Məhkəmə qərarları › İş №2(105)-3388/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3388/2021

29.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3388/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MTK-ya qarşı 18.11.2019-cu il tarixli protokoldan çıxarış və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(060)-4226/2021-009 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinə dair "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 01 nömrəli, 18.11.2019-cu il tarixli protokolu, 18.11.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 Məhəmməd oğluna verilmiş mülkiyyət hüququnun qeyd edilməsinə dair ********** qeydiyyat nömrəli, 19.12.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili üzərində İddiaçı ½ hissədə, Cavabdeh2 ½ hissədə paylarının müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinə dair cavabdeh "xxxx" MTK-nə üzvlərinin ümumi iclasının 01 nömrəli, 18.11.2019-cu il tarixli protokoldan çıxarış və 18.11.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və 19.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, İddiaçı və Cavabdeh2 Qabil oğlunun birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilə 2/3 (üçdə iki) hissədə İddiaçı payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 13.06.2016-cı il tarixdə nikaha daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4091/2019 saylı, 20 may 2019cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflərin birgə nikahlarından bir oğlu 07.07.2017-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Onların nikahda olduqları müddət ərzində əri Cavabdeh2 21.10.2016-cı il tarixdə X1 "xxxx" MTK-dan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilini müqavilə əsasında almışdır. Həmin tarixdə Cavabdeh2 "xxxx" MTK-nın vermiş olduğu maliyyə arayışına əsasən həmin mənzilin dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. Onun tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə verilən 30.10.2020-ci il tarixli 215 №-li sorğuya həmin İdarənin 10 noyabr 2020-ci il tarixli **********81 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili "xxxx" MTK tərəfindən verilmiş 18.11.2019-cu il tarixli, 1 nömrəli protokoldan çıxarış və 18.11.2019-cu il tarixli maliyyə arayışı ilə Cavabdeh1 adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, tərəflərindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilə dair "xxxx" MTK-nə verilən 30.10.2020-ci il tarixli 216 №-li sorğuya həmin MTK-nın 03.11.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 21.10.2016-cı il tarixdə Cavabdeh2 X1 "xxxx" MTK-nə məxsus binadan mənzili alıb. Sonradan Cavabdeh2 13 noyabr 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə verib. Etibarnamə əsasında Cavabdeh1 22 saylı mənzili öz adına keçirərək çıxarış alıb. Bu hallar ona bu barədə digər Cavabdeh1 tərəfindən İddiaçı azyaşlı övladı ilə birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə əlaqədar ünvanına gəlmiş məhkəmə bildirişinə əsasən verilmiş sorğulara müvafiq cavabları almasından sonra məlum olmuşdur. Yaşadığı mənzilin alındığı vaxtdan əri Cavabdeh2 məxsus olmasını bilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili (yeni qaydalarla: Sumqayıt şəh. X9 küçəsi 12 M 5, m 4 ) AR ƏMDK yanında DƏDRX-nin 19.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən onun mülkiyyətindədir. İddiaçı isə keçmiş gəlinidir. Cavabdeh olan oğlu Cavabdeh2 Qabil oğlu ilə 13.06.2016-cı il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan 07.07.2017-ci il təvəllüdlü X3 adlı bir övladları olmuşdur. Bir müddət sonra cavabdehin iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2019-cu il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) onlar arasında bağlanmış nikah pozulmuş, 07.07.2017-ci il təvəllüdlü X3 cavabdehin himayəsinə verilmiş, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardımın tutulması qət edilmişdir. Oğlu artıq uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Ona məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 55 saylı evin 36 saylı mənzili 06.10.2016-cı il tarixli, AN-İ ******* № li alqı-satqı müqaviləsi ilə X2 adlı xanıma satmışdır. Həmin vəsait hesabına mübahisələndirilən mənzili-Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili almışdır. Həmin mənzil birgə yaşamaqları üçün alınmışdır. Həmçinin alqısatqı müqaviləsini ilə mübahisələndirilən mənzilin alınması tarixləri aralığından görünür ki, şəxsi evini sataraq həmin evi almışdır. Alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin ev satıldıqdan bir neçə gün sonra o biri mənzil alınmışdır. Qanunvericilikdə də qeyd olunmuşdur ki, birgə nikah dövründə əldə olunmuş əmlak birgə gəlir hesabına əldə olunmuş əmlak hesab olunur. Həmin mənzilin alınmasında nə oğlu, nə də gəlini birgə nikah dövründə əldə olunmuş vəsait qoymuşdur. Artıq uzun müddətdir ki, iddiaçı ilə digər cavabdeh oğlu ayrılıblar. Ayrıldıqları müddətdən oğlum Rusiya Federasiyasına çıxıb getmişdir. Nikahları pozulsa da, iddiaçı ona məxsus mənzildən çıxmaq istəmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mənzilin alqı-satqısını Cavabdeh1 aparmış, alqı-satqıda da iddiaçının qaynatası, yanında böyük ya da ortancıl oğlu Mobil olmuşdur. Həmin vaxt Cavabdeh1 bildirdi ki, o özünə məxsus evi satıb, bu evi oğlu ilə birlikdə yaşaması üçün alır. İddiaçını isə evə gəlib baxanda görmüşdür. O, həmçinin bildirmişdir ki, 5 il bundan əvvəl olduğu üçün evin pulu təxminən yadında qaldığına görə 56.000-57.000 manat arasında dəyişirdi, mənzilin dəyərini isə Cavabdeh1 ödəmişdir. Onun oğlu və gəlini ilə heç bir danışıq və pul söhbəti olmamışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh1 mübahisəli mənzilin nikah dövründə əldə edilməsini bilərək, Cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında özü barəsində hərəkət edərək, mübahisəli mənzilin hüquqverici sənədlərini öz adına rəsmiləşdirməsi və həmin mənzilə dair mülkiyyət hüqularını qeydiyyata aldırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməsi tələbi digər tələbləri, yəni ümumi iclasın 01 saylı 18.11.2019-cu il tarixli protokoldan çıxarışın, həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, 19.12.2019-cu il tarixli çıxarışın ləğvi tələblərini özündən asılı etdiyindən, ilkin olaraq iddia tələbinin həmin mənzilə payın müəyyən edilməsi hissəsinə qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi ümumi iclasın 01 saylı 18.11.2019-cu il tarixli protokoldan çıxarışın, həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, 19.12.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş mənzilə 2/3 hissədə payın müəyyən edilməsi barədədir. İşin mübahisə edilməyən halı isə ondan ibarətdir ki, İddiaçı Cavabdeh2la 13 iyun 2016-cı il tarixdə nikaha daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı bu nikahları pozulmuş və nikahda olduqları dövrdə mübahisəli mənzil alınmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 32-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: birincisi əmlakın ər-arvadın nikah müddətində əldə olunması, ikincisi isə əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qeyd olunmalıdır ki, ərlə arvadın nikah dövründə və ya nikah müddətində qazandıqları əmlak üzərində birbaşa birgə mülkiyyəti yaranmır. Həmin əmlak üzərində birgə mülkiyyət yalnız o halda yarana bilər ki, ərlə arvadın birgə nikah dövründə və ümumi birgə gəlirləri hesabına əldə edilmiş olsun. Qeyd etmək lazımdır ki, hər hansı əmlakın və ya onun dəyərinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməsi üçün həmin əmlakın birgə nikah dövründə qazanılmış vəsait hesabına alınması zəruridir. Bunun üçün tərəflərdən birinin işləməməsinin (qazanc əldə etməməsinin) əhəmiyyəti yoxdur. Bu mənada mübahisəli mənzilin İddiaçı və Cavabdeh2 vəsaiti hesabına deyil, Cavabdeh1 mənzilin satışından əldə etdiyi vəsait hesabına əldə etməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi iddiaçı və Cavabdeh2 2016-cı ilin iyun ayının 13-də nikaha daxil olmuş və mübahisəli mənzil isə "xxxx" MTK-dan 21 oktyabr 2016-cı il tarixdə, yəni rəsmi nikahlarından 4 ay 8 gün ərzində əldə edilmişdir. Lakin bu qısa müddət ərzində mübahisəli mənzili onların ümumi gəlirləri hesabına əldə etmələri heç də inandırıcı görünmür. Əksinə işdə olan 06.10.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 55 saylı evin 36 saylı 4 otaqlı mənzilini 68.000 manata Məkumə Əhmədovaya satmış və çox keçmədən mənzil satışı ilə məşğul olan vasitəçilər vasitəsilə mübahisəli mənzili taparaq 57.000 manata almışdır. Bu mənzilin alınması, pulunun məhz Cavabdeh1 tərəfindən verilməsi iş üzrə şahid qismində dindirilmiş mənzilin əvvəlki mülkiyyətçisi İradə Babayeva da məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində bir daha təsdiq etmişdir. Odur ki, mənzilin məhz Cavabdeh1 vəsaiti (mənzilin satışından əldə etdiyi vəsait hesabına əldə etməsi) hesabına əldə edilməsi öz təsdiqini tapdığı halda, həmin mənzilin məhz iddiaçı ilə keçmiş əri Cavabdeh2 nikahda olduqları dövrdə birgə gəlirləri hesabına alınmasını sübut etmək vəzifəsi Cavabdeh1 deyil, iddiaçının üzərinə düşdüyündən, sonuncu da bunu təsdiq edən kifayət qədər sübutlar təqdim etmədiyindən, mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin tərəflərin (İddiaçı və Cavabdeh2) ümumi birgə gəlirləri hesabına əldə edilməsi kimi qiymətləndirilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı 77.1., 14.2 və 106.1. maddələrinin tələbləri baxımından sübut edə bilmədiyindən, həmin mənzil İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə və Ailə Məcəlləsinin 36.3. və 36.4 maddələrinə uyğun olaraq mübahisəli mənzil üzərində iddiaçının pay hüququ tanına bilməz. Məhkəmə kollegiyası iddia tələbinin ümumi iclasın 01 saylı 18.11.2019-cu il tarixli protokoldan çıxarışın, həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil üzərində İddiaçı pay hüququ tanınmadığından, sonuncunun ümumi iclasın 01 saylı 18.11.2019-cu il tarixli protokoldan çıxarışın, həmin tarixli maliyyə arayışının etibarsızlığın tələb etmək hüququ aradan qalxmışdır. Bu baxımdan iddia tələbi bu hissədə də təmin edilməməlidir. Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilmiyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarı). Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını, bununla da həmin qeydiyyat əsasında qeydə alınmış daşınmaz əmlak hüquqları qeydə alınan şəxsin mülkiyyət hüququnun toxunulmazlığını müəyyən etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin adına mülkiyyət hüququnun qeyd edilməsinə dair ********** qeydiyyat nömrəli, 19.12.2019-cu il tarixli çıxarış kooperativin ümumi iclasının 01 saylı 18.11.2019-cu il tarixli protokoldan çıxarış əsasında verildiyindən və iddia tələbləri mübahisəli mənzil üzərində iddiaçının pay hüququ müəyyən edilməsi, o cümlədən kooperativin ümumi iclasın 01 saylı 18.11.2019-cu il tarixli protokoldan çıxarışın, həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Cavabdeh1 qanunsuz olaraq etibarnamə əsasında öz xeyrinə hərəkət edərək iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlak hesab etdiyi mənzili öz adına keçirməsi barədə iddiaçının dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 1 № protokoluna əsasən 18.11.2019-cu ildə keçirilmiş kooperativin ümumi yığıncağında kooperativ üzvlüyünə qəbulla bağlı Cavabdeh1 təmsilçi kimi yox, şəxsən özü müraciət etmiş və onun bu müraciəti əsasında sonuncu kooperativin üzvlüyünə qəbul edilməklə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən kooperativ binada ümumi sahəsi 66 kv.m. olan 22 saylı mənzilin ayrılması qərara alınmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MTK-ya qarşı kooperativ üzvlərinin ümumi iclasının 01 nömrəli, 18.11.2019-cu il tarixli protokoldan çıxarışın, 18.11.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və 19.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş mənzilin 2/3 hissəsinə payının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar