Məhkəmə qərarları › İş №2(105)-349/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-349/2024

14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-349/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-877/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktda “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” qeyd olunmuşdur.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 34560 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir.

3. Abonentin saldosundan görünür ki, akt əsasında 4147,20 manat borc müəyyən edilmişdir.

4. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-1616/2 3/1129, 3/1272 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd qaz sayğacının səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz rayon Qaz İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 4147 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, ərizəsində qeyd etdiyi ünvanda yaşayır. ünvan 1na gəlir. Evdə sayğacın təbii qazdan qeyri qanuni istifadə olması barədə Azəriqazın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt yazaraq onu cəmi 4147 manat cərimə ediblər. Hansı ki, onun sayğacı çöldə yerləşir və onun heçnədən xəbəri olmamışdır. Hər hansı bir müdaxilə olunmamışdır. Bunu Qaz idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə həmin idarəyə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar ona haqsız yerə yazılan cəriməni silməkdən boyun qaçırmışlar, hətda küçənin nəzarətçilərinə də bildirmiş, o, hər ay istifadə etdiyi qaz sərfıyatını ödəmişdir. Ödəniş etmə qəbzləri də var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. Akt əsassız yazılmışdır. Akt yazılarkən onun xəbəri olmamışdır. Evə bildiriş gəlmişdir ki, onun “Azərqaz” İB-yə 4147 manat borcu var. Halbuki onun borcu yoxdur. O, sübut edə bilər ki, onun sayğacı düzgün işləyir və heç bir əlavə istifadə olunmamışdır. O, bu borcla bağlı Cavabdeh İB X3 İstismar İdarəsinə müraciət etsə də hələdə əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yazılan xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və onun üçün əsassız borc hesablanmışdır. Halbuki o, hər ay qaz borcunu vaxtı-vaxtında ödəmiş və qəbzləri var. Bu səbəbdən sözügedən borc məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-877/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00000 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4147 manat borcun silinməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 130 (yüz otuz) manat pulun Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Vüsalə Qasımova).

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə iddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdiyindən, sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsi sübuta yetirilmədiyindən və kənar xətt qoşulması ekspert rəyi ilə təkzib edildiyindən sayğaca kənar xətt qoşulma ilə əlaqədar itirilmiş qazın həcminin 34560 m3 müəyyən edilməsi və itirilmiş qazın bərpası məqsədilə iddiaçının abunə koduna 4147,20 manat borcun hesablanması əsassız olmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndi, 13-cü maddəsinin 8-ci bəndi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaların 4.2, 4.8, 4.9, 6.5 və 6.7-ci bəndləri Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(067)-877/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz RQİİ-nin Xaçmaz XSnin satış xidmətinin işçiləri xx.xx.2022-ci il tarixdə axşam vaxtı həmin ünvana gələrək İddiaçı qanunsuz yolla təbii qazdan istifadə halını abonentin iştirakı ilə aşkar etmişlər. Belə ki, abonentin həyətinin içindən keçən paylayıcı qaz xəttinin dayağının içindən rezin şlanqla sayğacdan kənar xətti evinə çəkərək istifadə etdiyini müəyyən etmişlər. Bu hal video çəkilişlə müşayət olunmuşdur. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Qusar XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı özü də qanunsuz halın aşkar edilməsində iştirak etmişdir. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Həmin Qaydalara uyğun abonentin qazişlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. Birinci instansiya məhkəməsində cavabdeh tərəf kimi məhkəmə baxışı mərhələsində Cavabdeh sübut kimi LCD diskə köçürülmüş video çəkilişi vəsatətlə təqdim etmişdir. Lakin məhkəmə həmin sübuta qiymət verməmiş, heç bir lüzum olmadan iş üzrə daktiloskopik və trassaloji ekspertizalar təyin etmişdir. Ekspertlərə video çəkiliş təqdim edilmiş və sayğacdan kənar xəttin qoşulduğu boru sonluğu göstərilmişdir. Lakin ekspertlər qeyri-obyektiv rəy verərək kənar xəttin müşahidə edilmədiyini bildirmişlər. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun sayğacdan kənar xətlə qazdan istifadə etməməsi barədə fikridir. Lakin cavabdeh onun bu fikrinin əksini sübut edən video çəkilişi məhkəməyə təqdim etmişdir. Məhkəmə bu sübutu qiymətləndirmək əvəzinə səkkiz ay öncə aşkar edilmiş sayğacdan kənar xəttin olubolmamasını müəyyən etmək üçün sayğacın üzərində abonentin əl barmaq izlərinin tapılması üçün ekspertiza təyin etmişdir. İş materiallarında olan, video disk, aktlar, və sair sübutlar qiymətləndirilməmiş, 1-ci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, ekspertizanın qeyri-obyektiv, qeyri-müəyyən rəyinə əsasən və iddiaçının ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

16. Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”

17. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

18. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

21. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-877/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.

33. Hazırkı halda məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin tədqiq olunan halllarından görünür ki, xx.xx.2022-ci il tarixli akta əsasən sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadəyə görə İddiaçı 4147,20 manat borc hesablanmışdır. Həmçinin iş materiallarından görünür ki, sözügedən hala dair tərtib olunmuş aktı abonent imzalamamış, həmin sənədlər qanunvericiliyə uyğun olaraq ona verilməmişdir.

36. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin icraatı zamanı abonentə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qaz xətlərinin çəkilib-çəkilmədiyini müəyyən etmək üçün məhkəmə-trasoloji ekspertiza təyin olunmuş və məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-1616/2 3/1129, 3/1272 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qaz sayğacının səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

37. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

38. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00000 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4147 manat borcun silinməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-877/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar