Məhkəmə qərarları › İş №2(105)-322/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-322/2025

11.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-322/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının Cavabdeh qarşı əmlakın naturada bölünərək mülkiyyət hüququnun tanınması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflər arasında bölünməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının Cavabdeh qarşı “əmlakın naturada bölünərək mülkiyyət hüququnun tanınması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-165/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Vİİ-ЖГ № 313726 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X5 24 mart 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlanandan sonra X2 “Vahidova” soyadı verilmişdir.

2. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-38 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X4 verilmiş **********66-05101-093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli binanın 3 nömrəli mənzilindən mərhuma düşən 12,77 kv.m-dən (18,62 kv.m köməkçi sahə ümumi istifadədədir) ibarətdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 47,38 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilin 15,99 kv.m hissəsi İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının ümumi birgə mülkiyyətində, 12,77 kv.m hissəsi Cavabdeh paylı mülkiyyətində, 18,62 kv.m köməkçi sahəsi isə ümumi istifadədə olmaqla tərəflərin paylı mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində **********66-05101-093012 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin naturada bölünərək iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızına aid hissədə onların mülkiyyət hüquqlarının tanınması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilərək onun açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı və Cavabdeh arasında onların paylarına mütənasib bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

5. İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin naturada bölünərək iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızına aid hissədə onların mülkiyyət hüquqlarının tanınması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin 61000 manat müəyyən edilərək onun açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçılar İddiaçı2 ilə Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı və Cavabdeh arasında onların paylarına mütənasib bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzil iddiaçılar İddiaçı2 və onun arvadı Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı ilə İddiaçı2 keçmiş arvadı X3 paylı mülkiyyətində olmuşdur. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bundan sonra mənzildəki ona məxsus pay mərhumun qardaşı Cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir. İddiaçılar cavabdehə müraciət edərək sözügedən əmlakın ya naturada bölünməsini, ya da onların əmlakdakı payının dəyəri olaraq kompensasiyanın iddiaçılara ödənilməklə həmin payın cavabdeh tərəfindən əldə edilməsini Cavabdeh təklif etmiş, lakin təklif qəbul edilməmişdir. Hal-hazırda mübahisələndirilən əmlakın tərəflərin paylı mülkiyyətində olması iddiaçıların mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradır. Ona görə də İddiaçı2 və İddiaçı1 belə bir tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı ilə öz adına rəsmiləşdirmiş, həmin evi heç kimə satmayacaq və ömrünün axırına qədər həmin mənzildə yaşayacaqdır. Həmçinin iddiaçılara kompensasiya verməklə onların paylarının əldə edilməsi təklifini qəbul etmək və onu həyata keçirmək üçün onun maddi imkanı yoxdur.

8. İş materiallarında olan iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli təklif məktubu və həmin məktubun çatmasını təsdiq edən xəbərnamədən görünür ki, iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin ya naturada bölünməsini, ya da əmlakdakı paylarının dəyəri olaraq onlara kompensasiya ödəməklə həmin payların cavabdeh tərəfindən əldə olunmasını təklif etmişlər və bu məktub xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7940-9/8166 saylı ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin planlı yerləşməsini, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir girişçıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı və Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 61000 manat məbləğində olduğu müəyyən edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-165/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin açıq hərracda satılması və mənzilin açıq hərracdan satılmasından əldə olunmuş pul vəsaitinin iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı ilə Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, mənzilin ilkin satış qiymətinin 61000 (altmış bir min) manat müəyyən olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızından 50 manat və Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzil üzərində iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının paylarının naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, həmçinin bölünməsi nəzərdə tutulan payın pul kompensasiyası ilə əvəz edilməsi barədə razılıq əldə olunmadığından, mübahisə predmeti olan mənzil açıq hərracda satılmalı və satışdan əldə olunmuş pul vəsaiti tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nöməli mənzildə onun mərhum bacısı yaşayıb, İddiaçı2 onun keçmiş əri, İddiaçı1 isə hazırda İddiaçı2 arvadıdır. Bacısı vəfat edəndən ev vərəsəlik qaydasında onun mülkiyyətinə keçib və həmin mənzildə onun 50 faiz mülkiyyət hüququ vardır. Onun hazırda Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzildən başqa yaşayış yeri yoxdur. Bir müddət Kürdəmir rayonunda qardaşının ailəsinin yanında qalmışdır. Özü Ukraynada yaşamış və baş vermiş müharibədə orada olan evi dağıldığında məcbur olub Azərbaycana gəlmişdir. Onun sözü gedən mənzildən başqa yaşayış yeri yoxdur, həmin mənzilin satışından ona veriləcək pulla da yeni mənzil almaq olmayacaq. Məhkəmə iclasında iştirak edərkən məhkəmə onun izahatlarına heç bir əhəmiyyət verilməmiş, yalnız formal mülahizələrə əsaslanaraq qətnamə qəbul olunmuşdur. Göründüyü kimi onun hüquqları məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə hüquqlarının bərpası əvəzinə əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədən məlumatı olmamış, qətnamədən ona heç bir çıxarış təqdim olunmamış, nəticədə əsası olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edərkən məhkəməyə telefon nömrəsini və hazırda Kürdəmir rayonu, Atakişili kəndində yaşadığını bildirmiş və məhkəməyə aid bütün məlumatların Atakişili kəndinə göndərilməsini xahiş etmişdir. Qətnamədən xəbəri icra və probasiya şöbəsinin əməkdaşları ona müraciət etdikdən sonra məlumatı olub. Həmin qətnamə uzun yazışmalardan sonra poçt vasitəsi ilə rəsmi qaydada ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Belə ki, qətnamədə müstəqil ekspert rəyinə və iddiaçıların göstərdiklərinə istinad olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli Qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, ümumi sahəsi 47,38 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilin 15,99 kv.m hissəsi İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının ümumi birgə mülkiyyətində, 12,77 kv.m hissəsi Cavabdeh paylı mülkiyyətində, 18,62 kv.m köməkçi sahəsi isə ümumi istifadədə olmaqla tərəflərin paylı mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində **********66-05101-093012 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

30. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

31. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7940-9/8166 saylı ekspert rəyində Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin planlı yerləşməsini, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir girişçıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı və Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 61000 manat məbləğində olduğu qeyd edilmişdir.

33. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçılara kompensasiya verməklə onların paylarının əldə edilməsi təklifinə münasibətdə bunun üçün maddi imkanının olmadığını bildirmişdir.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli Qərarına əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzil üzərində iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının paylarının naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, həmçinin bölünməsi nəzərdə tutulan payın pul kompensasiyası ilə əvəz edilməsi barədə razılıq əldə olunmadığından, mübahisə predmeti olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

38. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-165/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar