Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3243/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X8 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(074)-496/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialınınapellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(074)-496/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair mülki iş üzrə ərizə təmin edilmiş, X32 filialının 22.09.2020-ci il tarixli, 145 saylı arxiv çıxarışının və arayışlarının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Arxivi Şamaxi filialı tərəfindən verilmiş işə qəbul və işdən çıxmaya dair əmrləri özündə əks etdirən 22 sentyabr 2020-ci il tarixli, 145 saylı, 1980- 1996-cı illər üzrə aldığı əmək haqqlarını əks etdirən 22 sentyabr 2020-ci il tarixli, 145 saylı arayışların ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün DSMF-nin 7 saylı Şamaxı Regional İdarəsinə müraciət edərək sənədlərini təqdim etmişdi. Təqdim edilmiş arxiv arayışlarında adı həm Gülbəniz, həm də Əsli kimi qeyd olunduğundan həmin sənədlərin ona məxsus olmasını müəyyən edən məhkəmə qərarı tələb olunduğu bildirilmişdi. O, xx.xx.1963-cü il tarixdə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Sənəd üzrə adı Gülbəniz olsa da, el arasında hamı onu Əsli kimi tanıyır, kənddə də ondan başqa bu adı daşıyan ikinci şəxs yoxdur. Hətta çox adam sənəd üzrə adının Gülbəniz olmasını bilmir. Ərizəçi ilə X11 eyni adamdır .Azərbaycan Respublikası Dövlət Arxivi Şamaxi filialı tərəfindən verilmiş işə qəbul və işdənçıxmaya dair əmrləri özündə əks etdirən 22 sentyabr 2020-ci il tarixli, 145 saylı, 1980-1996-cı illər üzrə aldığı əmək haqqlarını əks etdirən 22 sentyabr 2020-ci il tarixli, 145 saylı arayışların ona məxsus olmasını təsdiq edən şahidlər də vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraatı zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir), ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarına əsasən ərizəçinin mövcud sənədlərdə olan səhvlərin aradan qaldırılması ilə bağlı müvafiq orqana hər hansı bir müraciəti mövcud deyildir. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının- soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə bu halları araşdırmamışdır. Maraqlı şəxs apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X18 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Ərizəçi X2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X32 filialının 22.09.2020-ci il tarixli, 145 saylı arxiv çıxarışından görünür ki, X1 adına sovxozun direktorunun 19.09.1979-cu il tarixli, 97 saylı əmri ilə fəhlə kimi işə qəbul edilmiş, Ərizəçi 02.01.1997-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X32 filialının 22.09.2020-ci il tarixli, 145 saylı arxiv arayışından görünür ki, Əhmədova (Osmanova) Əsli (Gülbəniz) Əlişirin qızı 1980-1989-cu illərdə Xəqani adına sovxozda işləmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X32 filialının 22.09.2020-ci il tarixli, 145 saylı arxiv arayışından görünür ki, Əhmədova (Osmanova) Əsli (Gülbəniz) Əlişirin qızı 1990-1996-cı illərdə Xəqani adına sovxozda işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X32 filialının 22.09.2020-ci il tarixli, 145 saylı arxiv arayışından görünür ki, Ərizəçi 2002-2012-ci illərdə Şamaxı rayon Quşçu kənd nümayəndəliyində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X32 filialının 22.09.2020-ci il tarixli, 145 saylı arxiv arayışından görünür ki, Ərizəçi 2013-cü ilin yanvar, fevral, mart və aprel aylarında Şamaxı rayon Quşçu kənd nümayəndəliyində işləmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X4 arasındakı nikah 04.09.1990-cı il tarixdə bağlanmışdır, nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 22.01.2021-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, Ərizəçi X21 rayon filialının arxiv arayışlarında qeyd olunmuş 19.09.1979-cu ildən 02.01.1997-ci il tarixinədək, 1980-ci ildən 1989-cu ilədək, 1990-cı ildən 1997-ci ilədək və 2002-ci ildən 02.10.2006-cı il tarixinədək dövrlərin əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.02.2021-ci il tarixli, 130 saylı arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi 1990-cı il təvəllüdlü X19, 1992-ci il təvəllüdlü X13, 1994-cü il təvəllüdlü X20, 1997-ci il təvəllüdlü X23 və 1999-cu il təvəllüdlü X9 doğub 8 yaşadək tərbiyə etmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09.02.2021-ci il tarixli, 141 saylı arayışından görünür ki, Ərizəçi Şamaxı rayon Quşçu kəndində qeydiyyatdadır və X11 ilə eyni şəxsdir. İş materiallarında olan imzaları Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş X3 və X7 iştirakı ilə tərtib edilmiş 18.03.2021-ci il tarixli aktdan Ərizəçi el arasında “Əsli” adı ilə tanınır, kəndlərində “Əsli” adında başqa şəxs yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır, lakin el arasında Gülbənizi hamı Əsli adı ilə tanıyır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Ərizəçi ilə məktəbdə işləyir, adı Gülbəniz olmasına baxmayaraq, hamı Gülbənizi Əsli kimi tanıyır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Ərizəçi tanıyır. El arasında Gülbənizi hamı Əsli adı ilə tanıyır, kənddə Əsli adında başqa şəxs yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı nəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Ərizəçi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X32 filialının 22.09.2020-ci il tarixli, 145 saylı arxiv çıxarışında və arayışlarında adı qeyd edilmiş “Əsli” adlı şəxslə eyni şəxs olması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin mənasına görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən olunmasını o halda xahiş edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Maraqlı şəxs apellyasiya şikayətində ərizəçinin mövcud sənədlərdə olan səhvlərin aradan qaldırılması ilə bağlı müvafiq orqana hər hansı bir müraciətinin olmamasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi sənədlərində olan səhvlər Şamaxı rayonunun Xəqani adına sovxozda işləməsi ilə əlaqədardır. Sovxozlar ləğv olunduğundan ərizəçinin həmin təşkilata müraciəti də mümkün deyildir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(074)-496/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3243/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3243/2021
02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver