Məhkəmə qərarları › İş №2(105)-3272/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3272/2020

10.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3272/2020 10.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4225/2020 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılması, ərizəçinin Tovuz rayon məhkəməsinə müraciət etməsinin ona izah olunması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2002-ci il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyətsiz elan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi şikayəti müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və ərizəçinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, işə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ərizənin aidiyyatı üzrə Abşeron rayon məhkəməsində baxılmalı olmaması ilə əsaslandırmışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2014-cü il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 317.3 maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya müəssisəsində yerləşdirilmişdirsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Göründüyü kimi MPM-nin 317.3-cü maddəsi şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizənin məhkəmə aidiyyətini müəyyən edir. Barəsində ərizə verilən şəxsin mənafelərini nəzərə alınması, habelə işin bütün hallarının tam və tez müəyyənləşdirilməsi məqsədi ilə belə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya müəssisəsinə yerləşdirilibsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Ərizəçinin şikayətə əlavə etdiyi Maraqlı şəxs Başçısının Məmmədli kənd X7 üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən Ərizəçi və onun qızı Aysun Vəliyeva həqiqətən də Məmmədli kəndində qeydiyyatsız yaşayır. İşdən görünür ki, ərizəçi Abşeron rayon Məmmədli kəndində yaşadığını ərizəsində qeyd etmiş olsa da, birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş, ərizədə qeyd olunan bu halı araşdırmaq əvəzinə, ərizəçiyə qeydiyyatı üzrə Tovuz rayon məhkəməsinə müraciət etməli olduğu qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, ərizənin icraata götürmək məsələsini tərəflərin iştirakını təmin etməklə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinin icraata götürülməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Telman Quliyev Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar