Məhkəmə qərarları › İş №2(105)-3073/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3073/2021

01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3073/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(012)-2865/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(012)-2865/2021 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin olnmuş, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00063 olan, Abşeron rayonu, Saray qəsəbəsi, Z.Bünyadov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 26.08.2019-cu il tarixli, ******* saylı akt ləğv edilmiş, həmin akt üzrə hesablanmış 464,40 manat cərimənin silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı kodu **********00063 olan abonent kimi onun adına hesablanmış 464,40 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə tərtib edilmiş 26.08.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt üzrə hesablanmış 464,40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, Z.Bünyadov küçəsində yerləşən 3 saylı evə dair onun adına ƏMDK yanında DƏDRX tərəfindən reyestrdən çıxarış verilmişdir. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Onun evinə yerləşdirilmiş sayğac onlar tərəfindən müdaxilə oldunduğu üçün çıxardılmış və ona cərimə tətbiq edilmişdir. Cərimə kimi 464,40 manat pulu ondan tələb edirlər. Ona bu barədə akt və digər sənəd təqdim edilməmişdir. Smart tipli qaz kartına pul yükləyən zaman həmin pulun bir hissəsinin kartdan çıxıldığını öyrənmişdir. Bundan sonra o, Azəriqaz İB-nə müraciət etmiş, ona abonentin saldosunu təqdim edərək, cərimə pulu barədə məlumat vermişlər. Qəbul edilmiş aktı tələb etdikdə isə, akt ona təqdim edilməmişdir. O, hətta Azəriqaz İB-nə mürciət etdikdən sonra ona bildirmişlər ki, müvafiq departamentə ərizə ilə müraciət etsin, həqiqətləri orada qeyd etsin və tətbiq edilmiş cərimə silinsin. Departament tərəfindən ona cavab məktubu göndərilərək, 464,40 manat borcumun olduğu bir daha qeyd edilmişdir. Onun evi üçün quraşdırılmış sayğac yol kənarındadır və həmin yoldan müxtəlif vətəndaşlar istifadə edirlər. Köhnə sayğac çıxarılarkən onun iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh İB apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olunmasına baxmayaraq qanunsuz qətnamə ilə bu tələb təmin edilmişdir. Məhkəmə 26.08.2019-cu il tarixli, ******* saylı saylı akt üzrə hesablanmış borcun silinməsinə dair iddiaçının iddia tələbini təmin edərkən, iddiaçı barəsində sayğacsız qaz sərfiyyatına görə tərtib olunmuş akt üzrə hesablanmış borcuna istinad etmiş, lakin maddi hüquq norması baxımından qəbul etmiş olduğu qətnamədə bunu əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə iddia tələbində qeyd edilən borcun silinməsi üçün hər hansı əsası iddiaçıdan tələb etməmiş, beləliklə qətnamə yalnız iddiaçının mülahizəsinə əsaslanmışdır. Məhkəmə, öz qətnaməsində iddiaçının təqsirsizliyini ifadə etsə belə təqsirsizliyinə aid hər hansı sübuta söykənməmiş, iş üzrə tədbiq edilməli olan düzgün maddi hüquq normasını tədbiq etməmişdir. İddiaçının, sayğacsız istifadə etdiyi təbii qaza görə 26.08.2019-cu il tarixli akt üzrə hesablanmış borc məbləğini sildirmək istəyi əsassızdır. Belə ki, iddiaçıya onun sayğacsız günlər üçün istifadə etdiyi təbii qaz borcuna görə Cavabdeh İB tərəfindən həmişə aşağı məbləğli borclar hesablanmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Apelyasiya baxışında məhkəmə iclasında İddiaçı qətnamənin qanuni olduğunu, buna görə də apelyasiya şikayətinin rədd olunmasını xahiş etdi. O, bildirdi ki, yaranmış borc evin ondan öncəki sahibinə məxsusdur, bu borcun ona heç bir aidiyyəti yoxdur. Kartla pul yüklənəndə, müəyyən miqdar köhnə borcdan tutulur, bu isə qanunsuzdur, çünki həmin borcun ona aidiyyəti yoxdur. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Z.Bünyadov küçəsində yerləşən 3 saylı evin mülkiyyətçisi 18.04.2019-cu il tarixdən İddiaçıdur. Yenə iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22.08.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********0211 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, sayğacın hesablama mexanizmi qazın sərfini qeydə almır. Sayğac açılaraq daxilinə baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın hesablayıcı mexanizmi hərəkətə gətirən maqnit ötürücü yararsızdır, daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Akt abonent A.İlyasov tərəfindən imzalanmamışdır. Yenə də iş materiallarında olan 26 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus mənzilin Sumqayıt abonenti (Abonent kodu: **********0211) olarkən hesab kodunda 464,40 manat borcu olmuşdur. Abşeron xidmət sahəsi ərazisindən qaz aldığı üçün yeni **********00063 saylı abonent kodu açılaraq borc həmin koda köçürülmüşdür. Borc noyabr 2020-ci il tarixdə smart karta yönləndirilmiş və 25.01.2021-ci il tarixdə istehlakçı hesabında 455,40 manat borc mövcuddur. Yenə də iş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona ümumilikdə 464,40 manat borc hesablanmışdır. İşdə olan Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən 26.08.2019-cu ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 4644 m3 müəyyən olunmuşdur. Yenə işdə olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, 02.05.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, “G-4” markalı, 05025394 nömrəli sayğac yeni sayğacla əvəzlənmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(012)-2865/2021 saylı qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən ona əsaslanmışdır ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı və ondan əvvəlki abunəçi istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə, məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir və buna görə də iddia təmin olunmalıdır. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. İş materiallarından görünür ki, sayğac quraşdırılan ev, yəni Abşeron rayonu, Saray qəsəbəsi, Z.Bünyadov küçəsiində yerləşən 3 saylı ev (abonent sənədlərində ünvan 2) 18.04.2019-cu il tarixdən İddiaçı məxsusdur. Abonentin kodunda yaranmış 464,40 manat borc evin əvvəlki sahibinə (abonent kodu **********0211) məxsusdur, lakin qaz xidmət sahəsi Sumqayıtdan Abşerona dəyişdirilərkən iddiaçının adına yeni **********00063 saylı abonent kodu açılmış və borc həmin koda köçürülmüş, 2020-ci ilin noyabr ayında isə borc abonentin smart kartına yönləndirilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. İşdən göründüyü kimi, hazırda yaranmış borcun məhz onun təqsiri ucbatından deyil, kənar və qanunsuz təsirlər nəticəsində yaranması barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, 02.05.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktla müəyyən edilmişdir ki, abonentə məxsus həyətyanı sahədə yerləşən qaz sayğacının giriş və çıxışında plomb aşkarlanmamış, buna görə də “G-4” markalı, 05025394 nömrəli sayğac yeni sayğacla əvəzlənmişdir. Bu akt abonent tərəfindən imzlanmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, bu məsələlərin onunla deyil, köhnə ev sahibi ilə əlaqədar olması səbəbilə aktı imzalamışdır. Bu hala qiymət verən məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən qüsur barədə aktın imzlanması həmin aktla razılaşmaq mənasına gəlir və belə olan halda, aktda qeyd edilən məsələlərin nəticələrini də onu imzlamış abonent qəbul etməlidir. Bu aktdan sonra cavabdehin əməkdaşları müəyyən etmişlər ki, abonent təbii qazdan qeyri-qanuni istifadə etdiyi üçün onun 464,40 manat borcu yaranmışdır. Aktı imzalamış iddiaçının hazırda bu borcu mübahisələndirməsi isə yolverilməzdir və yuxarıda qeyd olunan normalara ziddir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus yaşayış evinə onun həyətində sayğac quraşdırılmış, bu sayğacın plombun qüsurlu olması halı aşkar edilmiş və bu barədə 02.05.2019-cu il tarixli, 03569900 saylı akt tərtib edilmiş, bu akt abonentin özü tərəfindən imzalanmışdır. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qayadalarının” təsdiq edilməsi haqqında AR DNŞ Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı Qərarının 2ci bəndinə görə Cavabdeh İB Qaydaların öz fəaliyyətində tətbiq olunmasını, eləcə də istehlakçılarla bağlanmış qazın alqı-satqı müqavilələrində nəzərə alınmasını təmin etməlidir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydalar sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda tətbiq olunur. Bu halda, istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Beləliklə də, göstərilən hallara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaz xəttinə onun tərəfindən qanunsuz qoşulma halı baş vermişdir və belə olan halda, qazpaylayıcı itirilmiş qazın dəyərinin hesablanmasında və onu abonentdən tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmənin ləğv etdiyi ******* saylı akt 26 deyil 22 avqust 2019-cu ildə tərtib edilmişdir və sayğacın plombunun olmaması bu aktla deyil, iddiaçının özünün imzaladığı 02.05.2019-cu il tarixli, 03569900 saylı aktla müəyyən edilmişdir. Başqa sözlə, məhkəmə kollegiyasının qənaətinə görə 26.08.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və, həmin akt üzrə hesablanmış 464,40 manat cərimənin silinməsi barədə iddia əsassızdır və bu tələb təmin olunmamalıdır. Buna baxmayaraq, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, qaz xəttinə abonent tərəfindən müdaxilə olunmasını, bu barədə aktın hazırda qüvvədə olmasını, sayğacdan kənar təbii qaz istehlak edilməsini müəyyən etmədən, qanunsuz istehlak edilmiş qazın dəyərinin silinməsi və bu dəyəri müəyyən edən qərarın ləğv olunması barədə düzgün olmayan nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsinə əsasən sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı məhkəməyə sayğacdan kənar təbii qazdan istifadə etməməsini təsdiq edəcək əsaslı şübhələrdən kənar heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təbii qazın dəyərinin hesablanamsı barədə qərarın ləğv edilməsi hissəsində iddia tələbinin əsası sübuta yetirilmədiyindən, bu qərar nəticəsində hesablanmış borcun silinməsi barədə də İddiaçı iddiası təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(012)-2865/2021 saylı qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh İB tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı X1 tutularaq ona qaytarılmalıdır. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 , 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(012)- 2865/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı X1 tutularaq Cavabdeh İB-yə qaytarılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar