Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-323/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sığortaçının subroqasiya hüququnun yaranması, sübutların tədqiqi və qiymətləndirilməsi) X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(027)-1130/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İşin halları:
1. Mülki işin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 18:30 radələrində Quba şəhəri, Vaqif küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “BMV X-5 minik” markalı, 44-BU977 dövlət qeydiyyat nişanlı avtomobil, X5 idarə etdiyi “VAZ 2115” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir.
2. “BMV X-5 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.
3. Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2019-cu il tarixdə Quba şəhəri, Vaqif küçəsində yol nəqliyyat hadisəsi nəticəsində baş verməsi, hadisənin baş verməsində təqsirli şəxsin Cavabdeh olması, “VAZ 2115” markalı, **-BK-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 1112 manat təşkil etməsi göstərilmişdir.
4. xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
5. xx.xx.2019-cu il tarixli ziyan aktından görünür ki, “VAZ 2115” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1112 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1112,00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (31,12 manat) Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 18:30 radələrində Quba şəhəri, Vaqif küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “BMV X-5 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil, X5 idarə etdiyi “VAZ 2115” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “BMV X-5 minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli ziyan aktından görünür ki, “VAZ 2115” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1112 manat məbləğində zərər dəymişdir. xx.xx.2019-cu il tarixli ödəniş sənədinə əsasən, 1112 manat iddiaçı tərəfindən X6 bank hesabına ödənilmişdir. Quba RPŞ-nin DYPB-nin xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 1xx-xx/25105-1219 saylı YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Hüseynov X8 Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
8. Quba Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(027)-1130/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1112,00 manat pul vəsaiti və ödənilmiş 31,12 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, iddia tələbini təmin etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 925.1, 926.1, 926.2, 926.3, 930.1, 933.1.1, 933.1.2, 936.1, 936.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119, 284-6.1, maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin e- 2(027)-1130/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, həmin qətnamədən o yalnız xx.xx.2023-cü il tarixdə Quba İcra və Porabasiya Şöbəsi tərəfindən məcburi əmək haqqına yönləndirmə edildikdən və əmək haqqından tutulma olduqdan sonra məlumatlı olmuşdur. İşə baxan məhkəmə onun iştirakını təmin etməmiş və hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. "xxxx" ASC xx.xx.2019-cu ildə baş vermiş hadisə üzrə etdiyi ödənişin əvəzini 3,5 il sonra tələb etmişdir ki, iddiaçı məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. İddiaçının müqavilə üzrə öhdəliyin tələb etmə müddəti Mülkü Məcəllənin 373-cü Maddəsinin 373.2 ci bəndinə əsasən aydın şəkildə qeyd olunmuşdur. İddiaçı bu müddəti ötürmüşdür. Məhkəmə isə həmin müddətin ötürülməsini əsas götürülməsi üçün cavabdehin iştirakını təmin etməli idi. Bu halda o hüquqlarını müdafiə edə bilərdi. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəyə əsasən ümumi iddia müddəti on il təşkil edir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
16. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.)
17. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə görə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(027)-1130/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Hazırda mübahisələndirilən məsələ iddiaçının sığortaladığı avtomobilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə pul tələbidir.
23. Məhkəmə kollegiyası razılaşır ki, hazırki işdə cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmaqla, sonuncunun barəsində təqsirli olmasını təsdiq edən müvafiq səlahiyyətli orqanın qərarı mövcuddur.
24. Bundan əlavə hazırki işdə cavabdehin inzibati məsuliyyəti deyil, deliktə görə mülki məsuliyyət daşıması araşdırılmalı, onun mülki məsuliyyət daşıyıb-daşımamasına hüquqi qiymət verilməlidir.
25. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yolnəqliyyat hadisəsində təqsiri mülki qanunvericiliyin deliktlə əlaqədar normalarına uyğun müəyyən edilməlidir.
26. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş zərərə görə mülki məsuliyyətin müəyyən olunması məqsədi ilə işdə olan bütün sənədləri tədqiq etməklə və onlara hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir.
27. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsaslı olmadığından təmin edilməməlidir.
28. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamışdır. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi cavabdeh dəymiş ziyanın məbləğini deyil, onun iş üzrə cavabdehlik daşımalı olmamasını, yəni iddiaçı tərəfindən sığorta ödənişinin həyata keçirildiyi vaxtdan artıq 3 ildən çox müddətin keçməsi səbəbindən iddiaçının tələbetmə hüququ üçün iddia müddətini ötürməsini mübahisələndirmişdir.
29. Kollegiya bu hissədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qeyd edir ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir.
30. Digər tərəfdən. apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmamаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(027)-1130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.