Məhkəmə qərarları › İş №2(105)-3492/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3492/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3492/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(060)-3637/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(060)-3637/2021 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılmaları və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" KB ASC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021ci il tarixli, 2(060)-3637/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank hərrac vasitəsilə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilini almışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən 08.12.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyat aparılaraq, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzili "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 25.02.2021-ci il tarixli “ASAN-1” vasitəsilə əldə olunmuş Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır və bu şəxslərin həmin mənzildə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzildə hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə heç bir hüququ yoxdur. ünvan 1 ünvanı kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 02 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnamədinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan hərracın yekunları barədə 29/02 nömrəli protokolundan görünür ki, ünvan 1 ünvanı 19.10.2020-ci il tarixində hərraca çıxarılmış, ilkin hərrac qiyməti 52000 manat, təkrar hərracdakı ilkin satış qiyməti isə 44200 manat olmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanı 19.10.2020-ci il tarixində keçirilmiş hərracda 33150 manat qiyməti ilə "xxxx" KB ASC qalib olmuş və onun nümayəndəsi X4 ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC arasında müqavilə imzalanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı tam xüsusi mülkiyyət hüququ ilə iddiaçı "xxxx" KB ASC-nin adına qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı bank mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər və ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmiş, iddiaçı bank evi açıq hərracdan almış və mübahisəli ev tam mülkiyyət hüququ ilə iddiaçı bankın mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılmaqla həmin mənzilin boşaldılması nəticəsinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticəsi işin hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi olsa da, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən mənzil boşaldılaraq iddiaçı "xxxx" KB ASC-yə təhvil verilməsi nəticəsinə gəlmiş, bu da qətnamənin qeyd olunan hissədə dəyişdirilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «ünvan 1 iddiaçı "xxxx" KB ASC-yə təhvil verilsin» hissəsi qətnamədən xaric edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(060)-3637/2021 saylı qətnaməsi - «ünvan 1 iddiaçı "xxxx" KB ASC-yə təhvil verilsin» hissəsi qətnamədən xaric olunsun. Qətnamə - «Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılsınlar və həmin mənzil boşaldılsın» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar