Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-345/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı komensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, yaşayış sahəsindən istifadə hüququ, ailə üzvləri, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,126 torpaq sahəsində yerləşən 38 nomrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 3-cü mərtəbəsinə yerləşən 65,35 kv.m ümumi, 39,83 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38 ünvanda yerləşən 45 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 34 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 19 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 700 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 19 sentyabr 2007-ci il tarixli 34 №li Orderin məzmunundan görünür ki, Sumqayıt şəhəri, 18-ci mkr., 38 3li ev, 45 nömrəli 3 otaqlı mənzil 6 nəfər ailə üzvi ilə tutmaq üçün İddiaçı xx.xx.20007-ci ildə verilmişdir (ailə üzvləri:Cavabdeh1-arvadı, 4 nəfər övladı). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında qeydiyyatdadırlar (xx.xx.2007-ci il tarixdən). xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38 ünvanda 5 mərtəbəli daş binanın 3-cü mərtəbəsində yerləşən 45 saylı mənzilin bu gunkü gündə olan bazar qiyməti 65000-70000 manat civarındadır. Mənzilin yerləşdiyi ərazidə eyni şəraiti olan mənzillərin kirayəsi 200-220 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı Yusifov İddiaçı Xatirə Nüsrət qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərə 8000 manat məbləğində kompensasiya verməklə, onların Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38 ünvanda yerləşən 45 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2 qrup müharibə əlili (qazi) olduğu üçün Sumqayıt şəhəri, 18-cı mikrorayon, 18 saylı evdə yerləşən ümumi sahəsi 65, 35 kv.metr, yaşayış sahəsi 39,83 kv.metr, üç otaqdan ibarət olan mübahisəli 45 nömrəli mənzil dövlət tərəfindən ona bağışlanmışdır. Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onunla xx.xx.1393cü il tarixdə bağlanmış rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Digər cavabdehlər onunla birgə nikahdan olan övladlarıdır. Son bir neçə ildir ki, ailələrində mənzillə bağlı mübahisələr yaranır. Mübahisələr baş verdiyinə görə mənzilin mülkiyyətçisi olaraq mənzil üzərində olan mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Cavabdehlər düşünülmüş tərzdə, bilərəkdən birgə yaşayış qaydalarını pozur və bu mənzildə rahat yaşamağa imkan vermirlər. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etməyinə baxmayaraq onlar qanuna zidd əməllərindən əl çəkmək istəmirlər. Mənzillə bağlı mövcud vəziyyəti nəzərə alıb, mənzilin mülkiyyətçisi olaraq sərəncam hüququnu həyata keçirmək məqsədilə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam vermək qərarındadır. Cavabdehlər kompensasiya ilə bağlı etdiyi təkliflərlə razılaşmırlar.ona görə də məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15000 manat kompensasiya verilməklə cavabdehlərin Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə 8000 manat məbləğində kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edirlər. Göründüyü kimi cavabdehlərin hər biri yetkinlik yaşına çatmış müstəqil şəxslərdir. Bu səbəbdən iddiaçının onlara təklif etdiyi 8000 manat kompensasiya məbləği onlara davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir. İddiaçı tərəfindən cavabdehlərə 15000 manat kompensasiya verilməklə, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi daha ədalətlidir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli, xx.xx.2007-ci il tarixli,xx.xx.2016-cı il tarixli Qərarlarına istinad etmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər, apellyasiya şikayətini mübahisəli mənzildə qeydiyyatda olması, yaşaması, hər birinin yetkinlik yaşına çatmış şəxs olması, hər birinə düşən kompensasiya məbləğinin az olması, hər birinə 12000 manat pul verildiyi halda, razı olmaları, kompensasiya məbləğinin hədsiz az olması halları ilə əsaslandırmışlar. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar İddiaçı tərəfindən apelyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilmiş, etiraz ərizəsində müvafiq məhkəmə qətnaməsinin qanuni olduğunu,kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edildiyini, 15000 manat kompensasiya məbləğinin ədalətli olduğunu, məhkəmənin cavabdehlərin bir yerdə yaşaması və birgə təsərrüfat idarə etməsini əsas götürərək, kompensasiya məbləğini təyin etdiyini, iş üzrə düzgün qətnamə qəbul edildiyini əsas gətirərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması xahiş edilmişdir. Cavabdehlərin vəkili və nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, əlavə olaraq öz izahatında həmin ərazidə oxşar yaşayış sahələri üzrə kirayə haqqının 350-400 manat məbləğində təxmini olaraq olduğunu, cavabdehlərin hamısının bir ailə kimi biryerdə yaşadıqlarını, bununla belə cavabdehlərin hər biri üçün ayrıca kompensasiya məbləğinin müəyyən edilməli olduğunu bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, yazılı etiraz ərizsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında 15000 manat məbləğində kompensasiya məbləği ilə razı olduğunu, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə.228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, cavabdehlər mübahisəli mənzildə xx.xx.2007-ci il tarixdən daimi pasport qeydiyyatındadırlar. Həmin mənzil iddiaçıya xx.xx.2007-ci il tarixli order əsasında ailə üzvləri (indiki cavabdehlərlə) birlikdə yaşaması üçün verilmişdir. Daha sonra həmin mənzil onların razılığı əsasında iddiaçının adına özəlləşdirilmişdir. Hazırda mülkiyyətçi qismində iddiaçı çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 228-ci maddəsinin normalarının tətbiq etməklə, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası mənzilə dair istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlyünü birmənalı təsbit edir. Ona görə də iddiaçı cavabdehlərə qarşı belə bir iddia tələbini irəli sürmək hüququna malikdir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsində istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüqularının pozulmasına da gətirib çıxarır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 15000 manat məbləğində kompensasiya verilməsi təklifi ilə razı olmuşdur ki, qeyd edilən məbləğdə kompensasiya verilməklə, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməsi ədalətli və qanunauyğun olmuşdur. Belə ki, iş materiallarında olan müvafiq arayışdan görünür ki, eyni ərazidə oxşar mənzilin aylıq kirayə haqqı məbləği 200-220 manat, mənzilin bazar dəyəri 65000-70000 manat təşkil edir. Həmçinin, cavabdeh tərəf özünün izahatında eyni ərazidə oxşar mənzillərin kirayə haqqı məbləğinin 350-400 manat olduğunu qeyd etmişdir. Eyni zamanda mənzillərin alqı-satqısı ilə bağlı internet resurslarından əldə edilmiş məlumatlardan görünür ki, eyni ərazidə oxşar mənzillərin kirayə haqqı məbləği təxminən orta hesabla 300-450 manat məbləğində təşkil edir. Həmçinin, nəzərə alınmalıdır ki, müvafiq kompensasiyanın məbləğinin müəyyən edilməsi mənzilin dəyərindən asılı olmamaqla, özündə mənzilin dəyərinin bölünməklə müəyyən edilməsini və ya mülkiyyət hüququnun əvəzi kimi deyil, məhz oxşar şəraitli yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin edilməsini ehtiva edir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məbləğdə kompensasiya ödənilməsi cavabdehlərin eyni ərazidə oxşar şəraitli yaşayış sahəsi ilə ağlabatan müddət ərzində yaşamasını təmin etməyə imkan verir. Hansi ki, həmin kompensasiyanın müəyyən edilməsində də məqsəd məhz bundan ibarət olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh tərəfin apelyasiya şikayətinin əsası kimi istinad etdiyi hər biri üçün ayrı-ayrılıqda 12000 manat kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd edir ki, cavabdehlər hər biri yetkinlik yaşına çatmayan şəxs olsa da, onlar eyni ailənin üzvləri olmaqla, bir ailə kimi eyni evdə yaşayırlar. Bundan əlavə, yaşayış sahəsindən istifadə hüquqna malik olan şəxslərin hər biri üçün ayrı-ayrılıqda kompensasiya məbləğinin müəyyən edilməsi özlüyündə mülkiyyətçinin maraq və mənafelərinə (mənzilin dəyərinə münasibətdə) uyğun olmamaqla, qeyd edilən məbləğdə kompensasiya məbləğinin müəyyən edilməsi özlüyündə ədalətli və qanunauyğun hesab edilə bilməz. Belə ki, qeyd edilən məbləğdə (hər biri üçün ayrılıqda 12000 manat) kompensasiya məbləği mənzilin dəyərinin yarıdan çox hissəsini təşkil edir ki, bu hal isə yaşayış sahəsinnə istifadə hüquq olan şəxslərin hüquqlarının mülkiyyətçinin hüquqlarından üstün olması anlamına gəlir ki, bu hal isə qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz. Həmçinin, qeyd olunmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş norma və prinsiplərdə kompensasiya məbləği müəyyən edilərkən hər bir halda mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasının yolverilməzliyi, mülkiyyətin toxunulmazlığı, mülkiyyətçinin iradəsinin ziddinə kompensasiya məbləğinin müəyyən edilməsinin yolverilməz olduğu prizmadan yanaşılır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5069/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-345/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-345/2023
23.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver