Məhkəmə qərarları › İş №2(105)-3227/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3227/2021

25.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3227/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili X7, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(012)-859/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(012)-859/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK-hazırki Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında Hərracların Təşkili üzrə Auksion Mərkəzində 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 №-li protokola əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanan 08.08.2018-ci il tarixli, 4090 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri RX seriyalı, ******* №-li, 31.08. 2018-ci il tarixli çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 tərəfindən ödənilmiş olan 15000 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Cavabdeh1 qaytarılması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına dair RX seriyalı, ******* №-li, 31.08.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və eyni zamanda ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış 08.08.2018-il tarixli, 4090 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyət hüquqi şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və hazırda bina tikintisi fəaliyyəti ilə məşğuldur. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizamı, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 86 nömrəli, 25.02.2016-cı il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın 1.1-ci bəndinə əsasən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən 226 yaşayış binasının və digər tikililərin sökülməsi nəzərdə tutulmuşdur. Qərarın 1.3-cü bəndində qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması, digər rayonlarla yanaşı, Nəsimi rayon İcra Hakimiyyətinə də həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 2 ünvanda yerləşən binaya texniki baxış barədə 26.07.2017-ci il tarixli rəy tərtib olunmuşdur. Həmin rəylə adıçəkilən binanın qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olması müəyyən edilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncam qəbul edilmişdir. Həmin sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, A.Bakıxanov, Ə.Qasımzadə və Ak.M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında cəmiyyətə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıca aktı tərtib edilmişdir. Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi cəmiyyətə tapşırılmışdır. Eyni zamanda, həmin sərəncam əsasında İcra Hakimiyyəti ilə cəmiyyət arasında 01.09.2017-ci il tarixli müqavilə bağlanmışdır. Hazırda cəmiyyət tərəfindən adıçəkilən ərazidə köçürülmə işləri həyata keçirilir. Lakin köçürülmə zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən və ümumı sahəsi 47.8 kv.m olan qeyri-yaşayış sahəsi 31.08.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin qeydiyyat əsassız olduğundan ləğv edilməlidir. Belə ki, sadalanan hallardan da göründüyü kimi, mübahisə predmeti olan bina 2017-ci il tarixdə cəmiyyətə ayrılmış, Cavabdeh1 qeyri-yaşayış sahəsini daha sonra öz mülkiyyətinə keçirmişdir. Belə ki, 08.08.2018-ci il tarixli, 4090 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən cavabdehə satılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri yaşayış sahəsinin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına dair RX seriyalı, ******* nömrəli, 31.08.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ƏMDK ilə Cavabdeh1 arasında bağlanmış 08.08.2018-il tarixli, 4090 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, qətnamə qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, qeyri yaşayış sahəsinə dair onunla alqı-satqı müqaviləsi 08.08.2018-ci il tarixdə olmuşdur. Həmin vaxt binaya baxış keçirmiş, bina yerində olmuşdur. Bundan 4-5 gün sonra ona məxsus obyektin yerləşdiyi bina iddiaçı tərəfindən qanunsuz olaraq sökülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan da görünür ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri yaşayış sahəsi onun adına **********86-05101-083017 reyestr nömrəsi ilə 31.08.2018-ci il tarixdə qeydiyyata alınmış və tam mülkiyyətində olduğu halda, zirzəminin üstündəki mənzilin mülkiyyətçisi X5 ilə alıcı İddiaçı arasında 01 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin zirzəmi mənzilin ümumi sahəsinə hesablanmışdır. Birinci instansiya məhkəməsi də bunu əsas gətirərək iddiaçının iddiasını təmin etmiş, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunan faktların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, əsassız və qanunsuz olaraq iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul edilmişdir. Qətnamənin qəbulu bir vətəndaş olaraq onun hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 08.08.2018-ci il tarixli, 4090 saylı müəssisənin (obyektin) alqısatqı müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini alıcı Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 nömrəli protokola əsasən satın aldığı 47,8 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həmin qeyri-yaşayış sahəsini satmış, alıcı Cavabdeh1 isə müqavilədə göstərilən şərtlərlə ünvan 4 ünvanında yerləşən 47,8 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 15000 manata satın alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri yaşayış sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında 31.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 212 nömrəli reyestr kitabının 19972 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 08.02.2017-ci il tarixli qeyri-yaşayış sahəsinin istismar müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 37,5 kv.m. olan zirzəmi sahəsinin icarədarı X4r. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 28 avqust 2017-ci il tarixli, 227 saylı sərəncamının surətindən görünür ki, “Pearİ Construction” məhdud məsuliyyətli cəmiyyətinə Nəsimi rayonu, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimal-şərq hissəsində yerləşən, ərazinin tikinti planlaşdırma eskizindəki 1 saylı yaşayış ərazisində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 0,46 ha torpaq sahəsi 49 illik icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2017-ci il tarixli, 230 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı rəhbər tutularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1325 saylı, 24.07.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimal-şərq hissəsində yerləşən, qəzalı vəziyyətdə olan 4 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış binalarının sökülərək yerində İddiaçı tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05 oktyabr 2018-ci il tarixli, 304 saylı sərəncamının surətindən görünür ki, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş ER-15/619 saylı, 04 oktyabr 2017-ci il tarixli ekoloji ekspertiza rəyindən görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimalqərb hissəsində, yararsız vəziyyətdə olan yaşayış və qeyri-yaşayış tikililərinin yerləşdiyi 0,46 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binaları tikintisinin layihələndirilməsi məqsədilə İddiaçı tərəfindən istifadə olunmasına rəsmiləşdirilməsi hüquqi sənədlər və qeyd olunan şərtlər daxilində etirazı olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən tərtib olunmuş 26 iyul 2017-ci il tarixli aktdan görünür ki, Agentliyin əməkdaşları tərəfindən ünvan 5 ünvanda yerləşən yaşayış binasına vizual texniki baxış keçirilməsi nəticəsində binanın əlavə quraşdırmalar aparıldığından, ümumiyyətlə, mövcud tikinti norma və qaydalarına, mövcud şəhərsalma tələblərinə cavab vermədiyi müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli, 2(006)-772/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı qeyri-yaşyış sahəsinin mülkiyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə iddia rədd edilmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 28 avqust 2017-ci il tarixli, 227 saylı sərəncamı ilə “Pearİ Construction” məhdud məsuliyyətli cəmiyyətinə Nəsimi rayonu, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimalişərq hissəsində yerləşən, ərazinin tikinti planlaşdırma eskizindəki 1 saylı yaşayış ərazisində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 0,46 ha torpaq sahəsi 49 illik icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısını 30 avqust 2017-ci il tarixli 230 saylı sərəncamı ilə müəyyən edilir ki, Bakı şəhəri Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimali-şərq hissəsində yerləşən, qəzalı vəziyyətdə olan 4 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış binalarının sökülərək yerində İddiaçı tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin əraziplanlaşdırma sənədləri təsdiq olunmuş, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05 oktyabr 2018-ci il tarixli, 304 saylı sərəncamı ilə Azadlıq prospekti, A.A Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5.-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd edilən sərəncamlar əsasında “Pearİ Construction” məhdud məsuliyyətli cəmiyyəti həmin bina sakinləri ilə mənzil sahələrinin alqı-satqısını həyata keçirmiş, 2018-ci ilin iyun-avqust aylarında həmin ərazidə iddiaçı tərəfindən söküntü işləri aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 saylı protokola əsasən 08.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən 47,8 kv.m qeyri-yaşayış sahəsini satış qiyməti ilə 15000 manata alıcı Cavabdeh1 almışdır. Halbuki hərrac keçirilən zaman qeyri-yaşayış sahəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan artıq sökülmüşdür. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(012)-859/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar