Məhkəmə qərarları › İş №2(105)-3087/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3087/2021

18.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3087/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(060)-5573/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(060)-5573/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, mik-2, ev 5/11, mənzil 47-yə aid **********00470 abonent koduna hesablanmış 216 manat borcun və sayğacın dəyəri olaraq hesablanmış 64,67 manat borcun silinməsi qət edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz “ İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, mik-2, ev 5/11, mənzil 47-yə əsassız olaraq akta əsasən hesablanmış 216 manat və sayğacın dəyəri olaraq hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 2-ci mkr, 5/11 saylı evin 47 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Cavabdehin əməkdaşları onun mənzilinə baxış keçirərək əvvəlki mülkiyyətçinin dövründə akt tərtib etmişlər. Aktda guya sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd olunmuşdur. Həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Çünki qaz sayğacı onun mənzilində yox, pilləkən meydançasında yerləşir. Cavabdeh qaz sayğacına müdaxilə olunmasında əsassız olaraq onu günahlandırmış və ona əsassız olaraq borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığını cavabdehə bildirsə də, heç bir nəticəsi olmamışdır. Ona əsassız olaraq 216 manat cərimə və müdaxilə edilmiş sayğacın dəyəri olaraq 64,67 manat hesablanmışdır. Akt əvvəlki mülkiyyətçi X3 dövründə tərtib edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 2-ci mkr, 5/11 saylı evin 47 saylı mənzilinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 24.07.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. 24.07.2020-ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurduğu ziyan müəyyən edilərək 27.08.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216,00 manat cərimə hesablanmışdır. 24.07.2020-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız G-2,5 markalı sayğacın dəyəri olaraq 64,67 manat abonentdən tələb edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mkr, 5/11 saylı evin 47 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18.02.2020-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 24.07.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 2-ci mkr, 5/11 saylı evin 47 saylı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 27.08.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 2-ci mkr, 5/11 saylı evin 47 saylı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 27.08.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 2-ci mkr, 5/11 saylı evin 47 saylı mənzili üzrə (abonent kodu **********00470) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 2-ci mkr, 5/11 saylı evin 47 saylı mənzili üzrə (abonent kodu **********00470) akta görə borc 216 manat təşkil edir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin Məmməd Əliyevə ünvanladığı sayğacın dövlət yoxlamasının bildirişi haqqında 27.05.2021-ci il tarixli məktubdan görünür ki, ünvanında olan G-2,5 markalı, ******* nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir və müdaxilə edilmiş sayğacın dəyəri olan 64,67 manatın ödənilməsi tələb edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(060)-5573/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar