Məhkəmə qərarları › İş №2(105)-3170/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3170/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3170/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1, onun vəkili Vəkil1 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı1 Cavabdeh1 qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən edilmiş, Cavabdeh1 3400 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3430 manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-212/2021 saylı qətnaməsi ilə Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi qismən - “Cavabdeh1 3400 manat məbləğində pul alınıb İddiaçı1 verilsin” hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 2500 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı1 verilməsi, qətnamənin - “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılması, ödənilmiş 20 manat dövlət rüsumunun 5,29 manat hissəsinin iddiaçının özünə aid edilməsi və həmin məbləğin 24,71 manat hissəsinin Cavabdeh1 alınıb, İddiaçı1 verilməsi, İddiaçı1 verdiyi apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. İddiaçı və cavabdeh qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(102)-3262/2021 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-212/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 14000 manat məbləğində pulun, mənəvi zərərə görə 3000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2018-ci ildə H.Z.Tağıyev qəsəbəsində mənzil almaqla bağlı makler kimi fəaliyyət göstərən Cavabdeh1 ilə tanış olmuş, cavabdeh ünvan 1 ünvanında yerləşən otağın satıldığını bildirmiş və həmin otağı 13000 manata almağa razılaşmışlar. Cavabdeh1 bu otağa order veriləcəyini, onu qeydiyyata saldıracağını bildirmişdir. O, 13000 manatı Cavabdeh1 vermiş, həmçinin cavabdeh vasitəçiliklə bağlı ondan 400 manat almış, otaqda qaz olmadığından cavabdeh qaz xətti də çəkdirəcəyini vəd etmiş və bununla bağlı ondan 600 manat pul almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh qaz xətti çəkdirməmiş, həmçinin otağa onun adına heç bir sənəd düzəltdirməmiş, qeydiyyata saldırmamışdır. O, dəfələrlə verdiyi vədləri yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə vədini yerinə yetirməkdən yayınmış və onu aldatmışdır. O, cavabdehdən pulu geri qaytarmasını tələb etdikdə isə bundan yayınmış və sonda qaytarmaqdan imtina etmişdir. Hətta bu azmış kimi cavabdeh bankdan pul götürərkən onun zamin durmağını xahiş etmiş və razılaşmışlar ki, o da 3000 manat götürəcək və hərə öz götürdüyü pula uyğun banka ödəniş edəcəkdir. Lakin cavabdeh onu aldatmış, bankdan pulu götürərək ona verməmişdir. Cavabdehin ona satdığı mənzilin orderi olmadığından sənədləşdirilməsi mümkün olmamış, cavabdeh də sənədləşdirəcəyi barədə vədini yerinə yetirməmiş və nəticədə hüquqları kobud şəkildə pozulmuş, cavabdeh aldadaraq sənədi olmayan mənzili ona satmışdır. Ona görə də mənzillə və vasitəçiliklə bağlı verdiyi 13400 manat cavabdehdən alınaraq ona verilməlidir. Halbuki o aldadılmasaydı, həmin vaxt sənədi olan başqa bir mənzil ala bilərdi. O, cavabdehin əməlindən prokurorluğa şikayət etmiş və bunu bildikdən sonra cavabdeh də onun barəsində böhtan xarakterli şikayət vermişdir. Bu barədə Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis bölməsində araşdırma aparılmış və 09 dekabr 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Araşdırma zamanı X3 cavabdehin dükanda ondan qaz xətti çəkdirəcəyi ilə bağlı pul aldığını təsdiq etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmış, dəfələrlə pulu qaytarmasını tələb etsə də, qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdehdən ümumilikdə 14000 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. Cavabdehin pulu qaytarmaması nəticəsində o, həmin puldan istifadə edə bilməmiş və cavabdehin əməli nəticəsində mənəvi zərərə məruz qalmışdır. Belə ki, uzun müddət zəhməti hesabına toplayıb əldə etdiyi pul vəsaitindən məhrum olmağı, cavabdehin onu aldatması, sonda pulu qaytarmaması səbəbindən dəfələrlə stress keçirmiş, sağlamlığı pozulmuşdr. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təxminən il yarım əvvəl İddiaçı1 taksi sürücüsü olan Qədim adlı şəxslə onun iş yerinə gələrək ucuz bir ev almaq istədiyini bildirmişdi. O iş prinsipinə uyğun olaraq qonşusu Məmiş kişinin yataqxanada olan 2 otaqlı mənzilini satmaq istədiyini bildiyindən Məmiş kişini çağırıb İddiaçı1lə aralarında əlaqə yaratmışdır. Bu iki şəxs mənzili 10000 manata razılaşmış, bu məbləğin 5500 manatı həmin gün, 4500 manatını isə səhəri gün Məmiş kişinin evində onun, Bahəddinin və Qədimin iştirakı ilə İddiaçı1 Məmiş kişiyə vermişdir. Eyni zamanda aralarında olan razılaşmaya əsasən hansısa bir məbləğ Məmiş kişinin suya olan borcuna ödənilmiş, həmçinin İddiaçı1 şirinlik adı ilə kiməsə müəyyən məbləğdə pul vermişdir. Bununla da İddiaçı1 ev alqısına verdiyi 10000 manatla bərabər, ümumilikdə xərci 13000 manat təşkil etmişdir. Eyni zamanda İddiaçı1 məhkəmə vaxtı X3 adlı onun tanımadığı, üzünü belə görmədiyi qadını şahid qismində dəvət etmişdir. Həmin qadın ifadəsində onun güya İddiaçı1 qaz çəkdirəcəyi adı ilə 500 manat pulu onun yanında aldığını göstərmişdir. Hacı Zeynalabdin qəsəbəsində yerləşən 2-ci Polis bölməsinə çağrılan X3 məsələnin mahiyyətini biləndən sonra heç bir pul sövdələşməsində iştirak etmədiyini, onun üzünü belə görmədiyini, onu tanımadığını, İddiaçı1 xahiş ilə belə izahat verdiyini göstərmişdir. X3 notarial qaydada vermiş olduğu ərizəsində göstərir ki, heç bir pul sövdələşməsində iştirak etməmiş və Cəbrayıl onu aldadaraq belə bir zahatı verməyə təhrik etmişdir. O, 40 ilə yaxın bu qəsəbənin sakinidir, haradan qaz, elektrik və su xəttlərinin keçdiyini də yaxşı bilir. Cəbrayılın almış olduğu mənzilin ətrafından heç bir qaz xətti keçmir. Bunu İddiaçı1 mənzili satan şəxs və Mənzil İstismar İdarəsindən də deyilmişdi. İddiaçı1 iddiasında ona vurulmuş maddi ziyanın nəticəsində mənəvi ziyan çəkdiyini, xəstələndiyini bildirmişdir. Ancaq, bütün bu faktları təsdiq edən heç bir rəsmi sənədini məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, mənzil satışı ilə bağlı İddiaçı1 3000 manat borcu qalmışdı, həmin məbləğin 500 manatını əvvəlki apellyasiya baxışı zamanı qaytarmış, apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra isə İddiaçı1 2500 manat ödəmişdir. İddiaçı1 məhkəmə iclasında cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, əvvəlki apellyasiya baxışı zamanı Cavabdeh1 ona 500 manat qaytarmış, qalan 2500 manatı isə işə baxıldıqdan sonra ödəyəcəyini vəd etmiş, buna görə də 09.02.2021-ci il tarixdə ona dəymiş maddi və mənəvi ziyanın Cavabdeh1 tərəfindən ödənildiyi barədə qəbz yazmışdır. Lakin əvvəlki apellyasiya baxışından sonra cavabdeh ona 2500 manatı qaytarmamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısının 09 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 29.11.2019-cu il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 22-də yaşayan Cavabdeh1 Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək 2019-cu ilin avqust ayında Cəbrayıl adlı şəxsin ona əlillik təqaüdü düzəldəcəyi adı ilə ondan 300 manat pul aldığını, lakin vədinə əməl etməyərək onu aldatdığını bildirib həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cavabdeh1 izahatında barəsində şikayət etdiyi Cəbrayıl adlı şəxsi 2008-ci il tarixdə tanıdığını, Cəbrayılın həmin ildə onun yanına gələrək ona Hacı Zeynalabdin qəsəbəsi ərazisində ev tapmaqda köməklik etməsini xahiş etdiyini, sonra Cəbrayıla ev soraqladığını və qəsəbə sakini Məmişin evini alıb Cəbrayıla satdığını, həmin vaxtdan Cəbrayıl ilə münasibətinin yarandığını, təxminən 2019-cu ilin əvvəllərində söhbət zamanı Cəbrayılın hansısa qohumu olduğunu, onun vasitəsilə vaxtından əvvəl pensiya düzəldə bildiyini deyərək ona adam tapmasını dediyini və ona əlillik təqaüdü düzəltməsi üçün 5.000 pul istədiyini, onunla razılaşdığını, ilkin olaraq Cəbrayıla 300 manat pul verdiyini, işi həll etdikdən sonra qalan pulu verəcəyini bildirdiyini, lakin sonradan Cəbrayıla inanmadığı üçün verdiyi pulunu istədiyi üçün Cəbrayılın böhtan ataraq ona evinə qaz xətti çəkdirməsi üçün 600 manat pul verməsi barədə böhtan atdığını, lakin qətiyyən Cəbrayıldan onun evinə qaz xətti çəkdirəcəyi adı ilə pul almadığını və ona qarşı dələduzluq etmədiyini, Cəbrayılın böhtan atdığını qeyd etmişdir. Araşdırma zamanı İddiaçı1 faktla bağlı verdiyi izahatında Cavabdeh1 2008-ci il tarixdə tanıdığını, İlhamın vasitəsilə qəsəbə ərazisindən ev aldığını, həmin vaxt İlhamın 2018-ci ilin oktyabr ayında evinə qaz xətti çəkdirəcəyi adı ilə ondan 600 manat pul aldığını, lakin indiyədək onun evinə qaz xətti çəkdirməyərək ona qarşı dələduzluq etdiyini, İlhamdan pulunu geri istədiyi üçün böhtan ataraq əlillik təqaüdü düzəltməsi adı ilə ondan 300 manat pul alaraq ona qarşı dələduzluq etməsi barədə polis bölməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmçinin bankdan 5000 manat pul götürməsi üçün İlhama zamin durduğunu, danışıqlarına görə həmin pulun 3000 manatını ona verəcəyini və krediti bütünlüklə onun ödəyəcəyini qeyd edərək sonradan İlhamın krediti götürüb ona pul vermədiyini qeyd etmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh1 ərizə və izahatında qeyd etdiyi xüsusatlar toplanmış materialla öz təsdiqini tapmadığından, həmçinin Cavabdeh1 İddiaçı1 evinə qaz xətti çəkdirəcəyi adı ilə 600 manat pul alaraq dələduzluq etməsi barədə İddiaçı1 şikayət ərizəsi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı1 qaz çəkilişi üçün verdiyi 600 manat məbləğində pulu Cavabdeh1 almışdır. İş materiallarına əlavə edilmiş 25 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 iki otaqlı yataqxana üçün Cavabdeh1 13400 manat məbləğində pul vermiş, Cavabdeh1 həmin pulun 10000 manatını evin keçmiş sahibi Şiriyev Məmişə vermişdir. İş materiallarında olan X2 imzası H.Zeynalabdin qəsəbə icra nümayəndəliyi tərəfindən 03 fevral 2020-ci il tarixdə təsdiq olunmuş ərizəsindən görünür ki, təxminən 2019-cu il tarixdə Cəbrayıl adında qonşusunun bir nəfər polis əməkdaşı ilə mağazaya gələrək onun iştirakı ilə İlham adlı şəxsə 500 manat pul verdiyini təsdiqləməyini xahiş etdiyini, lakin o, İlham adlı şəxsi tanımadığını və ilk dəfə 2020-ci il yanvar ayının 31-də gördüyünü qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsində əvvəl işə baxılarkən cavabdeh ərizə təqdim edib göstərmişdir ki, İddiaçı1 500 manat məbləğində pul ödəmişdir. Mart ayının 15-nə qədər əlavə olaraq 1300 manat pulu da ona ödəyəcəkdir. İddiaçı1 heç bir borcu yoxdur, lakin bu məbləğdə pul vəsaitini iddiaçının ondan əl çəkməsi üçün ödəyir. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçı 500 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona verilməsi faktını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı1 Cavabdeh1 qaz çəkilişi üçün verdiyi 600 manat məbləğində pulu almışdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa göndərərkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı1 mənzil satışı ilə bağlı 3000 manat borcu qaldığını, həmin məbləğin 500 manatını əvvəlki apellyasiya baxışı zamanı qaytardığını, apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra isə İddiaçı1 2500 manat ödədiyini göstərmişdir. İddiaçı1 əvvəlki apellyasiya baxışı zamanı cavabdehin ona 500 manat qaytardığını, Cavabdeh1 qalan məbləği isə işə baxıldıqdan sonra ödəyəcəyini vəd etdiyini, buna görə də 09.02.2021-ci il tarixdə ona dəymiş maddi və mənəvi ziyanın Cavabdeh1 tərəfindən ödənildiyi barədə qəbz yazdığını göstərmişdir. Göründüyü kimi, mənzilin satışı ilə bağlı iddiaçıya 3000 manat borcu qaldığını Cavabdeh1 məhkəmə iclasında etiraf etmiş, bunu iddiaçı da təsdiq etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya 2500 manat məbləğində pulunu qaytarmamışdır. Cavabdeh izahatında iddiaçıya 2500 manat pul borclu qaldığını, lakin həmin pulu apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra iddiaçıya qaytardığını göstərmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya 2500 manat pul borclu qaldığını etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya 2500 manat pul ödədiyi öz təsdini tapmamış, cavabdeh bu halı sübut edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə 2500 manat tutulmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri iş üzrə araşdırılmış yuxarıda göstərilən sübutlarla tam təkzib edilir. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, bu hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 2500 (iki min beş yüz) manat pul alınıb İddiaçı1 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar