Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3442/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(060)-7637/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(060)-7637/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı cavabdehlər "xxxx" MMCyə, "xxxx" İKB ASC-yə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı "xxxx" MMC-yə, "xxxx" İKB ASC-yə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək hərracın yekunları barədə Y-97 saylı, 19 mart 2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan çıxarıldığından qərardadı qanunsuz və ədalətsiz hesab edir. Belə ki, iddia ərizəsinin geri qaytarılmasının səbəbi kimi qərardadda Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməməsi göstərilmişdir. Lakin onun tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət edilmişdir. Belə ki, cavabdehlərin hər birinin poçt ünvanlarını ərizədə göstərmiş, iddia ərizəsinə əlavə etdiyi sənədlərin siyahısını ərizədə qeyd etmişdir. İddia ərizəsini məhkəmə təcrübəsinə əsaslanaraq tərtib etmiş və iddia ərizəsində iddia tələbini yetərincə əsaslandırmışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətdə göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər "xxxx" MMC, "xxxx" ASC və Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən cavabdehlərin hər birinə, o cümlədən Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı yönəlmiş tələbin nədə ifadə olunduğunun müəyyən olmamasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC-yə, "xxxx" İKB ASC-yə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək hərracın yekunları barədə Y-97 saylı, 19 mart 2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılarkən qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı iddia ərizəsindən görünür ki, iddia tələbi cavabdehlər "xxxx" MMC-yə, "xxxx" İKB ASC-yə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı verilmişdir. Belə olan halda, iddia ərizəsində həmin cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin İddiaçı iddia ərizəsində cavabdehlərin hər birinə, o cümlədən Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı yönəlmiş tələbin nədə ifadə olunduğunu konkret göstərməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsininin müəyyən olunmuş formasına və məzmununa riayət etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(060)-7637/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3442/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3442/2021
11.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver