Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-321/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğaca baxış keçirildi. Abonentin sayğacı açaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı.
2. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən iddiaçıya 35040 kub metr əlavə sərfiyyat hesablanmışdır.
3. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 4221,20 manat borc hesablandığı göstərilmişdir.
4. İş materiallarına video-disk əlavə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 4221,20 manat borcun silinməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Cavabdehin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci ildə ******* saylı akt tərtib edilmiş, sözügedən akta əsasən iddiaçıya 4221,20 manat itirilmiş qazın bərpası üçün cərimə hesablanmışdır. İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş aktlarla razılaşmır. Cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, guya iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edilmişdir. İddiaçı yaşadığı müddətdə də sayğacdan kənar qaz xəttindən istifadə etməmişdir. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə e tməmişdir, bu səbəbdən də tələb olunan 4221,20 manat məbləği əsassız hesab edir. İddiaçı aktın tərtibində iştirak etməmiş və aktı imzalamamışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x365=35040m3x0,12 qəpik=4,204,80 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 3869 (üç min səkkiz yüz altmış doqquz) manat məbləğində borcun silinməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadə edilməsi işin mübahisəsiz halıdır. İddiaçı məcburiyyət qarşısında qalaraq qaz xəttindən yalnız bir gün istifadə etdiyini bildirmişdir. Cavabdeh dəymiş ziyanı hesablayarkən hesabat dövrünü 365 gün qəbul etmiş və iddiaçıya həmin dövr üçün 4221,20 manat borc hesablamışdır. Məhkəmə hesab edib ki, hesabat dövrü 1 ay müəyyən edilməklə yerdə qalan 3869 manat borc iddiaçının abonent hesabından silinməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”-nın 5.1, 5.2, 6.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində ”Azəriqaz” İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvan 2 ünvanında sayğaca baxış keçirərkən, sayğacdan kənar qeyri-qanuni xətt (video görüntü və fotoşəkillər təqdim edilmişdir) aşkarlamış, bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli ”Təbii X5nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. Həmin akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən Dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********00720 nömrəli abonent koduna 35040 m – 4204, 8 (dörd min iki yüz dörd manat səksən qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmin məbləğ itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim və sübute dilmiş sənədlərin heç birini nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümaytəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, abonent İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi məhkəmə baxışında iddiaçının etirafı ilə təstiq olunmuşdur. İddiaçı bu halı qaz istismar sahəsinin əməkdaşları tərəfindən qaz sayğacının dəyişdirilməsi zamanı yaranmış fasilədə soyuq hava şəraiti ilə əlaqələndirmiş və bir gün istifadə etdiyini bildirmişdir. Lakin onun təbii qazdan bir gün yaxud daha çox istifadə etməsi işin halları ilə müəyyən olunmur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımı qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın
1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cavabdeh tərəfin nümayəndəsinin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instaniya məhkəməsinin qətnaməsi “silinməsi müəyyən edilmiş məbləğə” münasibətdə dəyişdirilməlidir.
25. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini mübahisələndirir, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.
26. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh İB-nin Sumqayıt Qİİ-nin Sumqayıt şəhərində istehlakçı kimi qeydiyyatda olan İddiaçı özünə məxsus evində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edir. İstehlakçı istifadə edilmiş təbii qazın dəyərini sayğac göstəricisinə əsasən vaxtaşırı ödəmişdir.
27. Cavabdeh İB-nin Sumqayıt Qİİ-nin Sumqayıt xidmət sahəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə xidməti ərazidə baxış keçirilmiş və abonent - iddiaçının sayğacdankənar xətdən istifadə edilməsi barədə “AKT” tərtib edilmişdir.
28. Araşdırılan işin faktiki halları ilə müəyyən edilir ki, həqiqətən də iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Akt tərtib etmiş, lakin dəymiş ziyanın bərpasına dair vaxtında əməli tədbirlər həyata keçirməmişdir.
29. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, onun təbii qazdan istifadəyə görə borcu olduğu üçün cavabdehin əməkdaşları sayğaca baxış keçirərkən sayğacın plombunu söküb getmişlər. Həmin vaxt qış vaxtı olduğu və havalar soyuq olduğu üçün məcbur qalaraq müvəqqəti sayğacdan kənar xətt qoşmuş və həmçinin borcunun böyük hissəsini ödəmişdir. O, sayğaca müdaxilə etmiş, lakin bir gün təbii qazdan qanunsuz şəkildə istifadə etmişdir. Sayğacdankənar xətt çəkdiyini etiraf edir, lakin bir gün üçün çox borc hesablanıb.
30. Apellyasiya instansiya məhkəməsi mövcud mübahisə ilə bağlı bildirir ki, iş üzrə iddiaçının izahatı qismən etiraf kimi qəbul edilməklə, “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın tamamilə qanunsuz və əsassız olmasına dair şübhələri aradan qaldırır.
31. İşə baxan məhkəmə iddiaçının yaşadığı ünvanda sayğacdankənar qaz xəttinin mövcud olması faktını qəbul etmiş, lakin dəymiş ziyan üzrə tələbnamədəki hesabat qaydası ilə razılaşmamış və yuxarıda göstərilən qaydada hesabata uyğun borcun silinməsini təmin etmişdir.
32. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qaydalardan görünür ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
33. Yenə həmin qaydalara əsasən qeyd olunan hesabat zamanı məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
34. Beləliklə kollegiya cavabdeh tərəfin nümayəndəsinin, həmçinin iddiaçının birinci instansiya məhkəməsində vermiş olduğu izahatını, ən əsası yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alıb qeyd edir ki, “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında eynitarixli Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnamədəki hesabatla razılaşmaq olmaz.
35. Qeyd olunan akt əsasında cavabdeh quruma dəymiş zərərin məbləği 4x12x90=4320 m3 (4320 x 0.12=518.4 manat)) dəymiş zərərin əvəzi saxlanmaqla, qalan borc məbəği (4221.20-518.40=3702.80 manat) abonent hesabından silinməlidir.
36. Kollegiya hazırkı mübahisənin qeyd olunan formada həllini Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun hesab etməklə, eyni zamanda tərəflərə münasibətdə ədalətli və balanslaşdırılmış yanaşma kimi qəbul edir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
38. Hazırkı işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, yaranmış borc məbləğini özünün müəyyən etdiyi qaydada hesablamışdır.
39. Beləliklə kollegiya yaranmış mübahisənin obyektiv və yekun həlli kimi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi “silinməsi müəyyən edilmiş 3869 manat məbləğə” münasibətdə dəyişdirilərək, həmin məbləğ 3702.80 manat məbləğində müəyyən edilməlidir.
40. Kollegiya sonda qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanan silinməsi müəyyən edilmiş 3869 manat məbləğə” münasibətdə dəyişdirilərək, həmin məbləğ 3702.80 (üç min yeddi yüz iki manat 80 qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.