Məhkəmə qərarları › İş №2(105)-3076/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3076/2020

16.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3076/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçıların nümayəndəsi və vəkili: X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, «X1» Mərkəzinə və «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı1 Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 və 53-20 nömrəli qeyriyaşayış sahələrinin və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, mənzil 59-un özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, «X1» Mərkəzinə və «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 və 53-20 nömrəli qeyri-yaşayış sahələrinin və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, mənzil 59-un «xxxxxxx» KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 həmçinin iddianı təminetmə tədbirinin tətbiqinə dair ərizə verərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 və 53-20 nömrəli qeyri-yaşayış sahələrinin və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, mənzil 59un özgəninkiləşdirilməsinə qadaga qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 şikayəti onunla əsaslandırmışdır ki, işə baxan hakim qərardad qəbul edərkən hesab etmişdir ki, iddia təmini tədbiri haqqında ərizənin təmin edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin icrasına mane ola bilər. Onun iddia ərizəsi hərrac protokolunun etibarsızlığına aiddir. Yəni, məhkəmənin istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində müəyyən edilmiş qiymətlərlə hərracın müəyyən etdiyi qiymətlər arasında o, təqribən 100.000 manat məbləğində pul itirmişdir. Həmin əmlakların özgəninkiləşdirilməsi o anlamına gəlir ki, məhkəmə gələcəkdə onun iddianı təmin etməyəcək. Hətta etsə belə verilmiş çıxarışların etibarsızlığı üçün o yenə də illərlə məhkəmədə qalmalı olacaqdır. Məhkəmə nəzərə almamışdır ki, onun mülkiyyətində olan əmlaklar ipoteka ilə yüklü edilmiş əmlaklardır. O, istəsə belə həmin məbləği ödəməsə, əmlaklarını ipotekadan çıxara bilmir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddia təmin etmə tədbiri barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili P.M.Məhərrəmov şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1). «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmaması hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşin müəyyən edilmiş hallardan göründüyü kimi «xxxxxxx» KB ASC İddiaçı1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə son olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(105)-388/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən kredit borcunun tutulması və tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 və 53-20 nömrəli qeyri-yaşayış sahələrinə və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, mənzil 59-a yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli 2(105)-388/2019 saylı qətnaməsinin icrası məsələləri ilə bağlıdır. Hazırkı halda qeyd edilən əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulması qeyd edilən qətnamənin icrasının dayandırılmasına səbəb ola bilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, hazırda icraatda olan mülki işin icraatı dayandırılmamalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 254.1.4, 263-264, 498.0.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)- 6038/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar