Məhkəmə qərarları › İş №2(105)-3371/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3371/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3371/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-574/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-574/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Etibar Hümbətov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-574/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat məbləğində pul kompensasiyası verməklə cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 “iddia tələbinin dəqiqləşməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilmiş “ev 54” ünvanının “ev 62” kimi qeyd edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 “iddia tələbinin dəqiqləşməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilmiş “1000 manat” kompensasiya məbləğinin “1500 manat” kimi qeyd edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzili iddiaçıya anası, yəni qaynanası X20 31 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlamışdır. Cavabdeh iddiaçının qardaşının arvadıdır. Cavabdeh 2008-ci ildə həyat yoldaşı X2 oğlu ilə Sumqayıt şəhərinə gəlmiş və 2009-cu ilədək yaşamışlar. 2010-cu ildə cavabadeh əri ilə birlikdə yenidən Şamaxıya qayıtmış və anası Şükufənin evində əri Zərbi-Müqəddim İbrahim oğlu ilə birlikdə yaşamışlar. 2010-cu ilin sentyabr ayında cavabdehin əri onları atıb İran İslam Respublikasına getmiş, hal-hazırda orda yaşayır. Cavabdeh 2011-ci ilin sonuna qədər öz anasının yanında yaşamışdır. 2011-ci ilin sonunda cavabdehin anasının evini yeznəsi Keyhan satdığından cavabdeh evsiz-eşiksiz qalmış, müxtəlif şəxslərin evində yaşamalı olmuşdur. 2012-ci ilin yanvar ayında cavabdehin yaşamağa evi olmadığına görə hal-hazırda iddiaçının mülkiyyətçisi olduğu mənzilə müvəqqəti yaşamağa gəlmişdir. Onun qohumluq xatirinə köçüb həmin evdə yaşamasına razılıq verilmişdir.Cavabdeh həmin mənzildən könüllülük əsasında çıxmadığından iddiaçının mülkiyyət hüququna əsassız maneə yaradır. İddiaçı cavabdehə 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya təklif edir Belə ki, bu kompensasiya ilə o, oxşar şəraitli mənzildə ən azı 3 il kirayədə qala bilər.Cavabdeh təklif etdiyi 1500 manat kompensasiya məbləği ilə razı deyil. 35000 manat məbləğində kompensasiya verildiyi təqdirdə həmin mübahisəli mənzildən çıxacağını bildirmişdir. Lakin mübahisəli mənzil üçün 35000 manat məbləğində kompensasiya verilməsi mümkün deyildir. Halbuki həmin evin qiyməti heç 10000 manat dəyərində deyil və evin ümumiyyətlə təmiri yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-574/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-574/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan AZ-İ № 326124 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 oğlu ilə Yeganə Məmi qızı arasındakı nikah 11.09.2007-ci il tarixdə Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11.09.2007-ci il tarixdə 62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Zərbi-Müqəddim”, arvada “Zərbi-Müqəddim” soyadı verilmiş, X9 oğlu 30.12.2008-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında ümumi sahəsi 60.5 kv.m olan mənzil İddiaçı qıznın tam pay üzrə mülkiyyətindədir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbə nümayəndəliyinin 10 mart 2021-ci il tarixli, 164 saylı arayışından görünür ki, X1 bir azyaşlı övladı ilə birlikdə ünvan 3 ünvanda yerləşən 1 saylı mənzildə yaşayır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 29.01.2021-ci il tarixli 2(105)-401/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dair ərizəsi Şamaxı Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli, 2(074)-417/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)- 417/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. İş materiallarında olan fıziki şəxs X10 tərəfındən verilmiş 27.06.2021-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində hal-hazırda 1 otaqlı kirayə evin qiyməti 50-60 manat civarındadır. Birinci instasiya məhkəməsi mənzilin yerləşdiyi ərazi nəzərə alındıqda mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 1500 manat təşkil edən kompensasiya məbləğinin mövcud ərazidə oxşar şəraitli ayrıca yaşayış sahəsi əldə etmək üçün ağlabatan məbləğ olmamasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 228.2, 228.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçının təklif etdiyi 1500 məbləğində pul vəsaitinin cavabdehə davamlı surətdə və uzun müddət ərzində başqa yerdə əvvəlki evə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsinə istinad etməklə iddia tələbini təmin etməməsini məhkəmə kollegiyası düzgün olmayan nəticə kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı olsa da, onun cavabdehə təklif etdiyi 1500 manat kompensasiya məbləği evdən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli Qərarında eyni zamanda qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan və nəzərə alınsa ki, cavabdeh 2012-ci ildən həmin evdə yaşayır və hazırki gündə də yaşamaqda davam edir, iddiaçının təklif etdiyi 1500 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilərkən, kompensasiyanın məbləğinin adekvat olub-olmamasını müəyyən etmək üçün başqa hallarla yanaşı, hüquqlarına xitam verilməsi tələb edilən şəxslərin yaşayış sahəsində yaşadıqları müddətin uzunluğu, onların həmin evdə istifadə hüquqlarının yaranma əsasları və vaxtı, başqa sözlə, həmin evə istifadə hüquqlarının sonradan və ya doğulduqları vaxtdan yaranması və s. hallara da qiymət verilməlidir. Bundan başqa, iddiaçı 1500 manat məbləğində pul vəsaitinin cavabdehə davamlı surətdə və ən azı üç il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsini nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfin qeyd etdiyi kimi, mübahisəli fərdi yaşayış evinə oxşar şəraitli evin aylıq kirayə haqqının 50-60 manat olması, cavabdehin kompensasiya ilə 3 il müddətinə kirayədə qala bilməsi dəlilinə qiymət verərək qeyd edir ki, 36 ay müddətinə aylıq 50-60 manat olmaqla kirayə qalması üçün 1800-2160 manat məbləğində vəsait lazımdır ki, bu da təklif edilən kompensasiyadan yüksəkdir. Bu səbəbdən də təklif edilən kompensasiya məbləği ilə eyni şəraitli evdə uzun müddət kirayədə yaşamağın mümkünlüyü öz təsdiqini tapmır. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(074)-574/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar