Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-305/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Sumqayıt Şəhər Corat Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(060)-4100/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən 90 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz iki mərtəbəli tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələridirlər. Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 90 kv.m torpaq sahəsi kommersiya obyektinin tikinti-quraşdırılması işlərinin aparılması üçün mərhum X6 ayrılmışdır. Daha sonra torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, torpaq sahəsinin inşaat passportu tərtib olunmaqla müvafiq dövlət qurumlarından rəylər əldə edilmişdir. Həmçinin Corat Bələdiyyəsinin hesabına 162 manat pul ödənilmişdir. Onların atasının işlərindən, o cümlədən hər hansı kommersiya fəaliyyətlərindən məlumatları olmamışdır. Atasının səhhəti uzun müddət pis olmuşdur və o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, mərhum atası orada kommersiya məqsədilə qohumu X5 ilə birlikdə 2008-ci ildə birmərtəbəli ticarət obyekti tikmişlər. Onlar bu yaxında öyrənmişlər ki, mərhum atasının səhhəti ilə maraqlana bilməməsindən istifadə edərək Tofiq Süleymanov sonradan oranın təyinatını dəyişərək oranı ikimərtəbəli ev etmiş və keçən ilin sentyabrında Cavabdeh qanunsuz olaraq satmışdır. Bu səbəbdən də onlar torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində Cavabdeh öz izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən evi təxminən 9 ay bundan əvvəl Tofiq adlı şəxsdən almışdır. Tofiq iddiaçıların qohumudur. Mübahisə predmeti olan torpaq sahəsinə və üzərində yerləşən evə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Tofiq ona evin sənədlərinin 5-6 aya veriləcəyini bildirdiyindən, o, inanaraq evi almışdır. Eyni zamanda Corat Bələdiyyəsi tərəfindən həmin ərazi ilə bağlı heç bir mübahisə olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil2 öz izahatında cavabdehin izahatını müdafiə etdiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçıların qeyd olunan tələb üzrə subyektiv hüquqları mövcud deyildir və iddiaçıların miras əmlakını faktiki və ya qanuni əsaslarla qəbul edilməsini təsdiq edən sübütları yoxdur. Hal-hazırda mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən uzun müddətdir ki, fasiləsiz yaşayış evi kimi istifadə edən cavabdehin həmin tikiliyə dair “qanuni gözləntisi” mövcuddur. Müdafiə etdiyi şəxs evi Tofiq adlı şəxsdən evin dəyərini ödəməklə almışdır. Corat qəsəbəsində adətən analoji formada satışı həyata keçirilən evlər çoxdur. Sənədli evlərə nisbətən belə evlər daha ucuz olduğundan vətəndaşlar həmin evləri almağa meyl göstərirlər. Cavabdeh həmin evi alarkən evin sənədsiz olması barədə məlumatlı idi, lakin Tofiq ona evin sənədlərinin 5-6 aya veriləcəyini bildirmiş, tərəfin də hüquqi savadı olmadığı üçün ona inanmışdır. Birinci instansiya məhkəməsində üçüncü şəxs Sumqayıt şəhər Corat Bələdiyyəsinin nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 2007-ci ildə icarə müqaviləsi əsasında Adil Kərimova verilmişdir. Əmlak icarəyə verildikdən bir müddət sonra onlar əmlaka baxış keçirmiş və həmin əmlak üzərində tikilinin olduğunun şahidi olmuşlar. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və o, 15 il müddətinə icarəyə verilib. 15 illik icarə müddəti bitdikdə tərəflə yenidən müqavilə bağlanır. Əgər icarədar vəfat etmişsə həmin müqavilə onun vərəsələri ilə bağlana bilər. Həmin torpaq sahəsi qeyri-yaşayış təyinatlıdır. Cavabdeh tərəfin hərəkətləri nəticəsində Bələdiyyənin hüququ pozulduğundan iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, həmin torpaq sahəsini 2007-ci ildə iddiaçının kürəkəni X11 və onun qaynatası Kərimov Adildən almışdır. Torpaq sahəsini alarkən əvvəlcə Asifə 3000 manat vermişdir. Bundan sonra da Adil Kərimovun iştirakı ilə Asifə 12000 manat ödəmişdir. Razılaşma şifahi olmuşdur, bununla bağlı heç bir ödəniş qəbzi mövcud deyildir. Mübahisə predmeti olan evi 2007-ci ildə tikmişdir. Cavabdehə isə sözügedən torpaq sahəsini və üzərində yerləşən evi 2021-ci ildə satmışdır. Maddi vəziyyəti yaxşı olmadığından mübahisə predmeti olan torpaq sahəsi üzərindəki evi satmışdır. Evin alqı-satqısı ilə bağlı Valikonun qardaşı Eldənizlə görüşmüş və 48000 manata razılaşmışlar. Evi satarkən Valiko ilə razılığa gəlmişlər ki, evin sənədlərini o düzəldəcək və bu səbədən evin satış dəyərindən 5000 manatı sənədləşmə işini həll etdikdən sonra ona verəcək. Ev satıldıqdan sonra o, sənədləşmə işini həyata keçirməyə çalışsa da, bəzi problemlər səbəbindən o, bunu edə bilməmişdir. O, 2007-ci ildən 2021-ci ilə kimi ailəsi ilə birlikdə mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən evdə yaşamışdır. Həm qarşı tərəflə qohumluq əlaqələri olduğundan, həm də sənədləşmənin həyata keçirilməsi üçün maddi vəziyyətinin yaxşı olmadığından evin sənədləşdirməsini həyata keçirə bilməmişdir. Faktiki olaraq nə torpaq sahəsinin, nə də evin ona məxsus olmasına dair sənədi yoxdur. 2014-cü ildə Asiflə şərikli iş görməyə başlamış və bundan sonra onunla aralarında münaqişə yaranmışdır. Aralarında olan münaqişə uzun müddət davam etdiyindən 2021-ci ildə Asif onun barəsində 1-ci polis bölməsinə şikayət etmişdir. 2021-ci ildə o evi Valikoya Corat Bələdiyyəsi vasitəsilə satmışdır və qaz, su, işığı Valikonun adına keçirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(060)-4100/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81ci məhəllədə yerləşən, 90 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz ikimərtəbəli tikilinin sökülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Almaz Süleymanova) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iddiaçılar Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən 90 kv.metr torpaq sahəsinin hüquq sahibi olmuş mərhum X4 vərəsələri olduğunu iddia edərək ona ayrılmış torpaq sahəsinin miras əmlakı kimi onlar tərəfindən qəbul edildiyini qeyd edirlər. Notariusun qeydiyyat orqanına yazdığı məktubu əsas gətirərək, miras əmlakı qəbul etdiklərini bildirərək uzun müddət istifadədə olan tikilinin sökülməsini tələb edirlər. Halbuki, iddiaçıların qeyd olunan tələb üzrə subyektiv hüquqları mövcud deyildir. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçıların MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsi, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmaması müəyyən edilməlidir ki, belə vəziyyətdə bu qeyri mümkündür. 1-ci instansiya məhkəməsi isə bu maddi hüquq normasının tələbini nəzərə almamışdır. Göründüyü kimi iddiaçıların miras əmlakını faktiki və ya qanuni əsaslarla qəbul etmələrini təsdiq edən sübütlar mövcud deyildir. İş üzrə iddiaçıların qeyd olunan torpaq sahəsinin daha əvvəllər atalarına icarə hüququ əsasında ayrılması barədə məlumatları olmuşdur. Atalarından miras qalmış digər əmlakları miras əmlakı kimi qəbul etsələr də, sözügedən əmlakı qəbul etmək niyyətləri olmayıb və bunun üçün hər hansı bir hüquqi addım atmamışlar. İddaçılar daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasını həyata keçirən orqana, torpağın mülkiyyətçisi olan bələdiyyəyə tərəflərindən edilmiş müraciəti əsas gətirərək həmin torpaq sahəsinə hüquqlarının yaranma ehtimalının olmasını tam əsassız olaraq bildirirlər. Məhkəmə öz qətnaməsini əsaslandırakən səhv qənaətə gəlmişsir ki, iş üzrə iddiaçılar mərhum atalarından qalmış digər əmlakları vərəsəlik hüququ əsasında qəbul etmişlərsə sözügedən torpaq sahəsini də miras əmlakı kimi qəbul etmiş sayılırlar. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Üçüncü şəxs Sumqayıt şəhər Corat Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(060)-4100/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 23 nömrəli İcarə müqaviləsindən görünür ki, Sumqayıt Bələdiyyəsi (icarəyə verən) X6 (icarəyə götürən) Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 90 kv.m torpaq sahəsini 15 il müddətinə yəni, xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verməyi, icarəyə götürən də öz növbəsində hər il üçün 45 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Sumqayıt Şəhər Corat Bələdiyyə İclasının “kommersiya obyekti tikinti-quraşdırılması üçün torpaq sahəsinin ayrılması haqqında” 07 sentyabr 2007ci il tarixli, 10 saylı protokolu əsasında qəbul olunmuş qərarın məzmunundan görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin, DT və XK-nin Sumqayıt şəhər şöbəsinin rəylərini nəzərə alaraq, Corat Bələdiyyəsinin 07 sentyabr 2007-cı il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən Corat qəsəbəsi ərazisində X1 obyekti tikintiquraşdırılması üçün 90 (doxsan) kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. AZ-İİ seriyalı 021431 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə kəskin pankreatit səbəbilə ölmüşdür. Sumqayıt şəhər Corat Bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə İddiaçı2 tərəfindən ünvanlanmış ərizənin məzmunundan görünür ki, Corat Bələdiyyəsinin iclas protokolunun qərarı ilə (xx.xx.2007-ci il tarixli, 10 saylı) kommersiya məqsədilə ayrılmış torpaq sahəsinin xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin müddəti bitdiyindən X4 vərəsəsi İddiaçı2 adına icarə müqaviləsinin müddətinin uzadılması barədə sərəncam verilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil bürosunun vəkili Vəkil1 29 iyun 2022-ci il tarixli, 553 saylı sorğusuna əsasən Azərbaycan Respublikası Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 93 saylı məktubdan görünür ki, Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən Corat qəsəbəsi ərazisində kommersiya obyektinin tikinti quraşdırılması üçün 90,0 kv.m. torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci ildə X4 adına bağlanmış icarə müqaviləsində heç bir dəyişiklik edilməmiş və xitam verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarxili arayışdan görünür ki, İddiaçı2 adına Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 33/6 ünvanında yerləşən 32/102 nömrəli mənzil üzərində tam mülkiyyat hüququ 24 yanvar 2006-ci il tarixli 34321 qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli kitabın 96-cı səhifəsində qeydiyyata alınmışdır. 2v-136 reyestr nömrəli, 16 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X4 vərəsələri- İddiaçı1 və İddiaçı2 hər biri qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan - ünvan 1 ünvanından bərabər hissədə pay almalıdırlar. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, sökülməsi tələb olunan tikilinin qanunvericliyin tələblərinə zidd olaraq bələdiyyə mülkiyyətində olan və iddiaçılara icarəyə verilmiş torpaq sahəsi üzərində heç bir hüquqi əsas olmadan inşa edilməsi, həmin tikilinin özbaşına tikili olmaqla, cavabdehin torpaq sahəsi və tikili üzərində hüquqmüəyyənedici sənədlərə malik olmaması toplanmış sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47-ci maddəsinin 7-cı hissəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 66-cı maddəə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.6-cı maddəsinə əsasən icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. Etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. İstinad olunan hüquq normalarından göründüyü kimi, torpaqların bələdiyyə mülkiyyətinə verilməsi qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Mübahisə predmeti olan ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla icarə müqaviləsi əsasında icarəçinin istifadəsinə ayrılması iddiaçıların istinad etdiyi sənədlərlə öz təsdiqini tapır. Həmin sənədlərdən müəyyən olunur ki, X6 ayrılmış 90,0 kv.m. torpaq sahəsi istifadəsinə verilmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçıların subyektiv hüququnu mübahisələndirmişdir. Bununla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Torpaq Məcəlləsinin: 7-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. 73-cü maddəyə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda xitam verilir. 92-ci maddəyə əsasən dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11.12-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normlarına istinad edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, hazırki halda iddiaçılar subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malikdirlər. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiçılar mərhum icarəçi Adil Kərimovun vərəsələri olmaqla sonuncuya məxsus mirası qəbul etmişlər. Qanunvericiliyin şərh olunan göstərişlərinə əsasən icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar onun varislərinə keçir. İş materialları ilə də müəyyən olunur ki, müvafiq icarə hüququ üzrə vərəsəliklə bağlı iddiaçıların müvafiq müraciətləri qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar icarə münasibətlərini hüquqi varislik qaydasında qəbul etmişlər və hazırki tələblə çıxış etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(060)-4100/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-305/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-305/2023
20.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver