Məhkəmə qərarları › İş №2(105)-3151/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3151/2021

30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3151/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azəriqaz İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-221/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-221/2021saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir.(hakim H.Əhmədov) Qətnamədən narazı qalan İddiaçı İB ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2535.80 manat dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumu olmaqla cəmi 2865.80 manat pulun məcburi qaydada tutularaq Azəriqaz İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H: A203NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Birlik 15.12.2016-cı il tarixli, 14/4018 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********03069 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və Qazdan istifadə qaydalarının 6.5cibəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və videoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 23.02.2018-ci il tarixindən başlayaraq 30.08.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən, İddiaçınə cəmi 2535.80 manat ziyan dəymişdir. Bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2535.80 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2535.80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları və təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Cavabdehin ünvanına dəfələrlə baxış keçirilmiş və hər dəfə qaz xəttinə sayğacdan kənar qoşulma halları müəyyən edilmişdir. Bu müdaxilə nəticəsində iddiaçı olaraq onlara maddi ziyan vurulmuşdur. Apelyasiya baxışı zamanı iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, abonent indiyədək heç bir ödəniş etməmiş, qazdan qanunsuz istifadə etmişdir. Hər dəfə sayğacdan kənar xətt ləğv edilsə də, abonent bundan nəticə çıxarmayaraq yenidən qaz xəttinə qanunsuz qoşulur. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli, 10/862 saylı rəyi ilə razı deyildir. Apelyasiya baxışı zamanı Cavabdeh Fizuli qızına məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə göndərilmiş bildiriş, “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə bildirişi ona çatdırılması üçün AR MPM-in 147-ci maddəsinə əsasən Abşeron RİH Başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsinə göndərilmiş və cavabdehin iştirakı olmadan işə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 15.12.2016-cı il tarixli, 14/4018 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş abonent kodu **********03069 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 3i ünvanında 30.12.2016-cı il tarixdə Smart G-4T İtron Diafraqma tipli 1402AZ**********62 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-3) (1/1) Aktlara əsasən hesablanmış abonentin 2019-cu ilə aid olan borcu 603.00 manat göstərilmişdir. İşdə olan 23.02.2018-ci il tarixli, ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent kodu **********03069 olan Abşeron rayonu Hökməli qəsəbə ərazisində yaşayan Cavabdeh sayğacı sökərək təbii qazdan qanunsuz istifadə etməsi aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. Yenə işdə olan İddiaçı İB-nin 28.02.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 65 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 115 gün, Dəmir peçin maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 115 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3658 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 23.02.2018-ci il tarixli ******* saylı akt olmuşdur. İşə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2018-ci il tarixli, ******* saylı, 16.04.2018-ci il tarixli, ******* saylı, 22.05.2018-ci il tarixli, ******* saylı, 29.06.2018-ci il tarixli, ******* saylı, 30.08.2018-ci il tarixli, ******* saylı, 21.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. İddiaçı İB-nin Cavabdeh ünvanladığı 10.02.2020-ci il tarixli dəymiş zərərin ödənilməsi barədə pretenziyadan görünür ki, Azəriqaz İB tərəfindən Cavabdeh müqavilənin müvafq tələblərinin icra edilməsinin, eləcə də məsələnin pretenziya qaydasında həll edilməsi imkanından istifadə edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsini (kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır) rəhbər tutaraq X1 borcunun 3 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks təqdirdə istehlakçıya məxsus əmlakın qaz təchizatının dayandırılaraq, müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və bununla əlaqədar çəkilən bütün xərclərin (dövlət rüsumu, cəlb ediləcək peşəkar hüquqi yardım üzrə təqdim edilən xidmət, iş vaxtının itirilməsi və s.) ödənilməsinin qanunvericiliyə uyğun olaraq tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsi ünvan 4də qeydiyyatdadır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən Çıxarışın surətindən görünür ki, İddiaçı adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 100 faiz olmaqla 22.02.2016-cı il tarixdə **********594400 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X5 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/862 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Ekspertin iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametri 76 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdən, həyətin giriş darvazasının üzərindən isə 3 metr hündürlükdən çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,8 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 20 mm-lik polad qaz borusu vasitəsi ilə 76 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin, Azəriqaz İB-yə məxsus 86 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-221/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh məxsus Abşeron rayonu Hökməli qəsəbəsi ünvan 4 ünvanına 30.12.2016-cı il tarixdə Azəriqaz İBnin nümayəndələri tərəfindən Smart G-4 İtron Diafraqma tipli 1402AZ**********62 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 16.04.2018-ci il tarixli ******* saylı, 22.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 30.08.2018-ci il tarixli ******* saylı, 21.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı aktlar tərtib edilmiş, 2535.80 manat ziyan hesablanmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı aşağıdakı əsaslarla rədd etmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə görə isə qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Yenə həmin Qaydaların 6.7-ci bəndinin tələblərinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.1-ci Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli 2(012)-1986/2020 saylı qərardadına əsasən tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/862 saylı rəyinə əsasən cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Məhkəmə rəyi əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlmişdir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Beləliklə, işə baxan məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/862 saylı rəyini əsas sübut kimi götürərək hesab etmişdir ki, cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilmədiyindən iddiaçının iddia tələbləri əsassızdır, bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdehlə qazı alqı-satqısına dair müqavilə bağlanması, onun saldoya əsasən ödəniş etməsinin müəyyən edilməməsi hazırki formada iddianın təmin edilməsinə əsas vermir. İş materiallarına əlavə edilmiş çoxsaylı aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, akt tərtib edənlər cavabdehin guya aktı imzalamaqdan “imtina” etməsini yazmaqla işlərini bitmiş hesab etmiş, bununla da yuxarıda istinad olunan Qaydaların tələblərini pozmuşlar. Daha öncə qeyd edildiyi kimi Qaydalara əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən görünür ki, 23.02.2018-ci ildən 3008.2019-cu ilədək hər ay cavabdeh istehlakçı barədə qazdan qanunsuz istifadə barədə akt tərtib edilmiş, lakin heç bir aktda onun imzası yoxdur. Eləcə də, Qayadalara görə qeyd edilən hallarda qanunsuz xətt qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı olduğu halda aktı tərtib etmiş şəxslərin hansı tədbir görməsi barədə iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. Baxmayaraq anoloji işlərə baxarkən məhkəməyə bir neçə halda kənar xəttin qaynaq vasitəsilə şəbəkədən ayrıldığı barədə akt təqdim edilmişdir. Qeyd edildiyi kimi keçirilmiş ekspertiza nəticəsində kənar qoşulma, o cümlədən qanunsuz qoşulmanı və onun ləğvini təsdiq edəcək qaynaq izləri aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası sübut edilmədiyindən rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-221/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar