Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3089/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Kapital Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4193/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4193/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı cavabdeh “Kapital Bank” açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə dair “Külək” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilən hərracın və hərracın yekunlarına dair tərtib edilmiş protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Külək” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə dair keçirilən hərrac və hərracın yekunlarına dair tərtib edilmiş protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 08.07.2015-ci il tarixli, 2(060)-3865/2015 saylı qətnaməsi ilə "xxxx" açıq səhmdar cəmiyyətinin iddiası təmin edilərək ondan 14717,16 ABŞ dolları əsas borc, 1693,52 ABŞ dolları faiz borcu, cəmi 16420,68 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, həmin borcun ipotekaya qoyulmuş ona məxsus olan və 50000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilməklə mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 16420,68 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilməsi, satıldıqdan bir ay sonra evin boşaldılması qət edilmişdir. Qətnamə 09 avqust 2015-ci ildə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi həmin evə dair hərracın keçirilməsi üçün sifariş vermişdir. Qanuna zidd olaraq 3-cü dəfə keçirilən hərracda, həmin mənzil 31875 manat müqabilində ipoteka saxlayan "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən əldə edilmişdir. O, mənzilinə dair keçirilən hərracın yekunlarını qanuna zidd hesab edir. Belə ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə məhkəmənin qərarı əsasında ünvan 2 ünvanında yerləşən 46 saylı mənzillə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən hərracın keçirilməsi üçün sifariş verilmişdir. Keçirilən hərracla bağlı onun məlumatı olmamışdır. Hərracın keçirilməsi formal xarakterli olmuş, hərrac “Kapital Bank” açıq səhmdar cəmiyyətinin maraqlarına uyğun həyata keçirilmişdir. Birinci keçirilən hərrac zamanı ona məxsus olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil 50000 manata satışa çıxarılmış, lakin hərrac baş tutmadığından təkrar hərrac keçirilməsi təyin edilmişdir. Növbəti hərracda qeyd olunan mənzilin dəyəri 42500 manat məbləğində müəyyən olunaraq hərraca çıxarılmış, lakin hərrac yenidən baş tutmamışdır. Üçüncü dəfə qeyd olunan mənzilin hərracda satış qiyməti 31875 manat məbləğində müəyyən edilərək iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə təklif edilmiş və mənzil bankın əməkdaşı tərəfindən hərracda alınmışdır. Qeyd edilən hərracla bağlı onun heç bir məlumatı olmamış, bu barədə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən mənzilin boşaldılması ilə bağlı xəbərdarlıqlarından sonra məlumat almışdır. Mənzilin hərracda müəyyən olunmuş satış qiyməti hərracın formal keçirilməsinin sübutudur. İpoteka predmeti olan mənzil Sumqayıt şəhərinin mərkəzində yerləşir və 2015-ci ildə evin qiyməti 50000 manat, yəni real dəyərindən az müəyyən edilmişdir. 2015-ci ildə manatın ABŞ dollarına nisbətdə dəyərini ən azı 2 dəfə itirməsi ölkədə infilyasiyaya səbəb olmuş, bütün sahələrdə nəzərə çarpacaq həddə bahalaşma olmuşdur. Belə olan halda, 2015-ci ildə 50000 manat məbləğində qiymətləndirilən mənzil 2017-ci ildə 31 875 manat məbləğində qiymətləndirilərək hərraca çıxarıla bilməzdi. Əgər keçirilən hərracdan və müəyyən edilmiş qiymətdən məlumatı olsaydı, mənzili özü alıb baha qiymətə sata bilərdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 47-ci məhəllə, 3 saylı evin 46 saylı mənzilinin hazırda "xxxx" açıq səhmdar cəmiyyətinin mülkiyyətində olduğu üçün "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdeh kimi işə cəlb edilərək iddia ərizəsinin xahiş edirəm hissəsindəki qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni düzgün hesab etmir. Sumqayıt Şəhər Məhkəməsinin 08.07.2015-ci il tarixli, 2(060)-3865/2015 saylı qətnaməsi ilə "xxxx" açıq səhmdar cəmiyyətinin iddiası təmin edilərək ondan 14717,16 ABŞ dolları əsas borc, 1693,52 ABŞ dolları faiz borcu, cəmi 16420,68 ABŞ dolları borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, həmin borcun ipotekaya qoyulmuş ona məxsus olan və 50000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilməklə mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 16420,68 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilməsi, satıldıqdan bir ay sonra evin boşaldılması qət edilmişdir. Qətnamə 09 avqust 2015-ci ildə qanuni qüvvəsini almış və 09 avqust 2016-cı ildə icra vərəqəsi verilmişdir. Qətnamə 09 avqust 2015-ci il tarixdə qanuni qüvvəsini almış yə icraya yönəldilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi həmin evə dair hərracın keçirilməsi üçün sifariş vermişdir. Qanuna zidd olaraq 3-cü dəfə keçirilən hərracda, həmin mənzil 31875 manat müqabilində ipoteka saxlayan "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən əldə edilmişdir. O, “Külək” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən mülkiyyətində olan mənzilinə dair keçirilən hərracı və hərracın yekunlarını qanuna zidd hesab edir. Belə ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə məhkəmənin qərarı əsasında ünvan 2 ünvanında yerləşən 46 saylı mənzillə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən hərracın keçirilməsi üçün sifariş verilmişdir. Keçirilən hərracla bağlı onun məlumatı olmamışdır. Hərracın keçirilməsi formal xarakterli olmuş, hərrac “Kapital Bank” açıq səhmdar cəmiyyətinin maraqlarına uyğun həyata keçirilmişdir. Guya birinci keçirilən hərrac zamanı ona məxsus olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil 50 000 manata satışa çıxarılmış, lakin hərrac baş tutmadığından təkrar hərrac keçirilməsi təyin edilmişdir. Növbəti hərracda qeyd olunan mənzilin dəyəri 42500 manat məbləğində müəyyən olunaraq hərraca çıxarılmış, lakin hərrac yenidən baş tutmamışdır. Üçüncü dəfə qeyd olunan mənzilin hərracda satış qiyməti 31875 manat məbləğində müəyyən edilərək iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə təklif edilmiş və mənzil bankın əməkdaşı tərəfindən hərracda alınmışdır. Qeyd edilən hərracla bağlı onun heç bir məlumatı olmamış, bu barədə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən mənzilin boşaldılması ilə bağlı xəbərdarlıqlarından sonra məlumatı almışdır. Mənzilin hərracda müəyyən olunmuş satış qiyməti hərracın formal keçirilməsinin sübutudur. İpoteka predmeti olan mənzil Sumqayıt şəhərinin mərkəzində yerləşir və 2015-ci ildə evin qiyməti 50 000 manat, yəni real dəyərindən az müəyyən edilmişdir. 2015-ci ildə manatın ABŞ dollarına nisbətdə dəyərinin ən azı 2 dəfə itməsi ölkədə infilyasiyaya səbəb olmuş, bütün sahələrdə nəzərə çarpacaq həddə bahalaşma olmuşdur. Belə olan halda, 2015-ci ildə 50 000 manat məbləğində qiymətləndirilən mənzil 2017-ci ildə 31875 manat məbləğində qiymətləndirilərək hərraca çıxarıla bilməzdi. Əgər keçirilən hərracdan və müəyyən edilmiş qiymətdən məlumatı olsaydı, mənzili özü alıb baha qiymətə sata bilərdi. Məhkəmə qeyd olunanlarla bağlı heç bir araşdırma aparmamış, qətnamədə hərracın keçirilməsi ilə bağlı ona xəbərdarlıq olunmasına dair bildirişlərin çatması barədə qəbzlərin, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitəsində elan olması barədə iş materiallarında sübutların olmasını qeyd etsə də, hərracın keçirilməsi barədə hansı kütləvi informasiya vasitəsində elan verilməsini qeyd etməmişdir. Məhkəmə qərar qəbul edərkən “İpoteka haqqında” qanunun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərini, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək səhv qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh “Kapital Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Sumqayıt şəhəri üzrə İcra idarəsi və “Külək” məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)- 3865/2016 saylı, 08 iyul 2016-cı il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh İddiaçı 14 717,16 ABŞ dolları əsas borc, 1693,52 ABŞ dolları faiz borcu, cəmi 16 420,68 ABŞ dolları borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, borc ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti borclu İddiaçı tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 46 saylı mənzil sahəsinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilməli, əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 16420,68 ABŞ dolları borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul tələbkar "xxxx" ASC-yə ödənilməli, satıldıqdan bir ay sonra əmlak boşaldılmalıdır. İş materiallarında olan “Külək” məhdud məsuliyyətli cəmiyyətinin 13 yanvar 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/25 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin satılmasına dair hərracın keçirilməsi 13 fevral 2017-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan “Külək” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən göndərilmiş 13 yanvar 2017-ci il tarixli xəbərnamənin surətindən görünür ki, hərracın keçirilməsinə dair bildiriş İddiaçı icra sənədində göstərilən ünvanına göndərilmiş, bildiriş köçüb qeydi ilə geri qaytarılmışdır. ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin satılmasına dair hərracın 13 fevral 2017-ci il tarixdə, saat 11:00-da keçirilməsinə dair “Birja yenilikləri” qəzetinin 13-19 yanvar 2017-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İş materiallarında olan “Külək” məhdud məsuliyyətli cəmiyyətinin 17 fevral 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/633 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin satılmasına dair hərracın keçirilməsi 17 mart 2017-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan “Külək” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən göndərilmiş 17 fevral 2017-ci il tarixli xəbərnamənin surətindən görünür ki, hərracın keçirilməsinə dair bildiriş İddiaçı icra sənədində göstərilən ünvanına göndərilmiş, bildiriş köçüb qeydi ilə geri qaytarılmışdır. ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin satılmasına dair hərracın 17 mart 2017-ci il tarixdə, saat 11:00-da keçirilməsinə dair “Birja yenilikləri” qəzetinin 17-23 fevral 2017-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İş materiallarında 12 aprel 2017-ci il tarixli “Külək” məhdud məsuliyyətli cəmiyyətinin hərracın nəticələri haqqında yekun protokolunun surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilinin hərracda ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 31875 manat müəyyən edilmiş və həmin mənzil tələbkar “Kapital Bank” açıq səhmdar cəmiyyəti tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası MM-nin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə görə bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinə əsasən (30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin qanunun 43.4-cü maddəsinə görə (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-c maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.7-ci maddəsinə görə (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “Külək” məhdud məsuliyyətli cəmiyyətinin 12 aprel 2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu ilə müəyyən edilir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilinin hərracda ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 31875 manat müəyyən edilmiş və həmin mənzil tələbkar cavabdeh “Kapital Bank” açıq səhmdar cəmiyyəti tərəfindən əldə edilmişdir. İddiaçı apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini göstərmiş, iddia tələbini də bununla əsaslandırmışdır. İş materiallarından görünür ki, “Külək” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə, 3 saylı evin 46 saylı mənzilinin açıq hərracda satılması barədə “Birja yenilikləri” qəzetinin 13-19 yanvar və 17-23 fevral 2017-ci il tarixli buraxılışlarında elanlar verilmiş, hərracın keçirilməsi barədə İddiaçı icra sənədində göstərilən ünvanına bildirişlər göndərilmişdir. İddiaçı apellyasiya şikayətində mənzilin Sumqayıt şəhərinin mərkəzində yerləşdiyini, mənzilin real dəyərindən az qiymətləndirildiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, 3 saylı evin 46 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, 2(060)-3865/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4193/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3089/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3089/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver