Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-331/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı tikinti işlərinin dayandırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-165/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-165/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə dəyəcək ziyanın aradan qaldırılması üçün, X1 ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə torpaq tökmə işləri aparması nəticəsində tökülmüş torpağın İddiaçı torpaq sahəsinin səviyyəsindən artıq olan hissələrinin X1 hesabına boşaldılması qət edilmişdir. (hakim H.Əhmədov). Qətnamədən cavabdeh X3 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-165/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin geri qaytarılması və ya işin aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, atası X5 2010-cu ildə ünvan 3 ünvanında yerləşən ərazidə torpaq sahəsi götürərək ev inşa etdirmiş və həmin evi daşınmaz əmlak dövlət reyestr xidmətindən ******* nömrə ilə qeydiyyatdan keçirmişdir. İnşa edilmiş evinin yan hissəsi hasarı əvəz edir. Qonşusu, adını sonradan bildiyi X3 dalan 1, ev 14-də olan torpaq sahəsini 2013-cü ildə qardaşı Elməddinin adına etibarnamə ilə almışdır. Hazırda isə orada ev inşa etməyə başlamışlar. Ərazidəki torpağın relyefinə görə onun evinin yerləşdiyi torpağın hündürlüyü cavabdehin həyətinin digər tərəfinin torpaq hündürlüyündən 1,60 metr aşağı olmaqla fərqlidir. Cavabdeh öz həyətini düzəltmək üçün hazırda onun evinin yan divarına 1,6 metr hündürlükdə torpaq tökdürür. Bu işlərə cavabdehin qardaşı Elməddin rəhbərlik edir. Bu torpaq töküntüsünün orada yerləşdirilməsi isə yolverilməzdir. Şübhəsiz ki, belə olan halda onun evinin yan hissəsi suyun, nəmin hesabına yararsız hala düşəcəkdir, kif basacaq və gələcəkdə çökmə ehtimalı olacaqdır. Bu barədə cavabdeh tərəflə söhbət aparsalar da, cavabdehin qardaşı Elməddin onları başa düşmək istəmir. Onlar təklif etmişlər ki, evin yan divarına torpaq tökmək istəyirsə, öz tərəfindən divar hörüb “drenaj” qoydursun. Buna etiraz etməzlər. Belə olarsa, bu həm qanuna, həm də qonşuluğa uyğun olar. Lakin cavabdeh nə qonşuluğu, nə də qanunu tanımır. Onlar bu barədə Abşeron rayon İcra Hakimiyyətinə və polisə müraciət etmişlər, lakin hələ bir nəticə olmamışdır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehin qanun və qaydalara (şərtlərə) məhəl qoymaması baxımından, cavabdeh X1 onun evinin və hasarının yanı ilə öz tərəfindən divar hörüb “drenaj” qoyması, torpaq tökmə işlərinin dayandırılması və qanuna zidd hərəkətlərinə son qoyulması barədə onun haqlı iddiası təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh X3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. Cavabdeh Masallı rayonunda qeydiyyatda olduğundan mübahisəyə Abşeron deyil, Masallı Rayon Məhkəməsində baxılamlı idi. Hazırkı iddia müstəsna aidiyyat qaydalarının təsiri altına da düşmür. İşə baxan məhkəmə bu hallara düzgün qiymət verməmiş, MPM-nin 35.1-ci maddəsinin tələblərini pozmuşdur. Buna görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-165/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməli, İddiaçı iddia ərizəsinin geri qaytarılması və ya işin aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanındakı 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122,2 kv.metr, yaşayış sahəsi 73,6 kv.metr, yardımçı sahəsi 48,6 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd edilən çıxarışdan və texniki pasportdan görünür ki, fərdi yaşayış evinin L=42.5,h=2.0,b=0.2 sahəsi, 8,5 kv.m tikinti altı sahəsi olan hasarı vardır. Yenə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2020-ci il tarixli, 23109 nömrəli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində hər hansı bir (çat, kif, nəm və s...) qüsurların olmamasına baxmayaraq, gələcəkdə cavabdeh X2 məxsus ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə əlavə torpaq qatı töküldüyü halda (iddiaçının yaşayış evinin səviyyəsindən artıq), İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəyə bilər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında, 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122,2 kv.metr, yaşayış sahəsi 73,6 kv.metr, yardımçı sahəsi 48,6 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, onun qonşuluğunda yerləşən ünvan 2 ünvanı isə cavabdeh X2 məxsusdur, cavabdeh tərəfindən həmin torpaq sahəsində, iddiaçıya məxsus fərdi yaşayış evinin yan hissəsini əvəz edən hasarı qarşısında ara məsafəsi saxlanılmadan torpaq tökmə işləri aparmışdır. Hazırda cavabdehin həmin torpaq sahəsinə torpaq tökmə işləri nəticəsində ona məxsus evə və torpaq sahəsinə dəyəcək ziyanın aradan qaldırılması üçün cavabdeh tərəfindən tökülmüş torpağın onun torpağının səviyyəsindən artıq olan hissələrinin cavabdehin hesabına boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddianı təmin edərkən işdəki ekspert rəyinə, o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170, 152 və 157-ci maddələrinə istinad etmişdir. Mübahisə ilə bağlı qətnamə ilə razılaçmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində 0,03 torpaq sahəsi və orada 122,2 kv.metr ümumi sahəsi olan yaşayış evi vardır. Lakin bu torpaq sahəsinin qonşuluğunda cavabdehə məxsus torpaq sahəsinin və ya tiklinin olması barədə işdə hər hansı hüquq müəyyən edici sənəd yoxdur. Bundan başqa, iddiaçının göstərdiyi qaydada cavabdeh tərəfindən mübahisəli ərazidə torpaq tökmə işlərinin aparılması barədə də işdə hər hansı mötəbər sübut yoxdur. Belə olan halda, birinci instansiya məhkəməsinin qeyd edilən normalara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2020-ci il tarixli, 23109 nömrəli rəyinə istinad edərək iddianı təmin etməsi qanunsuzdur. Qeyd edildiyi kimi, işə baxan məhkəmə iddianı təmin edərkən maddi hüquq normaları kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170, 152 və 157-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.1.1, 69,1.2 və 9.2-cu maddələrinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Maddənin məzmunundan göründüyü kimi binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. İddiaçının ərizəsindən görünür ki, iddiaçının inşa edilmiş evinin yan hissəsi hasarı əvəz edir. Daha öncə istinad olunan maddi hüquq normalarına görə isə bu yol verilməzdir. Başqa sözlə, iddiaçı özü tikinti normalarını pozduğu halda cavabdehə qarşı əsassız tələb irəli sürmüşdür. Mülki Məcəllənin qonşuluq hüququnu tənzimləyən 170-ci maddəsinin ümumi məzmuna görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh tərəfindən istinad olunan hüquq normalarının hansı tələblərinin pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim edə bilməmiş, əksinə, Cavabdeha şikayətin dəlillərini sübuta yetirə bilmişdir. Belə ki, AR MPMnin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi və cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədikləri dövlət rüsumları onların özlərinə aid olunmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-165/2020 saylı, xx xxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X2 qarşı tikinti işlərinin dayandırılması tələbinə dair dair iddiası təmin olunmasın. İddiaçının iddia ərizəsi və cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədikləri dövlət rüsumları onların özlərinə aid olunsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-331/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-331/2021
12.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver