Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-324/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-3316/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-3316/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Məlahət Abbasova) İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********42600) dair hesablanmış 486 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 023305 saylı akta əsasən 486 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndində yaşayır. Yaşadığı evə Cavabdeh ” İstehsalat Birliyi tərəfindən sayğac vasitəsi ilə qaz verilir. Sayğac yaşadığı evdən kənarda yerləşir. Cavabdeh əməkdaşları tərəfindən həmin sayğac yoxlanılması üçün sökülərək yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac laboratoriya yoxlamasından keçirilən zaman sayğacın yararsız hala düşməsi aşkarlanmış, bu barədə olan aktda sayğacın plastmas borusunun deşilməsi qeyd olunmuşdur. Buna görə də ona ******* və ******* saylı aktlara əsasən 486 manat məbləğində dəymiş ziyan yazılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən yazılmış 486 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə 28.12.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borca dair iddiaçının iddia tələbini təmin etməzdən əvvəl, iddiaçı barəsində sayğacsız qaz sərfiyyatına görə tərtib olunmuş akt üzrə hesablanmış borcuna istinad etmiş, lakin maddi hüquq norması baxımından qəbul etmiş olduğu qətnamədə bunu əsaslandıra bilməmişdir. Məhkəmə iddia tələbində qeyd edilən borcun silinməsi üçün hər hansı əsası iddiaçıdan tələb etməmişdir. Beləliklə, qətnamə yalnız iddiaçının mülahizəsinə əsaslanmışdır. Həmçinin qətnamədə məhkəmə iddiaçının təqsirsizliyini ifadə etsə belə, təqsirsizliyinə aid hər hansı sübuta söykənməmişdir. İddiaçıya sayğacsız günlər üçün istifadə etdiyi təbii qaz borcuna görə Cavabdeh İB tərəfindən həmişə aşağı məbləğli borclar hesablanmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır, qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır, xüsusi qutuya da yerləşdirilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.12.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 28 dekabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********42600) itirilmiş qazın sərfiyyatı 4860 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********42600) akta görə borc 486 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır. Cavabdeh Abşeron Qaz İdarəsinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-3316/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-324/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-324/2022
13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver