Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3059/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, X6 katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(012)-152/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(012)-152/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq yaşayış massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, sözügedən magistral qaz kəmərinin 32-ci kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin boşaldılaraq onun hesabına əvəzi ödənilmədən sökülməsi və tikinti malmateriallarının mühafizə zonasından çıxarılması qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(012)-152/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: «Qaz İxrac» İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə müvafiq magistral qaz kəmərindən 8 metr məsafədə fərdi yaşayış evi və daş hasar inşa edilmişdir. 13.09.2019-cu il tarixində Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən magistral qaz kəmərindən 8 metr məsafə aralıda fərdi yaşayış evi və daş hasarın inşa edilməsi barədə “Qaz İxrac” İdarəsi Abşeron Magistral X4 5 saylı Xətti İstismar Xidmətinin (XİX) məsul əməkdaşları tərəfindən akt və 16.09.2019-cu il tarixdə xəbərdarlıq məktubu tərtib edilmiş, elə həmin tarixdə də özbaşına inşa edilmiş fərdi yaşayış evi və daş hasarın ləğv edilərək magistral qaz kəmərindən 50 metr məsafə aralıya kənarlaşdırılması barədə müvafiq xəbərdarlıq məktubunu iş üzrə Cavabdeh təqdim etsələr də, o, xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. Sözügedən tikili birbaşa qaz kəmərinin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab olunur. Həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinəcək zərərlərə görə məsuliyyət təqsirli şəxs kimi cavabdehin üzərinə düşür. Eləcə də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda İdarənin qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Qanunun tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, onun evinin yerləşdiyi ərazidə yüzlərlə bu cür evlər inşa edilmişdir. Lakin iddiaçı yalnız ona qarşı iddia qaldıraraq onun yeganə yaşayış sahəsinin sökülməsini tələb edir. Onun evi artıq 20 ildir ki, inşa edilmişdir. Bu müddət ərzində İdarədən buna heç vaxt etiraz edilməmişdir. Evin inşasına maddi vəsait sərf edilmişdir. Hazırda İdarənin yalnız ona qarşı bu cür iddia qaldırması tamamilə əsassızdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, torpaq sahəsini bələdiyyədən pulunu ödəyərək almışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron MQKS-nin nümayəndələri İsmayıl İsmayılov, Mahir Mirzəyev və Anar Quliyev tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cu il tarixli aktdan görünür ki, Abşeron rayonunun Quşçuluq massivi, Aşağı Güzdək qəsəbəsi ərazisində Cavabdeh tərəfindən 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 8 metr məsafədə yaşayış evi və daş hasar inşa edilmişdir. Yenə iş materiallarında olan 24.10.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 8 metr məsafədə yaşayış evi və daş hasarı ləğv edərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırması barədə xəbərdar edilmişdir. Yenə də iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ARDNŞ “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəməri ilə Cavabdeh tərəfindən daş hasara alınmış 0,0225 ha torpaq sahəsində yerləşən tikili (yaşayış evi) arasında olan məsafə 17,38 metr təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2021-ci il tarixli, 10/1586 saylı ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən 32-ci kilometrliyində mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(012)-152/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayonunun Quşçuluq massivi, Aşağı Güzdək qəsəbəsi ərazisində Cavabdeh heç bir əsas olmadan 225 kv.metr torpaq sahəsi zəbt edərək orada fərdi yaşayış evi inşa etmişdir. Həmin ev Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin mühafizə zonasında-17,38 metrlik məsafədə yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yenə həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Birinci instansiya məhkəməsi özbaçına zəbt edilmiş 225 kv.metr torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin ərazidən keçən “Qaz İxrac” İdarəsinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsinə dair işin hallarına düzgün hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin "xxxx"ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Yenə qeyd edilən Qaydaların 2.7-ci bəndinin tələblərinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsində şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı kimi göstərilmişdir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, bələdiyyələr tərəfindən tikinti məqsədilə torpaq sahəsi ayrılarkən onların vəzifələri adıçəkilən Məcəllədə müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsində Məcəllədə istifadə edilən anlayışlara aydınlıq verilmişdir ki, həmin maddənin 3.0.1-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyət; 3.0.2-ci maddəsinə əsasən isə məskunlaşma sistemi – insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından təşkili başa düşülür. Buradan da aydın olur ki, torpaq sahəsi ayrılarkən şəhərsalma fəaliyyəti və məskunlaşma sistemi nəzərə alınmalı, bu tələblərə uyğun torpaq sahəsinin ayrılması barədə sərəncam verilməlidir. Həmin tələblər nəzərə alınmadıqda isə artıq şəhərsalma və tikinti normalarının pozuntusu baş verir ki, bu pozuntu nəticəsində tikilmiş tikinti özbaşına tikinti hesab edilir. Həmçinin həmin Məcəllənin 7-ci maddəsində şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri göstərilmişdir ki, həmin prinsiplərə də təhlükəsizliyin təmin edilməsi və ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi də daxil edilmişdir. Göründüyü kimi, hazırda söküntüsü tələb edilən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş cavabdehə məxsus tikinti də şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərinin pozuntusu ilə tikilmişdir. Yenə həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir. Eyni Məcəllənin 57.2.1-ci maddəsinə görə yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır. İşdən də göründüyü kimi, tikinti obyekti qaz kəmərinin mühafizə zonasında inşa edilməklə yanğın təhlükəsizliyi baxımından etibarlılığı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi fərdi yaşayış evinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən "xxxx"ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahəsini cavabdehin zəbt etməsindən əvvəl inşa edilməsinə düzgün qiymət vermiş və iddianı haqlı olaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə hüquq müəyyənedici sənəd mövcud deyildir və işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(012)- 152/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3059/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3059/2021
02.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver