Məhkəmə qərarları › İş №2(105)-3185/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3185/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3185/2020 02.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X2 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı himayədə qalma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-6206/2020 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Ərizəçi himayədə qalma faktının müəyyən edilməsi tələbinə dair ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi himayədə qalma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla X4 arasında nikah xx.xx.2012-ci il tarixdə pozulmuşdur. Birgə nikahdan xx.xx.1999-cu ildə qızı X5 anadan olmuşdur. X9 nikah pozulduqdan sonra onun himayəsində olmuş, atası A.Əliyevdən sabit pul məbləğində aliment almışdır. Hal-hazırda qızı həddi-buluğa çatdığından atasından aliment alınması dayandırılmışdır. X9 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Məşq və fiziki hazırlıq” fakültəsinin əyani şöbəsinin üçüncü kurs tələbəsidir. Təhsil ödənişlidir. Hər il təhsil haqqı üçün 2200 manat pul ödəyir. Maddi imkanı olmadığı üçün qızının təhsil haqqını ödəyə bilmir. İkinci qrup əlildir. Hər ay 232,29 manat pensiya alır. Sosial problemləri həll etmək üçün qızı Nailənin onun himayəsində olma faktının təsdiqi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlərr. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtina edərkən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi MPM-nin 153.2.1 maddəsinə istinad etmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2014-cü il tarixli qərarı). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. (MPM-nin 153.2.1. maddəsi). Ərizənin məhkəmə qaydasında baxılmalı olmaması, hər şeydən əvvəl aidiyyat qaydaları ilə əlaqədardır. MPM-nin 24.1-ci maddəsinə görə, məhkəmələr bu Məcəlləyə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədənkənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Pozulmuş hüquqların və azadlıqların müdafiəsinin məhkəmədənkənar qaydada – digər yurisdiksiyalı orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa, bu halda ərizə məhkəmə qaydasında baxılmalı olmadığına görə hakim onu qəbul etməkdən imtina etməlidir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsası kimi istinad etdiyi halları kifayət qədər əsaslandırmamış və ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməmişdir. MPM-nin 153.3. maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən MPM-nin 153.3 maddəsinin tələblərini nəzərə almamış, ərizəçiyə hansı orqana müraciət etməli olmasını göstərməmiş, nəticədə ərizəçinin məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxaran qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (Mülki Prosessual Məcəllənin 4.2. maddəsi). Ərizənin məzmunundan görünür ki, ərizəçi öhdədə olma faktının müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə iddianın yolverilməzliyinin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına istinad etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi bunun ərizənin yolverilməzliyi üçün deyil, rədd edilməsi üçün əsas ola bilməməsinə əhəmiyyət vermişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsi ərizəçinin iştirakı təmin edilməklə müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı himayədə qalma faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata götürülməsi məsələsi ərizəçinin iştirakı təmin edilməklə müzakirə edilməsi üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar