Məhkəmə qərarları › İş №2(105)-319/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-319/2022

11.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-319/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı1 Məmməd oğlunun, onun vəkili Vəkil, Cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "Külək“ Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" X7 Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il il tarixli, 2(060)-4910/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il il tarixli, 2(060)-4910/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim G.Tanrıverdiyeva) İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il il tarixli, 2(060)-4910/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Sumqayıt şəhəri, məhəllə 45, ev 2/48 ünvanında yerləşən 26 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/3 nömrəli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzil onların mülkiyyətində olmuşdur, lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onarın mülkiyyətindən çıxarılmışdır. Belə ki, İddiaçı1 12 may 2015-ci il tarixində "xxxx" KB ASC ilə 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 12 may 2015-ci il tarixli, 11-1/15SU saylı əlavə kredit müqaviləsin əsasən 48 ay müddətinə, 14 may 2019-cu il tarixədək illik 16% ödəmək şərtilə 90000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas təminatı kimi İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən 26 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Unibank" KB ASC ilə İddiaçı1 arasında bağlanmış 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, iddianın 66861,28 ABŞ dolları əsas borc tələbi hissəsində baxılmamış saxlanılması, 12 may 2015-ci il tarixli, 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış, 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 22378,20 ABŞ dolları, faiz borcu üzrə 14203,23 ABŞ dolları, cərimə borcu üzrə 1303 ABS dolları olmaqla, cəmi 37884,43 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə cavabdeh İddiaçı1 “Unibank KB ASC-nin xeyrinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 6 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat məbləğində pulun “Unibank" KB ASC-nin xeyrinə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipotekaya qoyulmuş İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, hərracdan əldə edilən pul vəsaiti hesabına İddiaçı1 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 37884,43 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ilk iddianın 30078.45 ABŞ dolları cərimə borcu tələbi, borcun ödənilməsi üçün tutmanın ipotekaya qoyulmuş olan İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 saylı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması, ipoteka predmetləri olan ünvan 2 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiyməti 70000 manat və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, bina 3/52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 60000 manat müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC ilə İddiaçı1 arasında bağlanmış 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı1 12 may 2015-ci il tarixli 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış, 11-1 saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 79884,22 ABŞ əsas borc, 14203,23 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat məbləğində pulun "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmetləri olan İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 saylı mənzilə və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, bina 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracla satılması, hərracdan əldə edilən pul vəsaiti hesabına "Unibank” KB ASC-yə olan 79884, 22 ABŞ dolları əsas borc, 14203,23 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat məbləğində pul əvəzinin “Unibank" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İpoteka predmetləri olan ünvan 2 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiyməti 70000 manat və ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən 26 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "Külək” MMCnin 29/02 nömrəli, 09 aprel 2021-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: '‘İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq "xxxx" KB ASC tərəfindən alınmışdır. Ona məxsus Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, bina 3/52 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və “Külək" MMC-nin 29/03 nömrəli, 09 aprel 2021-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 38250 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq "Unibank” KB ASC tərəfindən alınmışdır. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onların ünvanına gəlməmiş, hərracın keçirilməsindən məlumatları olmamışdır. Yuxarıda göstərilən səbəbləri nəzərə alaraq hərracın nəticələrinin etibarsız hesab edilməsi bağlı məhkəməyə müraciət etmişlər. "Külək” MMC-nin ünvan 2 ünvanında yerləşən 26 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Eləcə də "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/03 nömrəli yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən verdikləri apellyasiya şikayətini bununla əsaslandırmışlar ki, məhkəmə iddia ərizəsindəki halları nəzərə almadan onu rədd etmişdir. Onların apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olub “İpoteka haqqında” Qanunun 36.1, 36.4.2 və Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Məmməd oğlu, həmçinin onun vəkili Vəkil şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qeyd edilən hərrac qanuni əsaslarla keçirilmişdir və onun nəticələrinin etibarsızlığı üçün heç bir əsas mövcud deyildir. İddiaçı bu üsulla beş il bundan əvvəl qəbul edilmiş məhkəmə qətnaməsinin icrasına mane olmaq istəyir. Baxmayaraq ki, qətnamə artıq icra edilmişdir və əmlaklar artıq bankın mülkiyyətindədir. İş üzrə digər İddiaçı2, cavadehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işə iddiaçı və adları qeyd edilən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-cı il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC və İddiaçı1, İddiaçı2 və X5 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş ürzə yeni qətnamə qəbul edilmiş, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı1 araasında bağlanmış 14.05.2015-ci il tarixli, 11-1\15SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı1 12.05.2015-ci il tarixli,11-1\15SU saylı əlavə kredit müqaviləsi çərçivəsində bağlanmış 14.05.2015-ci il tarixli,11-1\15SU saylı əlavə kredit müqaviləsi üzrə 79884,22 ABŞ dolları əsas borc, əsas borca hesablanmış faiz məbləği kimi 14203,23 ABŞ dolları və 300 ABŞ dolları (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun alınaraq ilkin iddiaçı "xxxx" ASCyə ödənilməsi, tələbin ipoteka predmetləri olan İddiaçı1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilə və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı1 "xxxx" ASC-yə olan 79884,22 ABŞ dolları məbləğində əsas borc, əsas borca hesablanmış faiz məbləği kimi 14203,23 ABŞ dolları və 300 ABŞ dolları (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) kredit müqaviləsi üzrə borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul əvəzi olaraq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiymətinin 70000 manat və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı1 və X3 çıxarılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində qeyri- yaşayış sahəsinin boşaldılması, ilkin və qarşılqı iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın yekunları haqqında 09 aprel 2021-ci il tarixli, 29/03 nömrəli protokolundan görünür ki, İddiaçı2 mülkiyyətində olan ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi 38250 manata alıcı "xxxx" KB ASC-yə satılmışdır. Yenə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın yekunları haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli protokolundan görünür ki, İddiaçı1 mülkiyyətində olan ilkin satış qiyməti 70000 manat müəyyən edilmiş ünvan 5 ünvanında yerləşən 26 saylı mənzil 44625 manata alıcı "xxxx" KB ASC-yə satılmışdır. İşdəki 02.02.2021-ci il tarixli, 01/508 saylı bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışının həyat keçirilməsi üçün açıq hərracın 26 fevral 2021 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 6 ünvanında təşkili ilə əlaqədar "xxxx" ASC-yə, İddiaçı1, İddiaçı2 və X4 bildirişlər göndərilmişdir. İş materiallarında olan 02.03.2021-ci il tarixli, 01/1304 saylıi bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışının həyat keçirilməsi üçün açıq hərracın 17 mart 2021 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 6 ünvanında təşkili ilə əlaqədar "xxxx" ASC-yə, İddiaçı1, İddiaçı2 və X4 bildirişlər göndərilmişdir. Yenə iş materiallarında olan 196969, 196970, 196971, 196070, 196072, 196071, 184019, 184020, 184021 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarının surətindən surətindən görünür ki, İddiaçı1, İddiaçı2 və X5 "xxxx" MMC tərəfindən hərracın keçirilməsinə dair göndərilmiş rəsmi bildirişləri qəbul etmişlər. Yenə də iş materiallarında olan “Birja” qəzetinin 02.02.2021-ci il tarixli, 01.03.2021ci il tarixli, 30.03.2021-ci il tarixli buraxılışlarının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərracın keçirilməsi ilə bağlı elanlar və hərracın nəticələrinə dair məlumatlar həmin qəzətdə dərc edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il il tarixli, 2(060)- 4910/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı normalara əsaslanır. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı normalara əsaslanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Yenə həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Yenə həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yenə həmin Qanunun 43.7-1-ci maddəsinin tələblərinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-cı il tarixli qətnaməsilə "xxxx" ASC və İddiaçı1, İddiaçı2 və X5 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş ürzə yeni qətnamə qəbul edilmiş, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı1 araasında bağlanmış 14.05.2015-ci il tarixli, 11-1\15SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı1 12.05.2015-ci il tarixli,11-1\15SU saylı əlavə kredit müqaviləsi çərçivəsində bağlanmış 14.05.2015-ci il tarixli,11-1\15SU saylı əlavə kredit müqaviləsi üzrə 79884,22 ABŞ dolları əsas borc, əsas borca hesablanmış faiz məbləği kimi 14203,23 ABŞ dolları və 300 ABŞ dolları (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun alınaraq ilk iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmetləri olan İddiaçı1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilə və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı1 "xxxx" ASC-yə olan 79884,22 ABŞ dolları məbləğində əsas borc, əsas borca hesablanmış faiz məbləği kimi 14203,23 ABŞ dolları və 300 ABŞ dolları (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) kredit müqaviləsi üzrə borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul əvəzi olaraq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiymətinin 70000 manat və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı1 və X3 çıxarılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və icra icraatına başlanılmışdır. Əmlakların satılması məqsədilə icra məmuru sifariş vermiş, bundan sonra, Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC 02.02.2021-ci il tarixli 01/508 nömrəli bildirişlə məlumat vermişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-ci il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan ünvan 5 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiymətinin 70000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 60000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın 26 fevral 2021-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ünvan 6, (20A) 1933-cü məhəllə (1-ci mərtəbədə) ünvanında keçirilməsi barədə tələbkar "xxxx" ASC-yə və hər iki borcluya bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. Bu tarixdə hərrac baş tutmamış və eyni qaydalara uyğun növbəti hərracın vaxtı 17 mart 2021-ci il tarixə, saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin edilmiş, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 44625 və 38250 manat müəyyən edilmişdir. "xxxx" MMC 30 mart 2021-ci il tarixli, 01/1788 saylı məktubla bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən 26 saylı mənzili və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə hərraclar baş tutmamışdır. Buna görə də həmin əmlaklar ipotekasaxlayana təklif edilmişdir. Bu məktub müvafiq icra qurumuna və icra icraatının tərəflərinə göndərilmişdir. Bundan sonra isə hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 09 aprel 2021-ci il tarixli, 29/02 və 29/03 saylı protokollar tərtib olunmuş, həmin protokollarla keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakları müvafiq olaraq 44625 və 38250 manata əldə etmişdir İddiaçılar hesab edirlər ki, həmin hərrac təşkilatı hərracın keçirilməsi qaydalarında bir neçə qanun pozuntusuna yol vermişdir. Belə ki, hərracın keçirilməsi barədə onlara məlumat verilməmiş, hərraclar onların iştirakı olmadan keçirilmişdir. Lakin iş materiallarındakı sənədlərdən görünür ki, bütün hərraclar barədə icra icraatının tərəflərinə vaxtında məlumat verilmiş, bununla belə həmin məlumatlar kütləvi informasiya vasitəsi olan “Birja yenilikləri” qəzetində müxtəlif vaxtlarda dərc edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki halda sübut etmə yükü üzərinə düşən iddiaçılar öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduqları halda bunu edə bilməmişlər. İş materiallarından da görünür ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmamışdır. İş materiallarına əlavə edilmiş daha öncə sadalanan hərracın keçrilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarından da aydın görünür ki, mübahisəli mənzilə və qeyri-yaşayış sahəsinə dair hərraclar mövcud qanunlar çərçivəsində, o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Daha öncə qeyd olunduğu kimi iddiaçılar məhkəməyə heç bir mötəbər, legitim, əsaslı şübhədən kənar sübutlar təqdim edə bilməmişlər. Hazırda hərracın nəticələrinin etibarsız hesab edilməsi və ya ləğv olunması üçün iş materiallarında əsaslı sübut yoxdur. İddia ərizəsində göstərilən dəlillər isə iş materaillarında olan mötəbər sənədlərlə təkzib olunur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə görə tələb və etirazlarının əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il il tarixli, 2(060)-4910/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar