Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3478/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)-6020/2021 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)-6020/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim G.Tanrıverdiyeva) Həmin qətnamədən iddiaçı “Azəriqaz” İB apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)-6020/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: «Azəriqaz» X2 Yusif Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 135 manat məbləğində dəymiş ziyanın, 20 manat dövlət rüsumunun, ümumilikdə isə 155 manat pulun tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddi ərizəsi bununla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi 07.08.2017-ci il tarixli, 08-1903 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, 00268381 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin abonent qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən 04.05.2020-ci il tarixdə Cavabdeh yaşayış evinə quraşdırılmış G-2,5 markalı, 00268381 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə ldarəsi”nə göndərilmişdir, “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-04102-1 nömrəli rəyinə əsasən həmin sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin daxilində yad əşya (lent) olması, nəticədə sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 135 manat borc abonentdən tələb edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçı “Azəriqaz” İB apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda tərtib edərək onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 135 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün Birlik tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə halları hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə qarşısı alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bu kimi faktlara məhkəmələr tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilmir. X1 eyni predmet üzrə qaldırdığı iddia tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01.03.2018-ci il tarixli,2(102)- 1758/2018 saylı qərarı ilə təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi qeyd olunan halları araşdırmadan, qeyri-obyektiv olaraq 06 avqust 2021-ci il tarixli, 2(060)-6020/2021 saylı qətnamə qəbul etmişdir və buna görə də həmin qətnamə ləğv edilməlidir. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də səbəblərini göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 07.08.2017-ci il tarixli, 08-1903 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin təsdiq olunmuş surətindən görünür ki, “Azəriqaz” İB abonent Cavabdeh istifadəsində olan ünvan 2 ünvanını təbii qazla təchiz etməyi, Cavabdeh isə həmin qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan abonentin 25.05.2021-ci il tarixli saldosundan görünür ki, ünvan 2 ünvanında Cavabdeh adına 05.10.2020-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə akt əsasında ümumilikdə 135 manat borc hesablanmışdır. İşdə olan 22.09.2020-ci il tarixli, ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında Cavabdeh adına quraşdırılmış G-2,5 markalı, 00268381 nömrəli qaz sayğacına müdaxilə olunması, sayğacın hesablama mexanizminin daxilində yad əşyanın (lentin) olması faktı aşkar edilmişdir. Yenə işdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, 22.09.2020-ci il tarixdə Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən qaz sayğacının hesablama mexanizminin daxilində yad əşya (lent) aşkar olunmuşdur. Yenə də işdə olan dəymiş ziyanın bərpasına dair 22 sentyabr 2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, Cavabdeh ünvanına ******* saylı, 22.09.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 1350 m3 qaz itkisi hesablanmışdır. İşə əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə metrologiya departamentinin verdiyi 22 sentyabr 2020-ci il tarixli, MSK-29/1710-01402-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin daxilində yad əşyanın (lentin) olması aşkar edilmişdir. Yenə işə əlavə edilmiş 25 may 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında itirilmiş təbii məişət qazının sərfiyyatına görə 135 manat borcunun 5 gün müddəinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)-6020/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07.08.2017-ci il tarixli, 08-1903 saylı müqavilə əsasında “Azəriqaz” İB Cavabdeh məxsus mənzili təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, 00268381 saylı qaz sayğacı quraşdırılmışdır. Hazırda “Azəriqaz” İB məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 135 manat məbləğində dəymiş ziyan və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 155 manat pulun tutularaq “Azəriqaz” İB-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkənAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 425, 560.1, 1096-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-4.9-cu maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə tamamilə razılaşır və hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, cavabdeh fiziki şəxs olmaqla, eyni zamanda, məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Bundan başqa, sayğacın nasaz vəziyyətə düşməsinin cavabdehin təqsirindən baş verməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən sayğacın cavabdehin təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası da hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Abonentin borcunun olması barədə “Azəriqaz” İB məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən borcun cavabdehin təqsiri səbəbindən yaranması sübut edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-4163/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(060)- 6020/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3478/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3478/2021
29.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver