Məhkəmə qərarları › İş №2(105)-3178/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3178/2021

25.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3178/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(067)-1338/2021 saylı qətnaməsindən cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(067)-1338/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sərxan Səmədzadə) İddiaçı cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz şəhəri, N.Nərimanov 70a/21 saylı mənzildə İddiaçı məxsus **********02019 nömrəli abonent koduna akt üzrə yazılmış 1067,5 manat pulun abonent hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 26 yanvar 2021-ci il tarixli, 205197 nömrəli aktın etibarsız hesab edilməsi və Xaçmaz şəhəri, N.Nərimanov 70a/21 saylı mənzildə ona məxsus **********02019 nömrəli abonent koduna həmin akt üzrə yazılmış 1067,50 manat pulun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşamır. Fevral ayında həmin mənzilə getdikdə qapıda elektrik enerjisi haqqının ödənilməsi barədə bildiriş görmüşdür. Elektrik enerjisinin ödənilməsi barədə bildirişdə ona akt tərtib edildiyi qeyd olunmuşdur. Bundan sonra o, həmin aktın nədən ibarət olmasını öyrənmək və həmin aktı əldə etmək üçün Xaçmaz elektrik şəbəkəsinə getmişdir. Nəticədə ona məlum olmuşdur ki, 26 yanvar 2021-ci il tarixdə 205197 nömrəli akta əsasən mənzilinə elektrik sayğacından kənar 0,4 kv şəbəkədən əlavə xətt çəkildiyi qeyd edilmiş və həmin akta əsasən ona 1067,50 manat cərimə hesablanmışdır. Xaçmaz elektrik şəbəkəsinin əməkdaşları tərəfindən 26 yanvar 2021-ci il tarixli aktın tərtibində o, iştirak etməmişdir. Onun tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edilsəydi, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib etməli, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidi tərəfindən imzalanmalı, aktın bir nüsxəsini ona verilməli idi. Lakin 26 yanvar 2021-ci il tarixli akt tərtib edilərkən hal şahidlərinin və onun iştirakı təmin edilməmiş, bununla da “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan qismən ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsaslanaraq yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsinin cavabdehlik daşımasına istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı barədə tərtib olunmuş akt “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən mənzildə elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi, aktda sayğacın və ya üzərindəki plombların bütövlüyündən söz getmir və mənzildə sayğacdan kənar xətdən istifadə iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, məhkəmə yanlış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqlarının yığımının 100%-ə çatdırılması barədə cəmiyyət qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi həmin Qaydaların 8.32 və 8.33-cü bəndlərinə istinad edərək aktın tərtibi zamanı hal şahidinin iştirak etməməsini qeyd etmişdir. Lakin hal şahidləri iştirak etməsə də, aşkar olunmuş kənar xəttin video görüntüsü diskə (DVD-R) köçürülərək məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbinə dair təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin sayğaca elektrik enerji sərfıyyatının azaldılması məqsədi ilə olunacaq hər hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən qeyd olunanları nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsində iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan və abunə haqqında çıxarışdan görünür ki, 26.01.2021-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin uçot dəstinə baxış keçirilən zaman mənzilə 0,4 kv-luq şəbəkədən en kəsiyinin ölçüsü 2,5 mm2 olan aliminium naqillə kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi halı aşkar edilmişdir. Aktın tərtibi iddiaçının nümayəndəsi K.Rəcəbovun iştirakı ilə aparılmış, lakin həmin şəxs aktı imzalamaqdan imtina etmişdir ki, bu barədə də aktda müvafiq qeydlər aparılmışdır. Bundan əlavə daha obyektiv yoxlama məqsədi ilə xətdən axan yük ölçülən zaman məlum olmuşdur ki, sayğac, ümumiyyətlə, xətdən axan yükü qeydə almır və sayğac dövriyyədən kənarlaşdırılmışdır. Bu hal bir daha sübut edir ki, mənzildə sayğacdan kənar elektrik enerjisindən istifadə olunmuşdur və həmin hal elektrik enerjisinin sərfıyyatının azaldılması məqsədi ilə istehlakçı tərəfindən edilmişdir. Həmçinin akt üzrə aşkar olunmuş halları təsdiq edən video çəkiliş DVD disk formatında məhkəməyə təqdim edilmişdir. Sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən mənzildə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə aktın ləğv edilməsi və borcun silinməsi tələbi ilə müraciət etməsi yolverilməzdir. Məhkəməyə təqdim edilmiş görüntülərdən açıq görünür ki, sayğacdan kənar xətt çəkilərək mənzildə qanunsuz elektrik enerjisindən istifadə edilmişdir. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edərək, iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli, 205197 saylı aktın surətindən görünür ki, yoxlama zamanı İddiaçı məxsus Xaçmaz şəhəri, N.Nərimanov 70a saylı evin 21 saylı mənzilinə elektrik sayğacından kənar 0,4 klv şəbəkədən əlavə xətt çəkilmiş və hesabat naqilin en kəsiyi ilə aparılmışdır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı məxsus Xaçmaz şəhəri, N.Nərimanov 70a saylı evin 21 saylı mənzilində istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmiş, 14.07.2020-ci il tarixdən etibarən mənzildə elektrik enerjisindən istifadə edilməmişdir. “Elektroenergetika haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.17-ci bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. İş materiallarından görünür ki, 26 yanvar 2021-ci il tarixli, 205197 saylı akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, 26 yanvar 2021-ci il tarixli, 205197 saylı akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(067)-1338/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar