Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3226/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(012)-3412/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(012)-3412/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1i ünvanına adi qaz sayğacına (abonent kodu **********00518) dair hesablanmış 432 manat cərimə borcunun silinməsi qət edilmiş, Cavabdeh İstahsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib olunmuş aktın etibarsız hesab edilməsi, həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 432 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 2015-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolunun kənarında həyət evi almışdır. Evi aldıqdan sonra Cavabdeh tərəfindən elektron kartla işləyən sayğacı 15.07.2020-ci il tarixdə mexaniki sayğacla dəyişdirilmişdir. Mübahisələndirdiyi akt tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh tərəfindən 31.08.2020-ci il tarixdə onun qeydiyyatsız təbii qazdan istifadə etməsi barədə ******* nömrəli akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Həmin aktın tərtib edilməsindən onun xəbəri olmamış, guya aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa, akta fotoşəkil əlavə edilmişdir. Həmin fotoşəklin isə onun evinə heç bir aidiyyatı olmamışdır. Çünki, əgər sayğaca hansısa müdaxilə olunsaydı, bunu tərtib edilmiş aktda ona izah edib qazın hara sərf olunmasını göstərərdilər. Belə ki, cavabdeh idarənin ərazi üzrə əməkdaşları tərəfindən təkcə ona məxsus qaz sayğacına deyil, ümumiyyətlə, həmin ərazidə olan sayğaclar üzrə kütləvi borclar yazılır. Odur ki, hər hansı müdaxilə olunmadığı halda və cavabdehin öz maraqlarına uyğun hansısa qüsur müəyyən edilməsi barədə akt tərtib etmələri qanuna müvafiq deyildir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları qeydiyyatsız qazdan istifadə edilməsinə sübut kimi onun evini, qanunsuz təbii qazdan istifadə edilən yerin icmal fotoşəklini çəkə bilərdilər ki, həmin evin ona məxsus olduğu və qazdan qanunsuz istifadənin ona məxsusluğu sübut edilsin. Göründüyü kimi, ona münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfə bu günə kimi dəfələrlə müraciət etməsinə və eləcə də 2020-ci ildə əsassız və qanunsuz borc məbləği hesablayaraq qazın verilməsini dayandırdıqdan sonra borcun silinməsi və qazın verilməsindəki məhdudiyyətlərin aradan qaldırılması, yəni yükləmələrdən əsassız tutulmaların dayandırılması barədə müraciət etsə də, heç bir cavab verilmir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tədbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə 31.08.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borca görə iddiaçının iddia tələbini təmin edərkən, iddiaçı barəsində sayğacsız qaz sərfiyyatına görə tərtib olunmuş akt üzrə hesablanmış borcuna istinad etmiş, lakin maddi hüquq norması baxımından qəbul etmiş olduğu qətnamədə bunu əsaslandıra bilməmişdir. Məhkəmə iddia tələbində qeyd edilən borcun silinməsi üçün hər hansı əsası iddiaçıdan tələb etməmiş, beləliklə, qətnamə yalnız iddiaçının mülahizəsinə əsaslanmışdır. Həmçinin qətnamədə məhkəmə, iddiaçının təqsirsizliyini ifadə etsə belə, təqsirsizliyinə aid hər hansı sübuta söykənməmişdir. İddiaçının sayğacsız istifadə etdiyi təbii qaza görə akt üzrə hesablanmış borc məbləğini sildirmək istəyi əsassızdır. Belə ki, iddiaçıya onun sayğacsız günlər üçün istifadə etdiyi təbii qaz borcuna görə Cavabdeh İB tərəfindən həmişə aşağı məbləğli borclar hesablanmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.08.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən evdə qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh 31 avqust 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı oğluna məxsus ünvan 1ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 4320 m3 müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı ev üzrə (abonent kodu **********00518) akta görə borc 432 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı həyətdən kənarda quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.08.2020-ci il tarixli, ******* nömrəli aktın tərtibində İddiaçı və hal şahidləri iştirak etməmişdir. Həmçinin iş materiallarında olan fotoşəkildən hər hansı bir halın müəyyən edilməsi mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(012)-3412/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3226/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3226/2021
28.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver