Məhkəmə qərarları › İş №2(105)-3231/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3231/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3231/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X7 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(012)-2974/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(012)-2974/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməsi yolu ilə mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh1 İddiaçı, X4, X5, X11 və Ağayeva Gültəkin Fehruz qızına qarşı evə istifadə hüququnun tanınması və bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə hər iki iddia rədd edilmiş, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 3600 manat məbləğində kompensasiya verilməsi yolu ilə övladları 2014-cü il təvəllüdlü Ağayev Tuncay və 2017-ci il təvəllüdlü Ağayev Tunar ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsində yerləşən 58 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona və paylı mülkiyyətçilər X8 və X5 məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər onun qardaşı və qardaşı arvadıdır, ona qarşı mütəmadi olaraq təhqiramiz ifadələr işlədirlər, atası X11 da əsassız böhtanlar atırlar. Bu səbəbdən də cavabdehlərlə birgə eyni evdə yaşamaq qeyri-mümkündür. Cavabdehlər onlardan dəfələrlə əsassız olaraq polisə şikayət etmişlər. Belə olan halda cavabdehlər kompensasiya verilməklə fərdi yaşayış evindən çıxarılmalıdırlar. Ona məxsus evin yerləşdiyi ərazidə evinin şəraitinə uyğun kirayə haqqı 100 manat təşkil etməsini nəzərə alaraq Cavabdeh2 və Cavabdeh1 3600 manat məbləğində kompensasiya verilməsi yolu ilə övladları 2014-cü il təvəllüdlü Ağayev Tuncay və 2017-ci il təvəllüdlü Ağayev Tunar ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Cavabdeh2 və Cavabdeh1 İddiaçı, X4, X5, X11 və Ağayeva Gültəkin Fehruz qızına qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı onlara qarşı qaldırdığı kompensasiya vermək yolu ilə yaşayış sahəsindən çıxarılma barədə iddiasının rədd olunması, qarşılıqlı iddianın təmin olunaraq onların İddiaçı, X8 və X2 mülkiyyətində olan və ünvan 2 saylı evə istifadə hüquqlarının tanınması və Ağayeva Gültəkin Fehruz qızı ilə İddiaçı, X8 və X9 arasında 26.10.2020-ci il tarixdə “Sumqayıt ASAN” xidmətində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı onun bacısıdır. Onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdeh1 ilə 10.10.2013-cü ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 09.09.2014-cü ildə Tuncay və 29.03.2017-ci ildə Tunar adlı uşaqları doğulmuşdur. İstifadə hüququnun tanınmasını istədiyi ev əvvəllər ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmamışdı. Buna görə də onlar Sumqayıt Şəhər Məhkəməsində evə köçürülmə barədə iddia qaldırmışdılar. Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(060)- 3526/2015 saylı qətnaməsinə əsasən onların hazırki cavabdehlərə qarşı iddiası təmin olunaraq ünvan 2 ünvanına köçürülmələri qət olunmuşdur. Həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 04 mart 2016-cı il tarixli qərarı ilə qüvvədə qalmışdır. Hər iki ailə qeyd olunan ünvanda yaşayır. Aralarında mütəmadi olaraq mübahisələr, dava-dalaşlar olduğu üçün cavabdehlər X14 və Ağayeva Gültəkin Fehruz qızına qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək qanunsuz tikilmiş mal tövləsinin sökülməsi, evdən və həyətyanı sahədən istifadə qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(060)- 779/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsində iddiaya baxılarkən cavabdehlər tərəfindən məhkəməyə fərdi yaşayış evinin ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən qeydiyyata alınmasına dair çıxarış təqdim edilmişdir. Həmin vaxt ev artıq anası Gültəkin Ağayevanın xüsusi mülkiyyətində olmuşdur. İddiaçı adından Abşeron Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsi onlara çatdıqdan sonra məlum olmuşdur ki, anası 26.10.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət”ində bağışlama müqaviləsi bağlamaqla yaşayış evini bacıları İddiaçı, X8 və X5 bağışlamışdır. Onun qeyd olunan evdə istifadə hüququnun olmaması səbəbindən bağışlama müqaviləsi bağlanarkən razılığı alınmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslanmışlar ki, qətnamə qanunsuz və əsassızdır. X1 Racim Rasim oğlunun atası, Ağayeva Gültəkin Fehruz qızı anası, İddiaçı, X8 və X9 isə bacılarıdır. Onlar 10.10.2013-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 09.09.2014-cü ildə Tuncay və 29.03.2017-ci ildə Tunar adlı uşaqları doğulmuşdur. İstifadə hüquqlarının tanınmasını istədikləri ev əvvəllər ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmamışdır. Ona görə də onlar Sumqayıt Şəhər Məhkəməsində evə köçürülmə barədə iddia qaldırmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(060)-3526/2015 saylı qətnaməsinə əsasən onların hazırki cavabdehlərə qarşı iddiası təmin olunaraq ünvan 2 ünvanına köçürülmələri qət olunmuşdur. Həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 04 mart 2016-cı il tarixli qərarı ilə qüvvədə qalmışdır. Hər iki ailə qeyd olunan ünvanda yaşayır. Aralarında mütəmadi olaraq mübahisələr, dava-dalaşlar olduğu üçün cavabdehlər X14 və Ağayeva Gültəkin Fehruz qızına qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək qanunsuz tikilmiş mal tövləsinin sökülməsi, evdən və həyətyanı sahədən istifadə qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(060)- 779/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsində iddiaya baxılarkən cavabdehlər tərəfindən məhkəməyə fərdi yaşayış evinin ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən qeydiyyata alınmasına dair çıxarış təqdim edilmişdir. Həmin vaxt ev artıq anası Gültəkin Ağayevanın xüsusi mülkiyyətində olmuşdur. İddiaçı adından Abşeron Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsi onlara çatdıqdan sonra məlum olmuşdur ki, anası 26.10.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət”ində bağışlama müqaviləsi bağlamaqla yaşayış evini bacıları İddiaçı, X8 və X5 bağışlamışdır. Onun qeyd olunan evdə istifadə hüququnun olmaması səbəbindən bağışlama müqaviləsi bağlanarkən razılığı alınmamışdır. Qeyd olunan evi Cavabdeh2 atası ilə birgə inşa etmişdilər. Ev onun tikilməsində əziyyəti olan şəxsə deyil, başqalarına, yəni ərə gedərək başqa ünvanlarda yaşayan qızlara bağışlanmışdır. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilib İddiaçı, X8 və X2 mülkiyyətində olan ünvan 2 saylı evdən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdehlər X8, X9, X14 və Ağayeva Gültəkin Fehruz qızı məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 26.10.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılaraq 4Ə-1578 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Ağayeva X12 rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsi, ev 58 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən, ümumi sahəsi 124,60 kvadratmetr olan fərdi yaşayış evinin 1/3 hissəsini İddiaçı, 1/3 hissəsi X4 və 1/3 hissəsi X5 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 124,60 kvadratmetr olan fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi X3 və 1/3 hissəsi X2 adlarına 16.11.2020-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikah 10.10.2013-cü il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanılaraq 750 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 nikahından 09.09.2014-cü il tarixdə X17 və 29.03.2017-ci il tarixdə X18 anadan olmuşlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(060)-779/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X11 və Ağayeva Gültəkin Fehruz qızına qarşı qanunsuz tikilmiş mal tövləsinin sökülməsi, evdən və həyətyanı sahədən istifadə qaydasının müəyyən olunması barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2015-ci il tarixli, 2(060)-3526/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X11 və Ağayeva Gültəkin Fehruz qızına qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X10 və Ağayeva Gültəkin Fehruz qızının istifadələrində olan Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsi ünvanında yerləşən 29 saylı evə köçürülmələri qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2015-ci il tarixli, 2(105)-1529/2015 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X10 və Ağayeva Gültəkin Fehruz qızının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2015-ci il tarixli, 2(060)-3526/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2016-cı il tarixli, 2(102)-779/2016 saylı qərarının surətindən görünür ki, cavabdeh X10 və Ağayeva Gültəkin Fehruz qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2015-ci il tarixli, 2(105)- 1529/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.4-cü maddəsinə əsasən sərəncam hüququəmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin mübahisə edilməyən hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.05.2015-ci il tarixli, 2(060)-3526/2015 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X10 və Ağayeva Gültəkin Fehruz qızının istifadələrində olan Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov küçəsi ünvanında yerləşən 29 saylı evə köçürülmüşlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(012)-4747/2021 saylı qətnaməsi ilə İddiaçı, X3 və X2 Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, iddiaçılar İddiaçı, X4 və X5 məxsus daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi, 0,06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi, ümumi sahəsi 124,60 kv.m olan 58 saylı olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7000 manat məbləğində kompensasiya verilməklə, uşaqları 09.09.2014-cü il təvəllüdlü X17 və 29.03.2017-ci il təvəllüdlü X18 ilə birlikdə fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 666.2-ci maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Ağayeva Gültəkin Fehruz qızına məxsus olmuş və o, 26.10.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılaraq 4Ə-1578 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin torpaq sahəsinin və fərdi yaşayış evinin 1/3 hissəsini İddiaçı, 1/3 hissəsi X4 və 1/3 hissəsi X5 bağışlamışdır. Azərbaycan Respublikasının MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 26.10.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılaraq 4Ə-1578 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı əsas məhkəmə iclası zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya aid hissədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(012)-2974/2021 saylı qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar