Məhkəmə qərarları › İş №2(105)-3484/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3484/2021

18.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3484/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(060)-5378/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(060)-5378/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 26 saylı mənzilə (abonent kodu: **********00260) əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimə borcu və 185,73 manat məbləğində sayğacın dəyəri olan borcun, cəmi 401,73 manat məbləğində borcun silinməsi qət edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20.11.2020-ci ildə tərtib olunmuş ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 216 manat cərimənin və sayğacın dəyəri olan 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 4 saylı evin 26 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bunu 26.08.2016-cı ildə verilmiş RX seriyalı, 088505 nömrəli çıxarış da təsdiq edir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış smartkart tipli qaz sayğacı mexaniki tipli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 02.06.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının kalibirləmə laboratoriyasında yoxlanılmış və tərtib edilmiş 18.11.2020-ci il tarixli, 29/1710-02955-1 saylı akta görə sayğacın element yuvasının qapağının alt hissədən sınıq olduğundan və nəticədə sayğacın Alarm-1 reiminə düşdüyü aşkar edildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Cavabdehin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20.11.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və akta əsasən ona 216 manat cərimə hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktlarla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və buna görə də abonent saldosunda göstərilən 216 manat və sayğacın dəyəri kimi 185,73 manat borc məbləğini əsassız hesab edir. Aktların tərtibində o, iştirak etməmiş və aktları imzalamamışdır. Qaz sayğacı mənzilin pilləkən meydançasında yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyildir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 4 saylı evin 26 saylı mənzilinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 02.06.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. 02.06.2020-ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış sayğac laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədə sınıq olduğu, nəticədə sayğacın Alarm-1 rejimində olduğu, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu müəyyən edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin mənzilə baxış keçirib istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurduğu ziyan müəyyən edilərək 20.11.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216,00 manat cərimə hesablanmışdır. 02.06.2020-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız G-4 markalı sayğacın dəyəri 185,73 manat abonentdən tələb edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1ci məhəllə, 4 saylı evin 26 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 289 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində 26.08.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 02.06.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci məhəllə, 4 saylı evin 26 saylı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 20.11.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci məhəllə, 4 saylı evin 26 saylı mənzilinə quraşdırılmış qaz sayğacında element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədə sınıq olduğu, nəticədə sayğacın Alarm-1 rejimində olduğu, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 29.11.2020-ci il tarixli hesabatının surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********00260) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********00260) akta görə borc 216 manat təşkil edir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin Elşən Bayramova ünvanlanmış 01.06.2021-ci il tarixli sayğacın dövlət yoxlamasının bildirişinin surətindən görünür ki, ünvanında olan G-4 markalı, 1201AQ**********8 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın element yuvasının qapağının alt hissədən sınıq olduğundan və nəticədə sayğac Alarm-1 reiminə düşdüyündən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir, müdaxilə edilmiş sayğacın dəyəri olan 185,73 manatın ödənilməsi tələb edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacında element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədə sınıq olduğu, nəticədə sayğacın Alarm-1 rejimində olduğu, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(060)- 5378/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar