Məhkəmə qərarları › İş №2(105)-349/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-349/2023

07.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-349/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsinə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-898/2022 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin X9 tərəfindən ona məxsus Qusar şəhəri, S.Salahov küçəsi, 4 saylı ünvanda yerləşən evə dair hesablanmış 316 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki,ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 2005-ci ildə inşa olunmuş və evə su xətti çəkilmiş, həmçinin evə su kranı qoyulmuşdur. 2017-ci ildə Cavabdeh ASC-nin X7 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən 2005-ci ildə qoyulmuş su kranına qoşulmuş, lakin evə su az gəldiyindən onun tərəfindən X9nə müraciət olunmuş və həmin idarənin əməkdaşları gəlib yeni bir kran qoşmuşlar. Həmin kranın da əhəmiyyəti olmamış və evə su yenə az gəlməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə X7 əməkdaşı gəlib sayğaca baxdıqda onun çox sürətlə fırlandığını bildirmiş, su kranlarının açıq olub-olmadığını soruşmuş, lakin həmin vaxt evdə olan bütün su kranları bağlı olmuşdur. Kamran Xəlilov xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 352 kub su sərf olunduğunu bildirmiş və bu barədə bildirişi təqdim etmişdir. Halbuki, onun evində 2017-ci ildən 2022-ci ilədək 6 il ərzində cəmi 361 kub su sərf olunmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, sayğacdan gələn su köhnədən qalan su kranı vasitəsi ilə su xəttinə getmişdir. Belə ki, su kranı yenisi ilə əvəz olunarkən köhnə su kranı tam bağlanmamışdır. Bu, isə onun təqsirinə görə deyil, sayğacı quraşdıran və su kranlarını qoyan, X7 əməkdaşlarının səhvinə görə olmuşdur. Hazırda ona sudan istifadəyə görə 316 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin borc əsassızdır və silinməlidir. Hesab edir ki, Cavabdeh ASC-nin X9 tərəfindən hesablanmış 316 manat məbləğində borc sayğac göstəricisinə uyğun hesablansa da, o, həmin miqdarda sudan istifadə etməmişdir, X7 əməkdaşlarının səhvinə görə su boşuna sərf olunmuşdur. Bu səbəbdən də, hesablanmış həmin borc silinməlidir. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-898/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC-nin X9 tərəfindən sudan istifadəyə görə X1 məxsus ünvan 3 ünvanda yerləşən evə dair hesablanmış 316 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim Əli Cəlilov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ki,Qusar şəhəri, S.Salahov küçəsi, 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı X1 məxsusdur. Həmin ev 2005-ci ildə inşa olunmuş və evə su xətti çəkilmiş, həmçinin evə su kranı qoyulmuşdur. 2017-ci ildə Cavabdeh ASCnin X7 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. Həmin sayğac quraşdırıldıqdan sonra lazımi qaydada su ilə təmin olunmalı olduğu halda, sayğacdan evə gələn suda sızma olmuş, bu səbəbdən də, iddiaçının evinə su az gəlmiş, bu barədə iddiaçı tərəfindən X9nə müraciət olunsa da, həmin nasazlıq aradan qaldırılmamış, sayğacdan evə gələn suyun çox hissəsi iddiaçının evinə deyil, kanalizasiya xəttinə getmişdir. Bu, iddiaçının təqsiri olmadan və iradəsindən asılı olmayan səbəblərə görə baş vermiş, cavabdeh təşkilatın isə həmin nasazlığı aradan qaldırmaq imkanı olmasına baxmayaraq nasazlığı aradan qaldırmamışdır. Bu, isə cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə, iddiaçı üçün faktiki olaraq sərf etmədiyi suya görə əlavə borcun hesablanmasına gətirib çıxarmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASCnin X9 tərəfindən X1 məxsus ünvan 2 ünvanda yerləşən evə dair sudan istifadəyə görə hesablanmış 316 manat məbləğində borc silinməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 386.1, 560, “Su təchizatı və tullantı suları haqqında”Azərbaycan Respublikasının Qanununun 31.1, 32, 33-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilərək Qusar Rayon Məhkəməsinin 2(029)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçıya məxsus fərdi evin girişinə 2017-ci il tarixində su sərfiyatını ölçən sayğac quraşdırılmış və həmin tarixdən sonra göstərilən xidmətlərin dəyəri həmin su sayğacının göstəricilərinə əsasən hesabatı aparılmışdır. İddiaçı sudan minimum həddə istifadə etdiyini bəyan edir, eyni zamanda etiraf edir ki, sayğacdan sonra mənzilinə daxil olan su xə i üzərində quraşdırılmış su kranı tam kip bağlanmamağı səbəbindən su itkisinə yol verilmiş və həmin itki sayğac göstəricisinə əsasən hazırda 316 manat nisbətindədir. “Sudan istifadə Qaydaları”nın 6.1-ci bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsinin) ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhəddində Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Qaydaların tələbindən göründüyü kimi, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti Cəmiyyətin balansına, sayğacdan sonrakı evə (mənzilə) olan su xətti isə iddiaçının (istehlakçının) balans məsuliyyət zonasına daxildir. Göründüyü kimi mövcud Qaydalara əsasən, istehlakçı balansında olan özünə aid su təchizatı və kanalizasiya sistemini lazımi səviyyədə istismarı və saxlanılmasını, eləcədə mühafizəsini təmin etmək vəzifəsi daşıyır. Belə olan halda, iddiaçının isteklakçı olaraq məsuliyətsizliyi nəticəsində su itkisinə yol verilməsinə görə, su təchizatı müəssisəsi məsuliyyət daşıya bilməz. İşin bu hallarına işə baxan birinci instansiya məhkəməsi ümumiyyətlə toxunmamış və tez bir zamanda əsassız qərar çıxarmaqla işini bitmiş hesab etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, sayğacdan mənzilə olan itkilər abonentin, sayğaca qədər olan itkilər isə təchizatçı müəssisənin itkiləridir. İddiaçı özü də etiraf edir ki, su kranı açıq qalmış və borc məbləği əmələ gəlmişdir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)- 898/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-898/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Su təchizatı və tullantı suları haqqında”Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 32-ci maddısinə əsasən istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları vəzifələri vardır:a) su ölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq;b) su ölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək;c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin su ölçən cihazların yanına buraxılmasını təmin etmək;ç) su ölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. İstehlakçı su ölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər.Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Su ölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Su ölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. 33-cü maddəsinə əsasən istehlakçılar aşağıdakı hüquqlara malikdirlər:a) su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;b) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;c) su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq;ç) keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli məqsədlər üçün suyu almaq;d) istehsalat zərurəti ilə əlaqədar sudan təkrar istifadə etmək;e) Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-898/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 1488 saylı inventar nömrəsi 22/Vıı-2005-ci il olan Qeydiyyat vərəqəsinin surətindən görünür ki, Qusar şəhər Bələdiyəsinin 6/4-1 saylı 20 may 2003-ci il tarixli sərəncamı əsasında S.Salahov küçəsində yerləşən 2 (iki) mərtəbəli, 6 (altı) otaqlı, yaşayış sahəsi 124.5 kv/m, ümumi sahəsi 197.5 kv/m-dən ibarət olan 4 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında vətəndaş İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan ünvan 4 ünvanda yerləşən evin sahibi İddiaçı sudan istifadəyə görə 316.10 manat məbləğdə borc hesablanmışdır. Həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlər üzrə 352 kub metr su sərfiyyatı hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin Qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı X1 məxsusdur. Həmin ev 2005-ci ildə inşa olunmuş və evə su xətti çəkilmiş, həmçinin evə su kranı qoyulmuşdur. 2017-ci ildə Cavabdeh ASC-nin X7 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. Həmin sayğac quraşdırıldıqdan sonra lazımi qaydada su ilə təmin olunmalı olduğu halda, sayğacdan evə gələn suda sızma olmuş, bu səbəbdən də, iddiaçının evinə su az gəlmiş, bu barədə iddiaçı tərəfindən X9nə müraciət olunsa da, həmin nasazlıq aradan qaldırılmamış, sayğacdan evə gələn suyun çox hissəsi iddiaçının evinə deyil, kanalizasiya xəttinə getmişdir. Bu, iddiaçının təqsiri olmadan və iradəsindən asılı olmayan səbəblərə görə baş vermiş, cavabdeh təşkilatın isə həmin nasazlığı aradan qaldırmaq imkanı olmasına baxmayaraq nasazlığı aradan qaldırmamışdır. Bu, isə cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə, iddiaçı üçün faktiki olaraq sərf etmədiyi suya görə əlavə borcun hesablanmasına gətirib çıxarmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASCnin X9 tərəfindən X1 məxsus ünvan 2 ünvanda yerləşən evə dair sudan istifadəyə görə hesablanmış 316 manat məbləğində borc silinməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının evinə 2017-ci ildə Cavabdeh ASCnin X7 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmış, sayğacdan evə gələn suda sızma olmudur. Bununla bağlı iddiaçı X9nə müraciət etsə də, həmin nasazlıq aradan qaldırılmamış, sayğacdan evə gələn suyun çox hissəsi iddiaçının evinə deyil, kanalizasiya xəttinə getmişdir. Bunun nəticəsində əlavə borc hesablanmışdır. Bununla da müəyyən edilir ki, sızma nəticəsində suyun axmasında iddiaçının təqsiri olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-898/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-898/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasssiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar