Məhkəmə qərarları › İş №2(105)-3175/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3175/2021

15.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3175/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı Cavabdehna qarşı vərəsəlik qeydinin ləğv edilməsi və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(027)-740/2018 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 26 aprel 2007-ci il qeydiyyat tarixli və MH seriyalı, ******* nömrəli, 09 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş X3 məxsus olan və ondan miras qalmış Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv. m olan fərdi yaşayış evinə dair X4, Maraqlı şəxs və X2 adına Cavabdeh xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi qət edilmişdir. X5, Maraqlı şəxs, X6 qətnamədən apellyasiya şikayəti vermişlər. Quba Rayon Məhkəməsinin 02 iyul 2018-ci tarixli qərardadı ilə (hakim F.Yaqubov) Quba Rayon Məhkəməsinin 2(027)-740/2018 nömrəli 23 aprel 2018-ci il tarixli qətnaməsindən iş üzrə üçüncü şəxs qismində X5 və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim V.Seyidov) Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti həmin şikayət qanunda nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdehna qarşı vərəsəlik qeydinin ləğv edilməsi və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Maraqlı şəxs və X2 adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Qətnamə çıxarılarkən xəbəri olmamış, şikayəti geri qaytarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və maraqlarına toxunan şəxsin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli və onunla bağlı 13 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin MPM-nin 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə yenidən baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını şikayətin verilməsi üçün prosessual müddətin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, məhkəmə aktı 26 aprel 2018-ci il tarixdə tərəflərə göndərilmişdir. X5, Maraqlı şəxs, X6 qətnamədən 28 iyun 2018-ci il tarixdə apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürülməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs 16 iyun 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 23 aprel 2018ci il tarixli qətnaməsini almadığını, qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmiş və həmin tarixdə qətnamə ona təqdim edilmişdir. Bundan sonra o, 07 iyul 2021-ci il tarixdə Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd etmək lazımdır ki, qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə qəbul edilmiş məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamənin alındığı vaxtdan 1 ay müddətində verilə bilər. Göründüyü kimi Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)- 740/2018 saylı qətnaməsinin surəti tərəflərə 26.04.2018-ci il tarixdə göndərilsə də, qətnamənin onlar tərəfindən alınmasına dair sənəd iş materiallarına əlavə edilməmiş, həmçinin Maraqlı şəxs tərəfindən 28 iyun 2018-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti versə də, həmin şikayətin məhkəmə tərəfindən 02.07.2018-ci il tarixdə qaytarılması bundan 2 il 11 ay 14 gün sonra, yəni 16 iyun 2021-ci il tarixdə qətnamənin surətini almamasına dair ərizə verməsini araşdırmamış, sonuncu tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsi qənaətinə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məhkəmə aktının Maraqlı şəxs tərəfindən hansı vaxtdan alınmasını dəqiqləşdirmək üçün göndərilmiş qətnamənin sonuncunun alıb-almaması, eləcə də 28.06.2018-ci il tarixdə verdiyi şikayətin geri qaytarılması barədə 02.07.2018-ci il tarixli qərardadın ona təqdim edilməsi məsələləri aydınlaşdırılmalıdır. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli və onunla bağlı 13 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli və onunla bağlı 13 avqust 2021-ci il tarixli qərardadları ləğv edilsin. Şikayətin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar