Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3490/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, ünvan 1 ünvanına hesablanmış 769,69 (yeddi yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, ünvan 2 ünvanında əsassız olaraq hesablanmış 769,69 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ona məxsus Sumqayıt şəhəri, ünvan 2-i mənzil 89-da yaşayan qonşusu Məhərrəmov Tahir Balay oğlundan 2012-ci il tarixdə almışdır. Qonşusu T.B.Məhərrəmov 89 saylı otaqda yaşayaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. T.B,Məhərrəmovdan 88 saylı mənzili aldıqdan sonra 22 saylı Mənzil kommunal Sahəsindən aldığı arayışı Sumqayıt Sukanal İdarəsinə təqdim etmişdir. O, 4 nəfər ailə üzvləri ilə birlikdə 86 saylı mənzildə yaşayır və su təchizatı və kanalizasiya xidmətlərinə görə sayğac olmadığından normativ qaydada aparılmış, hesabata uyğun olaraq ödəniş etmişdir. O həmin otaqda sudan istifadəyə görə yaranmış borcunu mübahisələndirmir. Həmin borcu az-az ödəyəcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus olan 88 saylı mənzildə yaşayış olmasa da, həmin mənzilə də 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış və 02.06.2021-ci il tarixə 769,69 manat borc hesablanmışdır. Hesablanmış borcun silinməsi ilə bağlı Sumqayıt Sukanal İdarəsinə müraciət etdikdə ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi G.F.Cəfərova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, ünvan 2-də iddiaçının və onun ailə üzvlərinin yaşamamasına dair Cavabdeh ASC-yə hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı küçəsi, 41-cı məhəllə,yataqxana 7A, mənzil 88-də 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış və 769,69 manat borc hesablanmışdır. Məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(060)-5670/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi G.F.Cəfərova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1962-ci il tarixdə Şabran rayonu, Şabran kəndində doğulmuş və Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41-də qeydiyyatdadır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı MKS-nin 02.06.2021-ci il tarixli, 1480 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 86 və 88-də yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKT-tı İstehsalı Birliyinin 22 saylı MKS-nin 02.06.2021-ci il tarixli, 1479 nömrəli arayışından görünür ki, Məhərrəmov Tahir Balay oğlu Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 89-da yaşayır. İşə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKT-tı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 02.06.2021-ci il tarixli, 1479 nömrəli arayışından görünür ki, T.B.Məhərrəmov Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 89-da yaşayır. İşdə olan 02.06.2021-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 86-da İddiaçı 4 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə 713,81 manat borc hesablanmışdır. İş materiallarında olan 02.06.2021-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 88-də T.B.Məhərrəmova 3 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə 769,69 manat borc hesablanmışdır. İşdə olan 02.06.2021-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 89-da T.B.Məhərrəmova 1 nəfər ailə tərkibinə görə 629,72 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti MKT-tı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2021-ci il tarixli, 1928 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 88 2011-ci ilin yanvar ayından İddiaçı adınadır. İşə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2021-ci il tarixli, 1927 nömrəli arayışından görünür ki, İddiaçı 19.11.1985-ci ildən Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, otaq 86-da yaşayır. Həmçinin onun ailə üzvləri –X7, X4, İddiaçı Elnur oğlu da həmin mənzildə- Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, otaq 86-da yaşayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvləri 1985-ci ildən Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, 86 saylı otaqda yaşayır. Həmin otaqda sudan istifadəyə görə ona 4 nəfər ailə tərkibi ilə hesablaşma aparılır. Hazırda iddiaçının həmin otaqda sudan istifadəyə görə cavabdeh şirkətə 713.81 manat borcu var. İddiaçı həmin borcu mübahisələndirmir və hissə-hissə cavabdeh ASC-yə ödəyir. İddiaçı Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, 88 saylı otağa yazılmış borcu mübahisələndirir. Belə ki, o 2011-ci ildə 88 saylı otağı T.B.Məhərrəmovdan almışdır. Sözügedən otaq həmin vaxtdan iddiaçının istifadəsində olsa da, cavabdehin məlumatlarında T.B.Məhərrəmovun adında qalmışdır və həmin otaqda 3 nəfər ailə tərkibi ilə hesablaşma aparılmışdır. Halbuki, T.B.Məhərrəmov həmin binada 89 saylı otaqda yaşayır və 1 nəfər ailə tərkibinə görə cavabdehə ödənişlər edir. Beləliklə, İddiaçı yaşadığı 86 saylı otaqda 4 nəfər ailə tərkibi ilə sudan istifadəyə görə borc hesablansa da, əlavə olaraq 88 saylı otaqda da 3 nəfər ailə tərkibinə görə (eyni şəxslərə görə) cavabdeh tərəfindən borc hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 13 avqust 2021-ci il tarixli 2(060)- 5670/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3490/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3490/2021
01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver