Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3446/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Asan Xidmət Mərkəzi Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(060)- 5290/2021-013 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı cavabdeh Sumqayıt Asan xidmət Mərkəzi Notariat Kontoruna “mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Sumqayıt Asan xidmət Mərkəzi Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum atası X1 miras qalan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3-də yerləşən 35 saylı mənzilin-mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması, həmin mənzilə dair Sumqayıt Asan Xidmət Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair 30.05.2016cı il tarixli 2V/436 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında mənzilə dair verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək miras kütləsinə daxil olan və mərhum atası X1 miras qalan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3-də yerləşən 35 saylı mənzilin-mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması, həmin mənzilə vərəsəlik hüququnun tanınması və Sumqayıt Asan Xidmət Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair 30.05.2016cı il tarixli 2V/436 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında mənzilə dair verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,8-ci mikrorayon,ev 22/3-də yerləşən 35 saylı mənzil onun mərhum atası X4 məxsus olmuş, atası 06.04.2013-cü ildə vəfat etmişdir. Atası ağır onkoloji xəstəlikdən əziyyət çəkmiş və o, 2012-ci ildən atasının yaşadığı ünvana gələrək həmin ünvanda yaşamış, atasına qulluq etmişdir. Lakin, atası vəfat edən sonra da bu mənzildə faktiki yaşamaqda davam etmiş və daha sonra qardaşı X2q etmiş, miras əmlak 2012-ci ildən hal-hazırki vaxtadək faktiki olaraq onun idarəçiliyimdə olmuşdur. Həmin evin kirayə və kommunal xərclərini də o, ödəmişdir. O, atasından miras qalan həmin mənzillə bağlı ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmiş, lakin ona məlum olmuşdur ki, atasının vəfatından 3 il sonra qardaşı Yusif cavabdeh Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət edərək orada özünü yeganə vərəsə kimi təqdim etmiş və öz adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almışdır. Qardaşı Yusif 19.05.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Halbuki o da mərhum atasının qanun üzrə 1-ci növbə vərəsəsi qızıdır və o, atasının vəfatından sonra 6 ay ərzində notariat kontoruna müraciət etməsə də faktiki olaraq vərəsəliyi qəbul etməklə həmin əmlakın idarə olunmasını bu gün də həyata keçirir, mirası faktiki olaraq qəbul etdiyini nümayiş etdirir. O, miras qoyandan miras kimi qalmış və onun mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3-də yerləşən 35 saylı mənzillə bağlı ona vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsi ilə əlaqədar Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmiş və cavab məktubunu aldıqdan sonra ona məlum olmuşdur ki, artıq qardaşı X3 üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmiş və buna görə də mirasın qəbul edilməsi müddətinin bərpası və miras payın tələbi ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə hesab edir ki,mirasın qəbul edilməsi müddəti məhkəmə qaydasında uzadılmalıdır. Belə ki,miras qoyan vəfat etdikdən sonra o, miras qoyanın 1-ci növbə qanun üzrə vərəsəsi kimi miras əmlakı faktiki olaraq qəbul etmiş və miras əmlak olan mənzil, mənzildə yerləşən bütün daşınar əmlaklar bu gün də onun faktiki istifadəsində və idarəçiliyindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Sumqayıt şəhər 1 saylı notariat kontoruna məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, məhkəmə kollegiyasına ərizə ünvnalayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının atasının ölümündən sonra bu mənzildən getməsi, eləcə də qanunla nəzərdə tutulmuş müddətdə heç bir üzürlü səbəb olmadan mirasın qəbulu üçün notariat kontoruna müraciət etməməsi iddiaçının mirası qəbul etməyə yönələn hərəkətlərinin olmaması ilə əsaslandırmışdır. Hazırkı iş üzrə iddia tələbi mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması barədədir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (Mülki Məcəllənin 1246 maddəsi). Göründüyü kimi şəxsin ölümü ilə miras açılır. Vəfat edən şəxsin vərəsələri 3 ay arzində mirası qəbul etməlidirlər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşən göründüyü kimi iddiaçı 06.04.2013-cü il tarixdə vəfat etmiş atasından miras qalan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3-də yerləşən 35 saylı mənzilin vərəsəlik qaydasında qəbul edilməsini xahiş etmişdir. O, 2012-ci ildən atasının yaşadığı ünvana gələrək həmin ünvanda yaşadığını, atasına qulluq etdiyini, atası vəfat etdikdən sonra da bu mənzildə faktiki yaşamaqda davam etdiyindən miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki olaraq başladığını, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini qeyd edərək, miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılmasını xahiş etmişdir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (Mülki Məcəllənin 1248.1. maddəsi). Qanunvericilik mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı iki qayda müəyyən etmişdir. Bunlardan birincisi mirası qəbul etmiş vərəsələrin razılaşması ilə, ikinci isə bu razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilməlidir. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir tutarlı sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi hissələri bu tələbdən asılı olduğundan, iddianı bütövlükdə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3446/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3446/2021
22.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver