Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3444/2021 22.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı Cavabdeh1 qarşı «müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmməd oğluna qarşı “müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 18.05.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi; aldadılma nəticəsində ona dəymiş maddi ziyan 40000 manat pul vəsaitini Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh2 Məmməd oğlunun onu aldadaraq 40000 manat pul vəsaitini ələ keçirməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin fevral ayında Jalə Məmmədovanın vasitəsi ilə Cavabdeh2 ilə tanış olmuşdur. Cavabdeh2 qeyd etmişdir ki, Sumqayıt şəhərində yerləşən kilinika (Sumqayıt Diaqnostika Mərkəzi) var və ora avadanlıqlarla birlikdə 2300 manata icarəyə verilir. Cavabdeh2 təklif etmişdir ki, bir yerdə oranı icarəyə götürüb işlədək. O, əvvəl Sumqayıt şəhərində 1 saylı doğum evində Laboratoriya şöbə müdüri çalışdığını nəzərə alaraq hesab etmişdir ki, orada işləmək daha rahat olacaq. Bu minvalla 05 mart 2018-ci il tarixdə işləməyə başlamışdır. 18.05.2018-ci il tarixdə Cavabdeh2 bildirmişdir ki, klinikanın fəaliyyəti ilə əlaqədar Cavabdeh1 ilə görüşmək lazımdır. Onlar görüşərək bir neçə sənəd imzalanmışlar. Cavabdeh2 klinikanın reklamı ilə əlaqədar ilk öncə 3.000 manat, daha sonra təkrar 3.000 manat pul vəsaitini ondan almışdır. Lakin əvəzində heç bir qəbz verməmişdir. Bir müddət sonra Cavabdeh2 bildirmişdir ki, UZİ aparatı lazımdır. Bu səbəbdən də o, UZİ aparatını alınması üçün 17.000 manatı Cavabdeh2 vermişdir. Bundan sonra Laboratoriya, UZ1, Fizioterapiya aparatların təmiri üçün Cavabdeh2 ayrı-ayrı vaxtlarda ümumilikdə 4.000 (dörd min) manat pul verilmiş, lakin o, heç bir qəbz təqdim etməmişdir. Cavabdeh2 klinikanın təmsilçisi olmuşdur. Bir müddət sonra Cavabdeh2 təklif etmişdir ki, klinikanın işi davam etməsi üçün UZİ aparatı satılsın və həmin vəsait klinikada qoyulsun. O, bununla razılaşmışdır. Cavabdeh2 tərəfindən UZİ aparatı 17.000 manata satılmışdır. Lakin həmin vəsait klinikaya qoyulmamışdır. Qeyd olunan səbəblərdən onunla Cavabdeh2 münasibətləri pozulmuşdur. Bu məsələnin aydınlaşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh2 təklifi ilə bu klinikanı bir neçə adam işlətmiş və avadanlıqlarla bağlı həmin şəxslərlə Cavabdeh2 mübahisələri vardır. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh2 onu aldadaraq ümumilikdə 40.000 manat pul vəsaitini ələ keçirmişdir. O, 18.05.2018-ci il tarixli müqavilə bağlana qədər Cavabdeh1 tanımamış və hər-hansı razılaşma olmamışdır. O, ancaq Cavabdeh2 tanımış, R.Əjdərin dostudur, o, Cavabdeh2 tərəfindən aldadılaraq qeyd olunan müqavilə bağlanmışdır. Cavabdeh2 tərəfindən aldanılması nəticəsində ona 40.000 (qırx min) manat maddi ziyan dəymişdir. Cavabdeh1 məxsus olmuş avadanlıqların qaytarılması və 18.05.2018-ci il tarixli müqaviləyə xitam verilməsi Cavabdeh1 təklif olunmuş, lakin o, imtina etdiyindən avadanlıqlar Cavabdeh2 sahibliyi və istifadəsində qalmışdır. Sumqayıt Diaqnostika Mərkəzi və orada olan avadanlıqlar Cavabdeh2 sahibliyi və istifadəsində olduğundan icarə haqqı 2300 manat onun tərəfindən ödənilməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək İddiaçı Elman qızı ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə mübahisə edilən «İcarə» müqaviləsinin hərfi mənasına istinad etməklə qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin mübahisə edilən müqavilənin bağlanması ilə bağlı müddəalara deyil, müqavilənin özündə əks olunan müddəalara istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə «İcarə» müqaviləsinin bağlananadək onunla 1-ci Cavabdeh1 bir-birilərini tanımamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(060)-3693/2021 saylı tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili İ.Ə.Merdiyeva apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia rədd edərkən, tərəflərin mübahisə edilən müqavilənin bağlanması ilə bağlı müddəaların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İçarəçi Cavabdeh1 və icarədar İddiaçı arasında bağlanmış 18.05.2018-ci il tarixli, 1805/1 nömrəli müqavilədən görünür ki, icarədar bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə-1 də göstərilən avadanlıqların icarəçiyə verilməsini, icarəçi avadanlıqların icarə haqqı olaraq aylıq 1000 manat hər ayın 5-i tarixindən gec olmayaraq ödənilməsini həyata keçirməlidir, müqavilənin şərtini pozan tərəf 12 aylıq müqavilədə göstərilmiş icarə haqqını birdəfəlik təzminat olaraq digər tərəfə ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-769/2020 nömrəli, 25.02.2020-ci tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qızına qarşı “müqavilə öhdəliyinin pozulmasına görə təzminat” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 12000 manat pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət etmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanılmaqla tərəflər avadanlıqların icarəyə verilməsi və bunun əvəzində icarə pulunun ödənilməsi ilə bağlı qarşılıqlı öhdəlik götürmüşlər. İddiaçı bu müqavilənin əhəmiyyəsiz əqd olduğunu, qarşı tərəfin avadanlıqların sahibi olmadığını, müqavilə üzrə öhdəlik daşımalı olmayan şəxs olduğunu, müqavilənin bağlanma səbəbinin İddiaçı aldadılaraq bağlandığını əsas gətirərək müqavilənin əhəmiyyəsiz əqd hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, göstərilən münasibətlər əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı olduğundan hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14cü fəslində (əqdlərin etibarsızlığı) olan müddəalar tətbiq edilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən «İcarə» müqaviləsinin müddəalarına düzgün qiymət verməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi əqd arzu olunan hüquqi nəticələri əmələ gətirən iradə ifadəsidir və burada “arzu olunan hüquqi nəticə” ifadəsi həmin əqd üzrə hüquq və öhdəlikləri əmələ gətirməkdir. Buna görə də “etibarsız əqd hüquqi nəticələrə səbəb olmur ifadəsi, həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlmədiyini bildirir. Əgər əqd əlavə heç bir şərt və hərəkətdən asılı olmayaraq bağlandığı andan özü-özlüyündə haqq və öhdəlik/vəzifə əmələ gətirmirsə onda həmin əqd “əhəmiyyətsiz/puç/batil” əqd sayılır. Yəni mülki hüquqda əqdlər baxımından etibarsızlığın bir növü kimi “əhəmiyyətsizlik” sözü, bağlanmış əqdin əmələ gətirmək qabiliyyətinin və xüsusiyyətinin olmaması halını ifadə edir. Məhkəmə hesab edir ki ki, belə bir iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün istinad edilən müqavilənin özlüyündə etibarsız olub-olmaması, tərəflər arasında hüquq və öhdəlikləri yaratma imkanına malik olub-olmaması müəyyən edilməlidir. Eyni zamanda müəyyən edilməlidir ki, tərəflər müqaviləni hansı niyətlə bağlamışlar, müqavilə bağlamaqlarına yönələn motiv və tərəflərin sonrakı hərəkətləri nədən ibarət olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 324.4-cü maddsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Yuxarıda şərh olunan maddənin məzmunundan görünür ki, icarə müqaviləsi mülki əqd olmaqla, həmin əqdin bağlanılması üçün tərəflərin müqavilə obyektlərinin icarəyə götürülməsi və əvəzində icarə haqqı ödənilməsinə yönələn razılaşdırılmış iradə ifadələri mövcud olmalıdır. Araşdırılan mübahisə predmetinə aid olan icarə müqaviləsindən göründüyü kimi, tərəflər bir tərəfin ona məxsus avadanlıqları icarəyə verməsi müqabilində digər tərəfin razılaşdırılmış icarə haqqını ödəməsindən ibarət öhdəlik götürmüşlər. İşin mübahisəsiz halları qeyd etməyə əsas verir ki, iddiaçı, öncədən Cavabdeh1 tanımasa da müqavilə bağlanarkən avadanlıqların Cavabdeh1 məxsus olduğunu bilmiş, həmin müqaviləni imzalamaqla müqavilənin tərəfinə olan razılığı ilə bağlı iradə ifadəsini göstərmiş, iddiaçı avadanlıqları icarəyə götürüb əvəzində haqq ödəməyi öhdəsinə götürmüş, icarə haqqı ödəmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əqdlərdən fərqli olaraq əhəmiyyətsiz əqdlərdə iradə ifadəsinin olub-olmaması deyil, mövcud olan iradə ifadəsinin nədə ifadə olunması ilə bağlıdır. Göründüyü kimi, iddiaçı tərəf müqavilə bağlandıqdan sonra müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək müəyyən müddətə qədər icarə haqqını ödəmiş, bununla da bu icarə münasibətinə daxil olma niyyətini nümayiş etdirmişdir. Yuxarıda şərh olunan normalardan, istinad edilmiş AR Konstitusiya Məhkəməsi Plenumu qərarlarından da göründüyü kimi, əqdin əhəmiyətsizliyi məhkəmə tərəfindən müəyyən edilərkən ilk növbədə müqavilənin bağlanma motivi, əqd bağlanmamışdan öncə tərəflərin niyyətlərinin nədə ifadə olunduğu araşdırılmalıdır. İddiaçı tərəf iddianın əsası olaraq müqavilənin əhəmiyyətsizliyini avadanlıqların cavabdehə məxsus olmaması, həmin avadanlıqların iddia ərizəsində qeyd edilən Diaqnostika Mərkəzində əvvəlcədən mövcud olması, sadəcə belə bir müqavilə bağlamağın iddiaçı tərəfi aldadaraq üçüncü tərəfin öz məqsədlərini həyata keçirməsinə şərait yaratmasına səbəb olması ilə əlaqələndirmişdir. Tərəfin istinad etdiyi müqavilə üzrə avadanlıqların təhvil verilməməsi, eləcə də müqavilə tərəfini əvvəlcədən tanımaması, müqavilənin digər şəxslərin təklifi ilə bağlanması həmin müqavilənin əhəmiyyətsiz əqd olmaqla heç bir hüquqi nəticə doğurmadığına əsas ola bilməz. İşin hallarından göründüyü kimi müqavilə predmeti olan avadanlıqlar iddiaçının istifadəsində olmuş və iddiaçı icarə haqqı ödəmişdir. Eləcə də məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 29 iyul 2021-ci il tarixli 2(060)-3693/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3444/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3444/2021
22.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver