Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3168/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(027)-1160/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş 07.04.2008ci il tarixli, ********* qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini azaldaraq, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş 07.04.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarışın Torpağa mülkiyyət hüququna dair JN 489 kod 30304028 nömrəli Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 0,16796 ha torpaq sahəsinə (Qusar rayon Məhkəməsinin qətnaməsində 0,17 ha kimi göstərilən) aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2, X1, X3, İddiaçı JN 489 kod 30304028 nömrəli mülkiyyət hüququna dair Dövlət aktına əsasən 0.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq mülkiyyətlərinə verilmişdir. Həmin dövlət aktının 489 (072 ha) hissəsinə 08.04.2008-ci il tarixli ********** qeydiyyat nömrəli **********22 reyestr nömrəli çıxarış alınmışdır. Lakin 489Z (0.1679 ha) hissəsinə isə çıxarışın hazırlanmasından imtina olunmuşdur. 21 yanvar 2019-cu il tarixli vəkil sorğusuna əsasən cavabdeh ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilən 05.07.2021-ci il tarixli, **********13 nömrəli cavabdan məlum olur ki, Dövlət aktının 489Z (0.1679 ha) hissəsinə dövlət reyestrindən Qusar rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli, 2- 355a/2006 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 adına özəlləşdirilmiş və həmin torpaq sahəsinə Cavabdeh2 adına dövlət reyestrindən 07.04.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarış etibarsız hesab edilməlidir. Belə ki, dövlət aktına əsasən daşınmaz əmlak Quba rayon, Zizik kəndi ərazisində yerləşir. Ona görə də hesab edir ki, Qusar rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli, 2-355a/2006 nömrəli qətnaməsi qanunsuzdur. Daşınmaz əmlakla bağlı işlər həmin əmlakın yerləşdiyi rayon məhkəməsində baxılmalıdır. Qusar rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli, 2- 355a/2006 nömrəli qətnaməsindən müəyyən olunur ki, qətnamə “a” nömrə ilə qeyd olunması səbəbindən saxtadır. Saxta qətnamə ilə verilən çıxarış etibarsızdır. Dövlət aktına əsasən mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı onun və yaxud digər mülkiyyətçilərin qeyd olunan, sonradan onlara məlum olan həmin Qusar rayon məhkəməsində iştirak etməmiş, məhkəmə keçirilməsi barədə hər hansı bildiriş almamış yalnız vəkil sorğusuna alınan 05.02.2021-ci il tarixli cavabdan sonra qanunsuz qətnamənin olmasını bilmişdir. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ Azərbaycan dövlətinin qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh orqanın vəzifəli şəxsləri onların dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüquqlarını vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta Qusar rayon Məhkəməsinin 11.09.2006cı il tarixli, 2-355a/2006 nömrəli qətnaməsi ilə onun (onların) dövlət aktına əsasən qanuni mülkiyyətində olan 0.1679 ha torpaq sahəsini başqa şəxsin mülkiyyətinə verməklə ona maddi və mənəvi zərər vurmaqla torpaq sahəsinə mülkiyyət hüqundan məhrum etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və qanunsuz mövcud olmayan qətnamədə əks olunan əqdin əsasında qəbul edilmişdir. Qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tələblərə münasibətdə preyudisial hala dair müvafiq hüquq normasını tətbiq etməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, torpağa mülkiyyət hüququnq dair JN № 489 saylı dövlət aktına əsasən 0,89 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə məxsusdur. İşdən görünür ki, iddia tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07.04.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbini onunla əsaslandırır ki, onlara məxsus torpaq sahəsinə Qusar Rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli 2-355a/2006 saylı qətnaməsinə əsasən İlham Süleymanovun adına mübahisələndirilən çıxarış verilmişdir. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər (Mülki Prosessual Məcəllənin 5.1., 5.2., 5.3-cü maddələri). Qeyd etmək lazımdır ki, qanunvericiliyin qeyd olunan tələbləri baxımından şəxsin öz hüquqlarının və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə işə başlanır və müvafiq instansiya məhkəmələrində mülki işin başlanmasına əsas olan fiziki və hüquqi şəxsin məhkəməyə müraciətləri üçün prosessual forma nəzərdə tutulmuşdur. Hazırkı işdə göründüyü kimi Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, statistik kartoçkalarının qeydiyyatında 11 sentyabr 2006-cı il tarixli, 2-355a/2006 saylı mülki iş mövcud deyil. Qeyd olunmalıdır ki, mülki mühakimə icraatını tənzimləyən mülki prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə qətnaməsi verilmiş iddia əsasında iş məhkəmədə baxılmağa hazırlandıqdan, iş üzrə məhkəmə baxışı keçirildikdən sonra mövcud mülki işə dair məhkəmə tərəfindən mahiyyəti üzrə qəbul edilən yekun məhkəmə aktıdır. Göründüyü kimi cavabdeh İ.Süleymanovun adına verilmiş 07.04.2008-ci il tarixli ********* qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan Qusar Rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsi hüquqi cəhətdən mövcud olmamışdır. Lakin mübahisəni həll edən aşağı instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməmiş, mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq mövcud olmayan mülki iş əsasında çıxarılmış qətnaməni etibarlı bir məhkəmə aktı kimi qəbul etmiş, hüquqi cəhətdən mövcud olmayan məhkəmə qətnaməsi əsasında cavabdehin əldə etdiyi çıxarışın mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti tətbiq etməklə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mübahisəyə tətbiq etdiyi Mülki Məcəllənin 354.1-ci maddəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Hazırkı iddia tələbi isə mövcud olmayan məhkəmə aktı əsasında əldə edilmiş çıxarışın etibarsızlığı təşkil edir. Qeyd olunan çıxarış isə əqd deyil və mübahisələndirilən hissədə də həmin çıxarış məhkəmə aktı əsasında əldə edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə tərəflərin qarşılıqlı münasibətlərini və işin faktiki hallarını əks etdirməməklə maddi və prosessual hüquq normalarının səhv tətbiq və təfsir edilməsi ilə nəticələnmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş 07.04.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarışın Torpağa mülkiyyət hüququna dair JN 489 kod 30304028 nömrəli Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus 0,16796 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3168/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3168/2021
17.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver