Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3086/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilərək borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)- 3712/2021-008 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən ümumi sahəsi 62,10 kv.m olan qeyriyaşayış binasına-avtoyuma sexinə aid 152162 abonent koduna hesablanmış 4104 manat borcun silinməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh ASC-yə qarşı onun mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən ümumi sahəsi 62,10 kv.m. olan qeyri-yaşayış binasına-avtoyuma sexində tərtib olunmuş 007096 saylı 10.03.2021-ci il tarixli aktın etibarsız hesab edilərək, həmin akt əsasında qeyri-qanuni hesablanmış 4104 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yeləşən ümumi sahəsi 62,10 kv.m. olan qeyri-yaşayış binası, yəni avtoyuma sexi 27.11.2019-cu il tarixdən onun mülkiyyətindədir. Avtoyuma sexini yaxın tanışına icarəyə vermişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 007096 saylı 10.03.2021-ci il tarixli akt əsasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, guya, d=20 mm-lik şlanq boru ilə sayğacdan keçməyən qeyri-qanuni sudan su çənini doldurmaq yolu ilə istifadə olunduğu aşkar olunmuşdur. Qeyri-qanuni xətt kəsilərək ləğv olunmuşdur. Bu məqsəd ilə də həmin akt Məmmədzadə Rəna adlı bir şəxsin adı ilə tərtib edilmişdir. Həmin aktı ilk dəfədir görür. Sonradan ona məlum olub ki, həmin xanım onun avtoyuma sexini aldığı şəxsdən əvvəlki mülkiyyətçidir. O, belə bir şəxsi tanımır, adı çəkilən xanımla heç bir tanışlığı yoxdur. Avtoyuma sexinə sayğacdan kənar çəkilmiş hər hansı xətdən məlumatı olmamış, həmin xətti müşahidə etməmiş və belə bir xətt də çəkməmişdir. Sudan istifadəyə görə sayğac göstəriciləri əsasında yaranmış borcu vaxtlı-vaxtında ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh ASC Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 4104 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuş, iddiaçı isə həmin məbləği ödəməkdən imtina etmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı su təchizatı müəssisəsinin razılığı olmadan 1 ədəd rezin boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə edərək qanunun tələblərini pozmuş, su təchizatı müəssisəsinə maddi ziyan vurmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tərəflər arasında müqavilə olmaması, cavabdeh tərəfindən akt qanunvericiliyin pozulması ilə tərtib olunmasına görə onun hüquqmüəyyənedici sənəd kimi qəbul edilməməsi və sübut növü kimi istifadəsinin qeyri-mümkün olması, iddiaçının təqsirliliyi sübuta yetməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh ASC qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi akt əsasında hesablanmış borcun silinməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,10 kv.m. olan qeyri-yaşayış binasının əvvəlki mülkiyyətçisi Rəna Məmmədzadə olmuş və həmin əmlak alqı-satqı müqaviləsinə əsasən 27.11.2019-cu il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 10.03.2021-ci il tarixdə baxış keçirərkən sayğacdan keçməyən qeyri-qanuni sudan su çənini doldurmaq yolu ilə istifadə olunduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 8.6-cı bəndinə əsasən- su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. “Sudan istifadə qaydalarının” 3.1.1-ci bəndinin tələbinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulma hallarını aşkar etdikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar (“Su təchizatı və tullantı suları haqqında” Qanunun 67-ci maddəsinin 1-ci bəndi, 72-ci maddəsi). Mənzil Məcəlləsinin 135.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. İşdən göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları iddiaçıya məxsus ünvan 1 ünvanında yeləşən ümumi sahəsi 62,10 kv.m. olan qeyri-yaşayış binası, yəni avtoyuma sexində d=20 mm-lik şlanq boru ilə sayğacdan keçməyən qeyri-qanuni sudan istifadə halı müəyyən edilmiş və bu barədə 007096 saylı 10.03.2021-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı da sayğacdan kənar çəkilmiş xətdən məlumatsız olduğunu, onun belə bir xətti müşahidə etmədiyini və çəkmədiyini bildirmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd etmək lazımdır ki, iddiaçı həmin aktın və onun əsasında hesablanmış borcun əsassız olduğunu bildirsə də, göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı bunu təsdiq edən heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3086/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3086/2021
23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver