Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-349/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1814/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1814/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. (R.Həsənov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1814/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1, 6/7 ünvanında yerləşən mənzilinə Cavabdeh tərəfindən yazılmış qanunsuz borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1, 6/7 ünvanında yerləşən mənzilinə Cavabdeh-nin işçilərinin verdiyi bildirişə əsasən külli miqdarda borcu olduğu göstərilmişdir. Borcun silinməsi barədə yerli və baş idarələrə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Qanunsuz yazılmış borcların silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır və buna görə də borcun silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Bu nəticəyə gələrkən məhkəmə bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Onun vəsatətləri əsassız olaraq təmin edilməmiş, istehlakçı kimi onun hüquqları pozulmuşdur. Buna görə də qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətin etiraz etdi və bildirdi ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. Buna görə də qətnamə qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Nümayəndə bildirdi ki, iddiaçının borcunun bir hissəsi silinmişdir, lakin sayğacdan sonrakı borc silinə bilməz, çünki bu abonentin istehlak etdiyi təbii qazın dəyəridir və ödənilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının xəstəliyilə əlaqədar təxirə salınmasını xahiş etmiş, lakin bu barədə mötəbər sübut əlavə etməmiş, beləliklə də iştirak etməməsinin üzürlü sayılmasına dair heç bir əsaslı səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 yerləşən yaşayış evində ******* nömrəli sayğacın sərfiyyatı qeydə almadığı müəyyən edilmiş və çıxarılaraq, 10574100 nömrəli yeni sayğac ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)-2040/2018 nömrəli qətnaməsindən məlum olur ki, İddiaçı bundan əvvəl də Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası olmuş, iddia qismən təmin edilərək, hesabından xx.xx.2013-cü il tarixinə yaranmış 361,50 manat borc silinmişdir. Yenə iş materiallarında olan **********00640 kodlu abonentin saldosundan görünür ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsi, mənzil 64-də yaşayan abonent İddiaçı 2019-ci ilin sentyabr ayına 587,10 manat məbləğində qaz sərfiyyatı borcu vardır. İşdə olan Cavabdeh İB-nın Xaçmaz RQİİ-nın xx.xx.2019-cu il tarixli abonentin debitor borcu haqqında arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan, Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsində abonent kimi qeydiyyatda olan (abonent kodu **********00640) İddiaçı istifadə etdiyi təbii qaza görə xx.xx.2019-cu il tarixə kimi debitor borcu 587,10 manat təşkil edir. Həmin debitor borcu son beş il ərzində, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 379,30 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 334,80 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 439,50 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 452,30 manat və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 587,10 manat ardıcıllığı ilə yaranmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bundan əvvəl də qaz sərfiyyatı ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh İB tərəfindən tərtib edilmiş akt üzrə İddiaçı xx.xx.2013-cü il tarixinə hesablanmış 361,50 manat borc əsassız hesab edilərək silinmiş, lakin qalan borc qaz sərfiyyatı ilə əlaqədar yarandığından iddiaçı tərəfindən ödənilməli olduğu müəyyən edilmişdir. Hal-hazırda iddiaçı yenidən məhkəməyə müarciət edərək, Cavabdeh İB qarşısında bu vaxta gədər yaranmış borcunun əsassız hesablandığı üçün silinməsini xahiş etmişdir. İddia ərizəsindən görünüdüyü kimi, tələb konkret deyildir və burada hər hansı məbləğ göstərilməmişdir. Bununla belə, işdən görünür ki, iddiaçının silinməsini tələb etdiyi borc istehlak etdiyi qaza görə yaranmışdır, belə ki, uzun müddət ərzində o, ödənişləri tam etmədiyinə görə xx.xx.2019-cu il tarixədək Cavabdeh İB qarşısında 587,10 manat məbləğində borcu yaranmışdır. İddiaçı bu borcun əsassız hesablanması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, bununla da Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış borcun əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Başqa sözlə, yaranmış borc əvvəlki məhkəmə qətnaməsilə silinməli borc deyil, abonent tərəfindən istehlak edilmiş təbii qazın dəyəridir. Bu borcun silinməsi isə qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə görə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşdən göründüyü kimi, hazırda yaranmış borcun məhz onun təqsiri ucbatından deyil, kənar və qanunsuz təsirlər nəticəsində yaranması barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X3 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, silinməsi tələb edilən borc iddiaçının istehlak etdiyi təbii qazın dəyəridir və sayğac hesablamasına əsasən hesablanmışdır. İddiaçı tərəfindən borcun cavabdehin günahı ucbatından yaranması sübut edilə bilinməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının borcun silinməsi barədə tələbinin təmin olunmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)- 1814/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-349/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-349/2021
26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver