Məhkəmə qərarları › İş №2(105)-34/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-34/2021

19.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-34/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı torpağın zəbtdən azad edilməsi, özbaşına tikilmiş yaşayış evinin və hasarın cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli, 2(012)-203/2012 saylı qətnaməsindən X14 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli, 2(012)-203/2012 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı torpağın zəbtdən azad edilməsi, özbaşına tikilmiş yaşayış evinin və hasarın cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən MH seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Cavabdeh1 və X3 öz hesabına sökülməklə zəbtdən azad edilməsi qət edilmişdir (Ş.Abasov). X2 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 qarşı torpağın zəbtdən azad edilməsi, özbaşına tikilmiş yaşayış evinin və hasarın cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN 2765, kod 30800027 saylı Dövlət aktına əsasən X8 məxsus olan 1.0 ha torpaqdan X1 rayon 1 saylı DNK tərəfindən verilmiş 05.07.2007-ci il tarixli, 7E/7151 reyestr nömrəli etibarnamə əsasında 31 iyul 2007-ci il tarixdə AN-1 № ******* saylı alqı-satqı müqaviləsi ilə təsdiq olunmuş qaydada ona 0.12 ha torpaq sahəsi satmışdır. Satıcı ona boş torpaq sahəsini göstərməklə təhvil vermişdir. Daşınmaz əmlakların dəyəri kimi 12000 AZN bankda açılan depozit vasitəsilə ona tam ödənilmişdir. Torpaq sahəsinin plan və ölçüləri (kadastr) tərtib olunmuşdur. 05.09.2007-ci il tarixli, ********* nömrəli qeydiyyat və MH seriyalı ******* saylı çıxarışla dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi qəsəbədən bir qədər kənarda yerləşdiyi üçün 2011-ci ilin əvvələrində ona məlum olmuşdur ki, mülkiyyətində olan 0.12 ha olan torpaq sahəsi Cavabdeh1 tərəfindən özbaşına zəbt edilərək ətrafına hasar çəkmiş, üstündə 1 otaqlı yaşayış evi tikilmişdir. Onun xəbərdarlıqlarına baxmayaraq, cavabdeh özbaşına tikintini dayandırmamış, torpağın zəbtdən azad edilməsi üçün qanunla nəzərdə tutulan hərəkətləri yerinə yetirməmişdir. İddia ərizəsində yalnız Cavabdeh1 cavabdeh göstərilmişdir. Məhkəmədə X4 əlavə cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmədən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən MH seriyalı ******* saylı çıxarışla onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərindəki tikilinin cavabdehlər Cavabdeh1 və X4 öz hesabına sökülməklə həmin torpaq sahələrinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ X2 apelyasiya şikayəti verərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.04 ha torpaq sahəsi var. Həmin torpaq sahəsini cavabdeh X4 vasitəsilə bələdiyyədən almışdır. Orada bir mərtəbəli kürsülü ev tikmişdir. Hazırda həmin torpaq sahəsini sənədləşdirir. Onda torpağa dair bələdiyyənin qərarı var. Çıxarışın hazırlanması üçün torpağın çəkilişi aparılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli, 2(012)-203/2012 saylı qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli, 2(012)-203/2012 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı torpağın zəbtdən azad edilməsi, özbaşına tikilmiş yaşayış evinin və hasarın cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən MH seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Cavabdeh1 və X3 öz hesabına sökülməklə zəbtdən azad edilməsi qət edilmişdir. İş materiallarında olan 24.07.2007-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 adından etibarnamə əsasında X1 rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1.0 ha olan torpaqdan 0.12 ha torpaq sahəsini İddiaçı notarial qaydada satmışdır. İşdə olan İddiaçı verilmiş MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və ona əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 19.05.2012-ci il tarixli, 262 saylı rəyindən (məktubundan) görünür ki, hazırki iş üzrə AR DT və XK-nın X16 və Monitorinqi Elmi-İstehsalat Mərkəzi tərəfindən tərtib edilmiş bölgü xəritəsinə əsaslanaraq aparılmış müayinə zamanı İddiaçı verilmiş MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olan 0.12 ha torpaq sahəsinin naməlum vətəndaşlar tərəfindən daş hasara alınması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yuxarıda göstərilən qanun normalarının tələbinə görə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən MH seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Cavabdeh1 və X4 öz hesablarına sökülməklə həmin torpaq sahələri zəbtdən azad edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin ”09" avqust 2019-cu il tarixli, 4837 saylı rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 29 may 2019-cu il tarixli **********07 saylı mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən MH ******* saylı reyestrdən çıxarışla Abşeron rayonu, Mehdiabad qəsəbəsində ehtiyyat fond torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi xırda hissələrə bölünərək satılması, ayrı-ayrı hissələri özgəninkiləşdirilməsi ilə əlaqədar olaraq sərhədlər itmiş və bu səbəbdən də naturada torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır.Mütəxəsis rəyinin məlumatlarını nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən, RX ******* saylı reyestrdən çıxarışla X9 mülkiyyətinə verilmiş 0,0475 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının naturada öz yerində olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən MH ******* saylı reyestrdən çıxarışla Abşeron rayonu, Mehdiabad qəsəbəsində ehtiyyat fond torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi xırda hissələrə bölünərək satılması, ayrı-ayrı hissələri özgəninkiləşdirilməsi ilə əlaqədar olaraq sərhədlər itmiş və bu səbəbdən də göstərilən torpaq sahələrinin hər hansı nöqtədə kəsişməsinin araşdırılması mümkün olmamışdırMütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən MH ******* saylı reyestrdən çıxarışla Abşeron rayonu, Mehdiabad qəsəbəsində ehtiyyat fond torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi xırda hissələrə bölünərək satılması, ayrı-ayrı hissələri özgəninkiləşdirilməsi ile əiaqədar olaraq sərhədlər itmiş və bu səbəbdən də zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır.Yəni ekspertiza rəyi ilə Cavabdeh1 iddiaçıya məxsus torpağın zəbt edilməsi və orada özbaşına yaşayış evinin və hasarın tikilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə almayan birinci instansiya məhkəməsi iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir, ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli, 2(012)- 203/2012 saylı qətnaməsi ləğv edilsin, iddia rədd olunsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə alındığı gündən gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar