün iddiaçı tərəfindən hər hansı əmək intizamı pozuntusu qeydə alınmamış, eyni əmələ görə təkrarən intizam məsuliyyətinə cəlb etməklə onun barəsində 14 aprel 2021-ci il tarixli, 019/21 saylı əmr verilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən isə tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yenə həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yenə də həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən isə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşdən görünür ki, işçı kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən öncə, ona iş vaxtı müəyyən müddətdə işdə olmamasına görə iki dəfə töhmət verilmiş, bundan sonra isə eyni əsasla o, işdən azad olunmuş, bununla da işəgötürən tərəfindən əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 05 fevral və 06 aprel 2021-ci il tarixlərdə iş vaxtı müəyyən müddətdə işdə olmadığına görə müvafiq əmrlərlə ona töhmət verilmiş, başqa sözlə o, həmin əmələ görə intizam tənbehi almışdır. Onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2021-ci il tarixli əmrdən belə başa düşmək olur ki, işçi yenə də həmin əmrlərdə göstərilən əsaslara görə işdən azad olunur. Yəni yeni bir əsas müəyyən olunmur. İddiaçının 14 aprel 2021-ci il tarixdə əmək müqaviləsinin hansı şərtini yerinə yetirməməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur, bu barədə cavabdeh tərəf məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir, halbuki Əmək Məcəlləsinin 71.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Beləliklə də, şərh olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 14.04.2021-ci il tarixli əmr qanunsuzdur. MMC işçinin 14 aprel 2021-ci il tarixdə hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, əmək vəzifələrini kobud şəkildə pozduğunu sübuta yetirə bilmədiyindən həmin tarixli əmr ləğv edilməli, merçendayzer vəzifəsindən azad edildiyi tarixdən həmin vəzifəyə bərpa olunan tarixədək məcburi boşdayanmaya görə ona əmək haqqı ödənilməlidir. Başqa sözlə, mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh qurum apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4089/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar