Məhkəmə qərarları › İş №2(105)-315/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-315/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-315/2023 09.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ("xxxx" QSC üçüncü şəxs kimi cəlb edilməklə) qarşı «borc müqaviləsi və cavabdehin əvəzinə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(012)-993/2015 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc müqaviləsi və cavabdehin əvəzinə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23760,30 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə onun arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsi həmin tarixdə 46 saylı xüsusi notarius tərəfindən təsdiq edilmişdir. Müqaviləyə əsasən onun tərəfindən Cavabdeh1 3600 manat məbləğində borc verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixdə götürmüş olduğu borc məbləğini tam şəkildə qaytarmalı olsa da, bu günə kimi hələ də qeyd edilən pul vəsaiti qaytarmamışdır. xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsindən başqa xx.xx.2014-cü il tarixdə onunla cavabdeh arasında başqa kredit müqaviləsi bağlanmış, müqavilə 44 saylı xüsusi notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 bu dəfə 10.000 manat məbləğində borc verilmişdir. Cavabdeh götürmüş olduğu borc pulu xx.xx.2014-cü il tarixədək qaytarmalı olduğu halda bu günə kimi borc pulu qaytarmamışdır. Yuxarıda qeyd edilən müqavilələrdən başqa Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan 10.000 manat məbləğində kredit götürmüşdür. İddiaçı ilə bank arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən götürülmüş kredit məbləğinin tam şəkildə qaytarılmasına birlikdə öhdəlik götürmüşdür. Bir müddət sonra o, kredit borcunu ödəməmişdir. Belə olan halda bank tərəfindən onun yaşadığı ünvana, iş yerinə xəbərdalıq məktubu, o cümlədən məhkəməyə müraciət edəcəkləri barədə məlumat daxil olduqdan sonra utanıb həmin kredit borcunu ödəmək qərarına gəlmişdir. Müxtəlif tarixlərdə cəmi 4023 manat hissə-hissə ödənişlər həyata keçirmiş, ancaq bir müddətdən sonra bank işçiləri tərfindən kreditin bağlanması tələb olunmuş o, da məcbur olaraq 07 yanvar 2015-ci il tarixdə 6122,30 manat ödəməklə krediti bağlamışdır. Hətta bu barədə onun tərəfindən əlavə olaraq xx.xx.2015-ci il il tarixdə 15 manat xidmət haqqı ödəyərək cavabdehlərdən Cavabdeh1 borcunun olmaması və krediti tam şəkildə ödəməsi barədə xx.xx.2015-ci il tarixli, 003 saylı arayış da almışdır. İstər bağlanmış kredit müqavilələri, istərsə də bankdan götürülmüş kredit müqaviləsi üzrə pul vəsaitlərindən digər Cavabdeh2 da xəbəri olmuşdur. Belə ki, cavabdehlər ər-arvaddırlar və pul vəsaitlərindən birgə istifadə etmişlər. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(012)-993/2015 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23760,30 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Şövkət Nəcəfova). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(012)-993/2015 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona bu borc haqqında məlumat onun əmək haqqından tutulmalar başlandıqdan sonra məlum olmuşdur. Sözügedən qətnamə üzrə borc heç vaxt onların birgə ehtiyacları üçün istifadə edilməmişdir. O digər Cavabdeh1 ilə rəsmi nikahda olsa da, 2011-ci ilin may ayının ortalarından faktiki olaraq ondan ayrılaraq 2 azyaşlı uşaqları ilə birlikdə anasına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 23-cü küçə, 33 saylı evdə yaşamış, ayrı təsərrüfat aparmışlar və həmin məbləğ onların birgə ailə ehtiyacları üçün xərclənməmişdir. Məhkəmə isə heç bir əsası olmadan onu və Cavabdeh1 İddiaçı qarşısında öhdəliyinin yarandığı və onları bu öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdeh saymışdır. Onun digər Cavabdeh1 borcundan xəbəri olmamış, borc alan zaman Xəyal bu barədə ondan razılıq almamış və bu məbləğ onunla Xəyalın ümumi ehtiyacları üçün istifadə edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçınin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi “borc məbləğinin Cavabdeh2 tutulmasına” dair hissədə ləğv edilməli, iddia tələbi “borc məbləğinin Cavabdeh2 tutulmasına” dair hissədə təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanaraq notarial qaydada təsdiq olunmuş 20 iyun 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı iki ay müddətinə, yəni xx.xx.2014- cü il tarixədək hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 3600 (üç min altı yüz) manat məbləğində borc pul vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanaraq notarial qaydada təsdiq olunmuş 28 avqust 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı iki ay müddətinə, yəni xx.xx.2014-cü il tarixədək Cavabdeh1 10.000 (on min) manat məbləğində borc pul vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, İddiaçı kredit qalığının ödənilməsi üçün "xxxx" QSC-nin Binəqədi filialına 1100 (min yüz) manat məbləğində pul vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, İddiaçı kredit qalığının ödənilməsi üçün "xxxx" QSC-nin Binəqədi filialına 700 (yeddi yüz) manat məbləğində pul vermişdir. İş materiallarında olan "xxxx" QSC-nin Binəqədi filialının İddiaçı ünvanladığı xx.xx.2015-ci il tarixli arayışından görünür ki, 06 may 2013-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 30A000001518 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 10 000 AZN məbləğində kredit verilmiş, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərini təmin etmək məqsədi ilə İddiaçı zamin qismində çıxış etmiş və bu barədə "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Əlavə olaraq bildirirlər ki, İddiaçı 06 may 2013-cü il tarixli kredit razılaşması üzrə "xxxx" QSC-yə xx.xx.2015-ci il tarixdə 6122,30 (altı min yüz iyirmi iki manat otuz qəpik) AZN pul vəsaiti ödəməklə krediti tam bağlamışdır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri, eləcə də "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə götürülmüş pul vəsaitlərindən digər Cavabdeh2 da xəbərinin olması, hər iki cavabdehin ər-arvad olması, pul vəsaitlərindən birgə istifadə etmələri müəyyən edilmiş və bu səbəbdən iddia tələbi təmin edilərək borc məbləğinin hər iki cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və şikayətini digər Cavabdeh1 ilə rəsmi nikahda olsalar da, 2011-ci ilin may ayının ortalarından faktiki olaraq ondan ayrılaraq 2 azyaşlı uşağı ilə birlikdə anasına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 23-cü küçə, 33 saylı evdə yaşaması, həmin vaxtdan ayrı təsərrüfat aparmaları, onun həmin borc məbləğlərindən məlumatlı olmaması, borc alan zaman Cavabdeh1 bu barədə ondan razılıq almaması və bu məbləğin onların ümumi ehtiyacları üçün istifadə edilməməsi və həmin borc məbləğlərindən onun əmək haqqında tutulmalar aparılan zaman məlumatı olması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı iki ay müddətinə, yəni xx.xx.2014-cü il tarixədək hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 3600 (üç min altı yüz) manat məbləğində borc pul vermiş, eləcə də İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı iki ay müddətinə, yəni xx.xx.2014-cü il tarixədək Cavabdeh1 10.000 (on min) manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh hər iki borc müqaviləsi üzrə qaytarmalı olduğu pul vəsaitlərini qaytarmamışdır. Qeyd edilən müqavilələrdən başqa Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan 10.000 manat məbləğində kredit götürmüş, həmin kreditin təminatı olaraq İddiaçı ilə bank arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 tərəfindən götürülmüş kredit məbləğinin tam şəkildə qaytarılması öhdəliyini üzərinə götürmüşdür. Bir müddət sonra Cavabdeh1 kredit borcunu ödəməmiş, belə olan halda bank tərəfindən İddiaçı yaşadığı ünvana, iş yerinə xəbərdalıq məktubu, o cümlədən məhkəməyə müraciət edəcəkləri barədə məlumat daxil olmuş, bu səbəbdən İddiaçı Cavabdeh1 yerinə həmin kredit borcunu ödəmək qərarına gəlmiş və xx.xx.2015-ci il tarixdə 6122,30 (altı min yüz iyirmi iki manat otuz qəpik) manat pul vəsaitini ödəməklə kredit məbləğini tam bağlamışdır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında 20 iyun 2014-cü il tarixli və 28 avqust 2014-cü il tarixli kredit müqavilələri, eləcə də Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanan zaman Cavabdeh2 müqavilənin tərəfi olmamış, həmin borc məbləğlərinin ödənilməsi ilə bağlı üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. (41.2) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarından görünür ki, ərarvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın birbirinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı Cavabdeh1 İddiaçı və "xxxx" QSC-dən götürdüyü pul vəsaitlərindən Cavabdeh2 məlumatlı olması, eləcə də Cavabdeh1 həmin pul vəsaitlərini ailə ehtiyacları üçün istifadə etməsi,ən başlıcası isə Cavabdeh2 müqavilə tərəfi üzrə hər hansı iradə ifadəsinin olması müəyyən edilmədiyindən Cavabdeh1 İddiaçı götürdüyü pul vəsaitlərinə görə B.Heydərovanın İddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respubkikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlilləri üzrə yalnız borc məbləğinin Cavabdeh2 tutulması hissəsində mübahisələndirilmiş, birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş digər nəticə üzrə isə cavabdehin tam razı olduğu ifadə olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında 20 iyun 2014-cü il tarixli və 28 avqust 2014-cü il tarixli kredit müqavilələri, eləcə də Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanan zaman Cavabdeh2 müqavilənin tərəfi olmadığından, həmin borc məbləğlərinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmədiyindən, həmçinin Cavabdeh1 tərəfindən götürülmüş həmin məbləğlərin ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edilmədiyindən Cavabdeh2 iddiaçı qarşısında məsuliyyət daşımır, buna görə də iddiaçı ona qarşı hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(012)-993/2015 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməli, qətnamə digər hissədə, yəni 23760,30 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(012)-993/2015 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə digər hissədə, yəni 23760,30 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar