Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3323/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi və təbii qaz verilişinin bərpa olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(060)-4830/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(060)-4830/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 864 manat borc silinmiş və həmin qeyriyaşayış sahəsinə qaz təchizatı bərpa edilmişdir. (hakim A.Süleymanova) Həmin qətnamədən cavabdeh “Azəriqaz” İB apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(060)-4830/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.4 kvadrat metr təşkil edən qeyri-yaşayış binasında quraşdırılmış sayğacla bağlı cavabdeh «Azəriqaz» İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2020-ci il tarixli akta əsasən hesablanmış 864 manat məbləğində borcun silinməsi və bu qeyri-yaşayış binasına təbii qaz təchizatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddi ərizəsi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.4 kvadrat metr təşkil edən qeyri-yaşayış binası 2015-ci ilin avqust ayından onun xüsusi mülkiyyətindədir. Həmin tikilini o, 19 avqust 2015-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Sözügedən qeyri-yaşayış obyektini aldıqdan sonra, orada hər hansı fəaliyyət göstərilməmişdir və obyekt bağlı vəziyyətdə qalmışdır. Sözügedən obyekt onu əldə etməmişdən bir neçə il əvvəl bağlanmış və faktiki olaraq fəaliyyət göstərməmişdir. 2020-ci ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən ona məxsus qeyri-yaşayış obyektində quraşdırılmış qaz sayğacı dövri yoxlamadan keçirilmək məqsədi ilə onun iştirakı olmadan çıxarılıb aparılmış və sonradan guya qaz sayğacına müdaxilə edildiyi bəhanəsi ilə 31 may 2020-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacın proqramında 26 sentyabr 2011-ci il tarixdə “Alarm-1” qeydə alındığı və bununla da sayğaca müdaxilə edildiyi göstərilərək dəymiş ziyan kimi 864 manat məbləğində borc hesablanmışdır. O, bu barədə bir müddət əvvəl məlumatlı olmuşdur. Qeyri-yaşayış obyektini işlətmək üçün hazırlığa başlarkən qaz sayğacının qaytarılıb yerinə quraşdırılmadığını müəyyən etmiş, bununla bağlı aidiyyəti üzrə cavabdehə müraciət etdikdə ona müvafiq sənədlər təqdim olunaraq qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyan olaraq 864 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Halbuki, onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmiş, müdaxilənin edildiyi iddia olunan 26 sentyabr 2011-ci il tarixdə isə sözügedən obyekt onun deyil, “Karqotrans-2005 Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olmuşdur. “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin əsassız və qanuna zidd hərəkətləri nəticəsində o, öz mülkiyyətimdə olan qeyri-yaşayış obyektindən təyinatı üzrə istiifadə etmək imkanından məhrum edilmişdir. Dəfələrlə aidiyyəti üzrə şifahi qaydada etdiyi müraciətlər nəticəsiz qaldığından, cavabdehə yazılı müraciət edərək yol verilmiş qanunsuzluğun aradan qaldırılmasını, əsassız hesablanmış borcun sılınərək sayğacın yerinə qaytarılmasını tələb etsə də, bu müraciət nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh “Azəriqaz” İB apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 23.01.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan “M-1(160,00m3),M- 2(214200,00m3),” kimi yazılmışdır. 23.01.2020-ci il tarixdə akt tərtib olunmaqla sayğac çıxarılmış və laboratoriyada yoxlanılmısı üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğacın klapanı bağlıdır, ekranda bağlı işarəsi var, OFF rejimindən çıxarıldı, klapan açıldı, xətalar normaya uyğun deyil, sayğacın arxiv yaddaş proqramı oxundu, 26.02.2011-ci il tarixində Alarm-1 rejimi qeydə alınıb,” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşlar həmin ünvana baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və abonentin dövlətə vurduğu ziyan müəyyən edilərək 31.05.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 864 manat cərimə hesablanmışdır. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə halları hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə qarşısı alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Buna görə də həmin qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Eləcə də, iddiaçının nümayəndəsi də sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 60,4 kv.metrlik qeyri-yaşayış binası 22.08.2015-ci ildən İddiaçı mülkiyyətindədir. Yenə iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, 31.05.2020-ci il tarixdə İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 60,4 kv.metrlik qeyri-yaşayış binasında yerləşən **********00001 abonent kodu və həmin ünvana quraşdırılmış qaz sayğacı isə 1002AQ**********0 kodu altında qeydiyyatdadır. Qeyd olunan qaz sayğacının klapanı bağlıdır, ekranda bağlı işarəsi var. OFF rejimindən çıxarıldı. Klapan açıldı. Xətalar normaya uyğundur. Sayğacın arxiv yaddaş proqramı oxundu. 26.09.2011-ci il tarixində Alarm 1 rejimi qeydə alınıb. (1002AQ**********0) Dəymiş ziyan hesablansın. Yenə də iş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 may 2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 60,4 kv.metrlik qeyri-yaşayış binasına ******* saylı, 31.05.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4320 m3 qaz itkisi hesablanmışdır. İşdə olan qaz sayğacının yoxlanılması barədə metrologiya departamentinin verdiyi 08 may 2020-ci il tarixli, MSK-29/1640-00319-19 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın klapanı bağlıdır, ekranda bağlı işarəsi var, OFF rejimindən çıxarıldı, klapan açıldı, xətalar normaya uyğun deyil, sayğacın arxiv yaddaş proqramı oxundu, 26.02.2011-ci il tarixində Alarm-1 rejimi qeydə alınıb,” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Yenə işdə olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən 60,4 kv.metrlik qeyri-yaşayış binasının mülkiyyətçisi İddiaçı təbii qazdan istifadəyə görə akta əsasən 864 manat məbləğində borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(060)-4830/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirilən qeyriyaşayış sahəsi 22 avqust 2015-ci il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Həmin qeyri yaşayış sahəsi üzrə qaz sayğacına görə **********00001 saylı abonent kodu "xxxx" MMC adına qeydə alınmış və 864 manat borc hesablanmışdır. Akta görə hesablanmış 864 manat borc məbləği 26.09.2011-ci il tarixində “Alarm 1” rejimi qeydə alınması ilə bağlı yaranmışdır. Həmin borc cavabdeh təşkilat tərəfindən binanın yeni mülkiyyətçisi olan iddiaçıdan tələb olunduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, qeyriyaşayış binasının əvvəlki mülkiyyətçisinin abonent hesabına hesablanmış borca görə məsuliyyətin yeni mülkiyyətçi olan iddiaçının üzərinə qoyulması və həmin borc məbləğinin iddiaçının abonent hesabına hesablanması əsaslı hesab edilə bilməz. Binanın yeni mülkiyyətçisi olan iddiaçı həmin əmlakı alarkən borc barədə məlumatı olmadığından əmlakı yüklülüklə qəbul etmiş sayıla bilməz. Məhkəmə qaz sərfiyyatına görə əvvəlki mülkiyyətçiyə aid borcun həmin sahənin yeni mülkiyyətçi olan iddiaçıdan tələb edilməsini eyni zamanda mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmiş və qeyd etmişdir ki, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Məhkəmə iddianı rədd edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.7, 4.8, 4.9, 6.5, 6.7-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə tamamilə razılaşır və hesab edir ki, iddia təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Beləliklə, cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən sayğacın yararsız hala düşməsini əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda sadalanan normativ hüquqi aktın tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci maddəsinə(əvvəlki redaksiyada) əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə cavabdeh “Azəriqaz” İB-nin apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(060)- 4830/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3323/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3323/2021
07.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver