Məhkəmə qərarları › İş №2(105)-3240/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3240/2021

23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3240/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, İşə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8, nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şabran rayon Notariat Ofisinə qarşı X7 miras qalmış Şabran rayonu, Söhbətli kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan tam şəkildə pay hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-397/2021 saylı, 18 may 2020-ci il tarixli qətnaməsindən işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 2(031)-397/2021 saylı, 18 may 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X7 miras qalmış Şabran rayonu, Söhbətli kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı vərəsəlik hüququ tanınaraq mirasdan tam şəkildə pay hüququ müəyyən edilmişdir. (hakim Ç.İsgəndərov) Qətnamədən işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8 apelyasiya şikayəti verərək, onun ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq X7 miras qalmış Şabran rayonu, Söhbətli kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan tam şəkildə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, qaynanası X13 mülkiyyətində Şabran rayonu, Söhbətli kəndi ərazisində torpağın mülkiyyətə verilməsinə dair JN-047F, kod 30403048 olan şəhadətnaməyə əsasən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi, torpağa mülkiyyət hüququna dair JN-0057, kod 30403048 olan dövlət aktına əsasən 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, X26 05.10.2009-cu ildə vəfat etdiyindən qeyd olunan əmlakları övladı yəni, onun həyat yoldaşı X3 rayonu, Söhbətli kəndində yerləşən fərdi yaşayış evində yaşamaqla, miras əmlaklara sahiblik etməklə, miras əmlakları idarə etməklə miras olaraq qəbul etmişdir. X15 digər övladları Cavabdeh1 və Cavabdeh2 mirasın qəbuluna dair mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmişlər və X26 vəfat edəndən sonra ona məxsus olmuş Şabran rayonu, Söhbətli kəndində yerləşən evdə yaşamamışlar, onun əmlaklarına sahiblik və onun əmlaklarını idarə etməmişlər. Beləliklə miras əmlaklardan X9 tam şəkildə pay hüququ yaranmışdır. Həyat yoldaşı X14 08.03.2020-ci ildə ölmüş və sağlığında vərəsəlik şəhadətnaməsi almamışdır. Həyat yoldaşı X7 Şabran rayonu, Söhbətli kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras olaraq qalmışdır. X9 miras əmlaka dair vəsiyyətnaməsi də olmamışdır. X14 öləndən sonra o, həyat yoldaşından miras qalmış Şabran rayonu, Söhbətli kəndində yerləşən fərdi yaşayış evində yaşamaqla, miras əmlaklara sahiblik etməklə, miras əmlakları idarə etməklə, ödənişləri ödəməklə mirası qəbul etmişdir. Ona görə də o, X7 miras qalmış Şabran rayonu, Söhbətli kəndi ərazisində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan tam şəkildə pay hüqunun müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir ki, X7 miras qalmış Şabran rayonu, Söhbətli kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan tam şəkildə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İşə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031 )-397/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi əsassız və qeyri obyektivdir. Belə ki, anası X15 mülkiyyətində Şabran rayonu, Söhbətli kəndi ərazisində torpağın mülkiyyətə verilməsinə dair JN-047F, kod 30403048 olan şəhadətnaməyə əsasən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi, torpağa mülkiyyət hüququna dair JN-0057, kod 30403048 olan dövlət aktına əsasən 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, anası X26 05.10.2009-cu ildə vəfat etdiyindən qeyd olunan miras əmlaklara sahiblik etməklə, miras əmlakları idarə etməklə miras olaraq qəbul etmişdir. Anası vəfat edəndən sonra onu o, dəfn etmişdir. Həmçinin anası vəfat edəndən sonra ondan miras qalmış Şabran rayonu, Söhbətli kəndində yerləşən evi öz vəsaiti hesabına təmir etdirmişdir. Anasının sağlığında miras əmlaklara dair vəsiyyətnaməsi olmamışdır. X1 Rusiya Federasiyasının vətəndaşı olmuş, o və onun həyat yoldaşı İddiaçı Rusiya Federasiyasında yaşamışlar və arada-bir Şabran rayonu, Söhbətli kəndində yerləşən anasına məxsus evə gəlib getmişlər. Göründüyü kimi qardaşı anasından miras qalmış əmlakları vərəsə kimi qəbul etməmişdir və edə də bilməzdi. X1 anasından qalmış mirası qəbul etsə idi adına vərəsəlik şəhadətnaməsi almalı idi. Belə bir bir sənəd isə yoxdur. X1 08.03.2020-cı ildə vəfat edəndən sonra İddiaçı Şabran rayonu, Söhbətli kəndində yerləşən anasına məxsus evdə məskunlaşmışdır. İddiaçı isə onun anasından miras qalmış əmlaklara heç bir aidiyyatı yoxdur. İddiaçı iddiası əsassızdır. Ona görə də qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8, nümayəndəsi və vəkili X10 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iştirak etdikləri iclasında digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məzlun Cavadovun izahatını təsdiq etdiklərini bildirdilər. Lakin onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən sonuncu məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Şabran rayonu Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İ seriyalı, 641664 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X16 12 yanvar 2011-ci ildə nikaha daxil olmuşlar. İşə əlavə edilmiş AZ-İ seriyalı, 381779 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X27 05 oktyabr 2009-cu ildə ölmüşdür. Yenə işə əlavə edilmiş İİİ-DN seriyalı, 581025 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 08 mart 2020-ci ildə ölmüşdür. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-047F KOD30403048 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslaha Komissiyasının 01 dekabr 1998ci il tarixli 09 saylı qərarına əsasən X15 mülkiyyətinə 0.21 ha torpaq sahəsi verilmişdir. Yenə işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, mərhum X15 adına olan 0.64 ha torpaq sahəsinə JN-0057 KOD 30403048 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazidarəsinə təhvil verilmiş dövlət aktının verilməsi kitabından qeydiyyatdan keçmiş, DVJ məlumatlarında öz əksini tapmışdır. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0057 KOD 30403048 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli, 03 saylı qərarına əsasən X15 mülkiyyətinə 0.64 ha torpaq sahəsi verilmişdir. Yenə işə əlavə edilmiş Şabran RİHB-nın Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəifndən verilmiş 22 dekabr 2020-ci il tarixli, 868 saylı arayışdan görünür ki, mərhum X26 05.10.2009-cu il tarixində vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şabran rayonu Söhbətli kəndində qeydiyyatda olub və yaşamış, vəfat etdikdən sonra ailə üzvləri – qızları Cavabdeh1 və Cavabdeh2 qalmışdır. Yenə də işə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2020-ci il tarixli, 190 saylı məktubdan görünür ki, 05.10.2009-cu il tarixdə vəfat etmiş X11 miras qalmış əmlakın qəbuluna dair vərəsələr arasında mübahisə olduğundan və Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində göstərilən müddətlər keçirildiyinə görə Azərbaycan Respublikası MM-nin 1248-ci maddəsinə əsasən Şabran Rayon Məhkəməsinə müraciət edilməlidir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-397/2021 saylı, 18 may 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qənamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 05.10.2009-cu ildə vəfat etmiş qaynanası X12 Şabran rayonu, Söhbətli kəndi ərazisində torpağın mülkiyyətə verilməsinə dair JN-047F, kod 30403048 olan şəhadətnaməyə əsasən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi, torpağa mülkiyyət hüququna dair JN-0057, kod 30403048 olan dövlət aktına əsasən 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. İddiaçı iddia edir ki, Əsli Ağasiyeva 05.10.2009-cu ildə vəfat etdiyindən qeyd olunan əmlakları övladı yəni, onun əri X3 rayonu, Söhbətli kəndində yerləşən fərdi yaşayış evində yaşamaqla, miras əmlaklara sahiblik etməklə, miras əmlakları idarə etməklə miras olaraq qəbul etmişdir. Ona görə də özünü ərinin varisi hesab edərək hazırki iddianı qaldırmışdır. İşə baxan məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır və mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hər şeydən əvvəl, qeyd edilməlidir ki, iddia tələbinin özü düzgün müəyyən edilməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı mərhum əri X7 miras qalmış Şabran rayonu, Söhbətli kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, 0.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan tam şəkildə pay hüququnun müəyyən edilməsini tələb edir. Halbuki, işdən görünür ki, mirasqoyan Hüseyn Ağasiyev yox, Əsli Ağasiyevadır. Miras əmlak Əsli Ağasiyevanın mülkiyyətində olmuşdur. X2 05.10.2009-cu ildə vəfat etmiş və onun ölümündən sonra yuxarıda qeyd edilmiş daşınmaz əmlaklar miras qalmışdır. Eləcə də onun birinci dərəcəli vərəsələri kimi övladları, iddiaçının əri X14, iş üzrə cavabdeh olan qızları Cavabdeh1 və Cavabdeh2, oğlu-işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan X8 qalmışdır. AR Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Yenə həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə isə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir Həmin Məcəllənin 1159.1-ci və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. AR Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Yenə həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcələnin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yenə Mülki Məcəllənin 1252-ci maddəsinə(irsi transmissiya) əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. İddiaçının mərhum əri Hüseyn Ağasiyevin, Hüseyn Ağasiyevin isə Əsli Ağasiyevanın birinci növbədə vərəsəsi olması işin mübahisəsiz halıdır. Lakin qeyd edildiyi kimi iddiaçı, miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölmüş ərinin vərəsəsi olaraq mirasdan pay tələb etmək əvəzinə, miras əmlakın iddiaçı əri X7 miras qalmış əmlak kimi qəbul edərək hazırki iddianı irəli sürmüşdür. Halbuki, həmin halda indiki cavabdehlər ikinci növbə vərəsə kimi heç cavabdeh ola bilməzdilər. Digər tərəfdən Rusiya Federasiyasının vətəndaşı olan iddiaçının mərhum ərinin mirası qəbul etməsi faktının özü də müəyyən edilməmiş qalmışdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırki mübahisə Hüseyn Ağasiyev yox, Əsli Ağasiyevadan miras qalmış əmlak barəsindədir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2020-ci il tarixli, 190 saylı məktubdan da görünür ki, 05.10.2009-cu il tarixdə vəfat etmiş X11 miras qalmış əmlakın qəbuluna dair vərəsələr arasında mübahisə olduğundan və Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində göstərilən müddətlər keçirildiyinə görə Azərbaycan Respublikası MM-nin 1248-ci maddəsinə əsasən Şabran Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir və bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-397/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinə görə ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq X5 qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-397/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilsin, apellyasiya şikayətinə görə ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq X5 qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar